Bu il ümumi uzunluğu min kilometrdən çox olan yolun tikintisi, təmiri və yenidən qurulması nəzərdə tutulub
ARANTV.AZ xəbər verir ki, bu il ümumi uzunluğu min kilometrdən çox olan yolun tikintisi, təmiri və yenidən qurulması nəzərdə tutulub. Yeni layihələr içərisində Bakı-Quba-Rusiya Federasiyası yolunun tikintisi də var. Yol 2020-ci ilədək istifadəyə veriləcək. İl ərzində 30-a yaxın kənddə də yolun tikintisi planlaşdırılır.
Bu il ümumi uzunluğu 1000 km-dən artıq olan 50 yol infrastrukturu layihəsi icra ediləcək. Bu, 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edir. Respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Həmin yolların siyahısı artıq tərtib olunub. Layihələrin 9-u respublika əhəmiyyətlidir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun uzunluğu 29,9 km olan hissəsində işlər sürətlə davam edir. Yolun birinci hissəsinin tikintisinə ötən il başlanılıb və artıq 7,5 kilometri hazırdır.
Bundan əlavə, 30-a yaxın kənddə, kəndlərarası yolların tikintisi nəzərdə tutulur. İl ərzində bu göstəricinin artması istisna deyil. Bakıda isə 9 layihənin icrası planlaşdırılır
Bununla yanaşı, Xəzər, Piralahı rayonlarında da yeni yollar salınacaq. Xətai rayonun ərazisində Həzi Aslanov metrosunun yanından Hadi prospektinin Nobel prospektinə kimi uzadılması da nəzərdə tutulur. Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı dövlət proqramında yeni tikilən yollarda velosiped zolağının olması əksini tapıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətində keçirilən iclasda da görüləcək işlərdən danışıldı. Agentliyin sədri Saleh Məmmədov dedi ki, uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.

