Cəmiyyət 

“Ümumi təhsil haqqında” yeni qanun layihəsi hazırlanır

ARANTV.AZ xəbər verir ki, Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılmağa hazırdır. Layihə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunub. Qanun layihəsinə əsasən, Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək.

5 fəsil 33 maddədən ibarət “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyənləşdirməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. Sənəddə ümumi təhsilin 4 səviyyəsi müəyyənləşib. Bunlar məktəbəhazırlıq mərhələsi, 1-4-cü sinflər üzrə ibtidai təhsil, 5-9-cu siniflər üzrə ümumi orta təhsil, 10-11-ci siniflər üzrə tam orta təhsildir. Ümumtəhsil məktəbi ibtidai, ümumi orta, tam orta formasında ayrı-ayrılıqda da təşkil oluna bilər. Layihədə ilk dəfə olaraq əksini tapan məsələlərdən biri bu gün cəmiyyətin daha çox müraciət etdiyi repititorluqla bağlıdır.

Qanun layihəsində qeyd edilir ki, təmüyül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində bu sayın azalması siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. Ümumi orta təhsil icbaridir, eyni  zamanda ümumi təsil pulsuzdur. Ümumi təhsil müəssisənin təsisçisi dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilər. Yəni qanun layihəsinə əsasən, Azərbaycanda bələdiyyə məktəbləri də yaradılacaq. Sənəddə əksini tapan məsələlərdən biri də məktəblərdə vahid geyim formasının tətbiq edilməsidir. Belə ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyənləşmiş geyim formaları tətbiq oluncaq. Sənədin mühüm və başlıca cəhətlərindən biri gənclərə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar verilməklə yanaşı, onların vətənpərvər ruhda yetişdirilməsidir. Layihənin ikinci oxunuşda müzakiərsi zamanı milət vəkilərinin toxunduğu əsas məsələrdən biri dərsliklərlə bağlı oldu.

Qanun layihəsinə əsasən, Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Qanun layihəsi ilə yanaşı, ölkədə dövrün və zamanın tələblərinə uyğun olaraq Ümumi Təhsilin Dövlət standartlarının növbəti mərhələsi hazırlanır.

“Ümumi təhsil haqqında” qanun layihəsinin ardınca “Ali təhsil haqqında”  yeni layihə hazırlanacaq. Bu sənədlə yanaşı isə, “Təhsilin dövlət standartları haqqında” ayrıca bir qanunun hazırlanıb qəbul edilməsi də vacib sayıldı.

Millət vəkilləri çıxışlarında bir sıra təkliflər də səsləndirdilər ki, bunların da müvafiq sayılanları sənəddə əksini tapacaq.

Daha çox xəbərlər