Sosial 

Dəniz mövsümü: Çimərlikləri çirkləndirməyin!

İnsanlar ətraf mühiti, xüsusilə də çimərlikləri çirkləndirmədən, təmiz istifadə  etmək vərdişinə yiyələnməlidirlər

Yay mövsümündə üz tutduğumuz  əsas ünvanlardan biri olan çimərliklər, həm də sanitar-gigiyena qaydalarına xüsusi olaraq əməl etməli olduğumuz məkanlardır. Hər kəs istəyidir ki, getdiyi çimərlik təmiz, səliqəli, bir sözlə ürəkaçan olsun. Əfsuslar olsun ki, bəzən arzuladığımızın əksi olan mənzərə ilə qarşılaşırıq. Suyun üzərində “üzən” zibil tullantıları, dənizin iyinə qarışan üfünət qoxusu, qumun hamarlağını pozan plastik qablar  və s.

Dənizin və dənizkənarı ərazilərin çirklənməsinin səbəbi nədir?

Mütəxəssislərin fikrincə, bu, bir çox  amillə bağlıdır. Bura Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən bəzi istirahət mərkəzləri və ictimai-iaşə obyektlərin, üzən vasitələrin, vətəndaşların ətraf əraziləri zibilləməsi daxildir. Bu da dənizin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır. Eyni zamanda ekoturizmin inkişafına da mənfi təsir göstərir.

Biz bu gün çirklənməyə səbəb olan insanlardan danışacağıq. Çimərliklərin və ətraf ərazilərin çirklənməsinin iştirakçıları olan bəzi vətəndaşlar anlamalıdırlar ki, ondan sonra başqaları da gəlib həmin yerdə istirahət edəcəklər. Heç kimsə başqasının tullantısını təmizləməyə borclu deyil. Bəziləri elə hesab edirlər ki, bu gün gəldim, istirahət etdim, bitdi. Nədənsə, bəziləri unudur ki, çimərliklər ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulub. Çimərliklərdən istifadə edənlər ətrafı çirkləndirməməlidir.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini öyrənməli və təbliğ etməliyikl.

Bəs, bu, məsələ ilə bağlı mütəxəssislər nə düşünür?

Bu çimərliklərə getməyin!

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “İki sahil”ə açıqlamasında bildirdi ki, bizi narahat edən əsas məsələlərdən biri dəniz suyunda bağırsaq çöplərinin həddindən artıq olmasıdır.  Bu isə insanlarda kəskin mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər: “Bundan başqa, baktereoloji müayinə üçün dəniz suyu götürülür. 1 litr suda icazə verilən bağırsaq çöplərinin miqdarı 5 mindir. Əfsuslar olsun ki, bakteroloji müayinələr üçün götürülmüş  dəniz suyu nümunələrində bu göstərici normadan dəfələrlə yuxarı olur. Ona görə bir neçə dəfə həmin ərazilərdə dəniz suyunun tətqiqatlarını aparırıq, nümunələrə götürürük və yekun nəticələr barəsində qərar qəbul edirik. Qaradağ rayonu ərazisində Sahil çimərliyi, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonu ərazisinda olan Hövsan çimərliyi və Xəzər rayonu ərazisində olan Türkan çimərliklərində dəniz suyundan götürülmüş laborator müayinələrin bakteroloji  göstəriciləri standarta uyğun gəlməyib. Ona görə də bu ərazilərdən vətəndaşlarımızın istifadəsi respublika baş dövlət sanitariya həkiminin müavini tərəfindən müvafiq qərarlarla qadağan olunub. Novxanı, Bilgəh, Mərdəkan, Zaqulba, Şüvəlan, eyni zamanda digər ərazilərdə olan çimərlikdən vətəndaşların istifadəsi məqsədəuyğundur.”

Həmsöhbətimiz çimərliklərdən istifadə edən vətəndaşlara çağırış edib: “Pandemiya dövründə profilaktik tədbir olaraq Operativ Qərargahın qəbul etdiyi  qərar əsasında ara məsafənin gözlənilməsinə, dezinfeksiyaedici məhlullardan istifadəyə əməl etmək lazımdır. Ətrafa məişət tullantıları atılmamalıdır. Antisanitariya virusun yayılmasına şərait yaradır.  Ona görə də tövsiyə edirik ki, Operativ Qərargahın  qəbul etdiyi qərarlara əməl etsinlər”.

