“Land of Fire” 13 qat Dünya Kubokunun qalibini məğlub etdi – FOTO/VİDEO
İsveçrənin Sankt Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “Snow Polo World Cup St. Moritz” dünya kuboku turniri davam edir.
ARANTV.AZ-ın məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun Vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirir.
25 yanvar tarixinə təyin olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Cartier” komandası ilə qarşılaşıblar.
Oyundan öncə tamaşaçılara Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında “Odlar Yurdu – Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş olunub.
Azərbaycan Respublikasının əməkdar məşqçisi Azər Həmzəyevin və əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi altında təmsilçilərimizin mürəkkəb və həyəcanlandırıcı, əzəmətli və təkrarolunmaz çıxışları tamaşaçıların zövqünü oxşamış, milli musiqimizin ecazkar sədaları onların duyğularını coşdurmaqla və qəlblərini isitməklə -15 dərəcə soyuqda Odlar Yurdunun hərarətini hamıya hiss etdirib.
Şou-kompozisiyadan dərhal sonra “Land of Fire” və “Cartier” komandalarının oyununa start verilib.
1985-ci ildən etibarən 35 illik tarixə malik qar üstündə dünya kubokunu 13 dəfə qazanmış, son 6 ildə isə 5 dəfə bu turnirin qalibi olmuş “Cartier” komandası turnirin debütantı olan idmançılarımızın müqaviməti ilə qarşılaşıblar.
Gərgin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 5,5:5 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da komandamız “Badrutt’s Palace Hotel” komandası ilə qarşılaşacaq.
oxu.az

