Binalarda yanğınlar: Tikinti şirkətlərinin artan məsuliyyətsizliyi, yoxsa…?
Son zamanlar yaşayış evlərində, binalarda yanğın hadisələrinin sayı artıb. Bəs buna səbəb nədir? Ehtiyatsızlıq ya qəsd?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, yanğınların baş verməsində hər hansı qəsd faktı qeydə alınmayıb:
“Yanğın təhlükəsizliyi qaydalarına idarə və müəssisələr, bazarlar, ticarət mərkəzləri, evlər, iaşə obyektləri bütün təyinatlı və özəl obyektlər Fövqəladə Hallar Nazirliyinin xüsusi irad və tövsiyyələrinə ciddi riayət etməlidir”.
“Yanğınlar baş verən zaman niyə yardım insan tələfatı olana qədər gecikdirilir?” sualına isə ekspert belə cavab verib:
“Binaların çoxunun həyətində yanğın üçün çən, yağın hidrantları, su dolabları yoxdur. Binanın giriş-çıxış yollarının üzərində maşınlar dayanır. Nəticə olaraq da yanğın söndürənlərin hadisə yerinə çatması gecikir”.
Elmar Nurəliyev, həmçinin, yanğın önləyici tədbirlər barədə də məsləhətlərini verib:
“Binanı tikən şirkətlər binanın su çəni, yanğın hidrantları, su dolabları, yanğın önləyici mexanizmlər və onları göstərəcək olan plakat ilə təchiz olunmasına, eləcə də plakatın gecə üçün işıqlandırılmasında məsuliyyət daşıyır. Bütün bunlara nəzarət etməli olan komendant isə bu bu vasitələrin yenilənməsinə ciddi nəzarət etməlidir.
Məsələ tək bununla bitmir. Vətəndaşlar maarifləndirilməlidirlər. Binaya giriş-çıxış yolları üzərində maşın saxlanılmamalıdır. Hadisə bir dəfə olur, buna görə də yanğınla bağlı sadə qaydalar var ki, onlar təbliğ olunmalıdır”.