Bəziləri sanki ətrafı çirkləndirmək üçün bir-biri ilə yarışa girir

Həkim-infeksionist Mərdan Əliyev “İki sahil”ə açıqlamasında qeyd etdi ki, bakteroloji çirklənmələr, tullantılar dəniz suyunda bağırsaq çöplərinin miqdarını artırır: “Bizdə bəzi yerlərdə dəniz suyunda bağırsaq çöplərinin miqdarı 15-20 mindir. Bu isə normadan çox yüksəkdir. Bağırsaq çöplərinin miqdarı çox olduqda isə  insanlar çimərkən tənəffüs yolları ilə mədə-bağırsaq sisteminə su daxil bilər. Bu isə mədə-bağırsaq xəstəliklərinə səbəb olur.  Hazırda əsas problem budur. Dəniz sahilinə yeyinti məhsulları, daha çox qarpız, qarğıdalı və digər qida qalıqları atılırş. Təəssüf ki, bəziləri buna diqqət etmir. Bəziləri sanki ətrafı çirkləndirmək üçün bir-biri ilə yarışa girir. Belə hallar yolverilməzdir. Hər birimiz çimərlikdən qaydalara uyğun olaraqistifadə etməliyik”.

İnfeksionist əlavə edib ki, çimərliklərdən istifadə edərkən pandemiya dövründə olduğumuzu da nəzərə almalıyıq: “Sosial məsafə mütləq şəkildə gözlənilməlidir. Tanımadağımız şəxslərlə söhbət edərkən 1 metr məsafədə durmaq lazımdır. Çünki kimdəsə xəstəliyin asimptomatik, yüngül gedişli forması ola bilər”.

Çimərliklərə atılan tullantılar həm çirklənməyə, həm də insan sağlamlığı üçün təhlükəli şəraitin yaranmasına səbəb olur

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin əməkdaşı, ictimai səhiyyə mütəxəssisi Şəhla Mirzəzadə qeyd edib ki, yay mövsümündə insanların çimərliklərə üz tutması özü ilə bərabərində   bir sıra problemlər gətirir: “İlk olaraq, insanlar çimərliklərdən düzgün istifadə etmə vərdişinə yiyələnməlidirlər. Çünki bəzi hallarda  bu cür yalnış istifadə çimərlikləri çirkləndirməyə səbəb olur. Nəticə etibarilə  çimərliklərə, ətraf-mühitə atılan tullantılar həm çirklənməyə, həm də insan sağlamlığı üçün təhlükəli şəraitin yaranmasına gətirib çıxarır. Müxtəlif məişət və tullantı məhsulları  ətraf mühitdə  çirklənmə ilə yanaşı antisanitar vəziyyət yaradır. Ətrafa plastik tullantıların atılması ekoloji vəziyyətin pozulmasına gətirib çıxarır. Bərk tullantıların ətraf-mühitə atılması, qumun üzərində gəzərkən müxtəlif zədələnmələrə gətirib çıxara bilər. Dəniz suyuna tullantıların atılması isə burada infeksiyalaşmaya, müxtəlif xəstəliklərin  yaranmasına səbəb ola bilər.  Eyni zamanda, dəniz canlıları üçün də bu, böyük təhlükədir. Nəticə etibarilə,  tullantıların ətraf-mühitə atılması  təkcə insan sağlamlığı üçün deyil, ümumilikdə dünya üçün təhlükədir”.

Mütəxəssis vurğulayıb ki, bu kimi neqativ hallarla mübarizə aparmağın ən başlıca yolu maarifləndirmə işinin təşkil olunmasıdır: “Maarifləndirmə işinin təşkili ilə bərabər insanların özləri də məsuliyyət hiss etməlidir. Burada sosial məsuliyyətdən söhbət gedir. Çünki çimərliklərdən hər kəs istifadə edə bilər. Bu baxımdan hər kəs təmiz şəkildə, ekoloji tarazlığı pozmadan çimərlikdən istifadə etməlidir. Bax, bu sosial məsuliyyət hissini formalaşdırmaq üçün düzgün maarifləndirmə işinin aparılması, təbliğat işlərinin həyata keçirilməsi çox böyük əhəmiyyətə malikdir. İnsanlar ətraf mühiti, xüsusilə də çimərlikləri çirkləndirmədən, təmiz istifadə  etmək vərdişinə yiyələnməlidirlər. Çünki çimərliklərin tullantılarla çirkləndirilməsi insan sağlamlığına, ekoloji tarazlığa mənfi təsir göstərən yalnış vərdişdir. Bu baxımdan hər kəs məsuliyyətini dərk edərək çimərlikləri təmiz saxlanmasına diqqət etməlidir”.

Daha çox xəbərlər