Azərbaycanda toylarda yemək verilməyəcək? – AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə Naxçıvanda toyların keçirilməsi ilə bağlı yeni qaydaların tətbiq olunması ilə bağlı xəbərlər yayılıb.
Məlumatda qeyd olunur ki, sentyabrın 1-dən etibarən Naxçıvandakı toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat təklif ediləcək.
Mövzu ilə əlaqədar deputat Elman Nəsirov Sonxeber.az-a açıqlama verib:
“Mən də ancaq sosial şəbəkələrdə bu barədə məlumat oxumuşam. Əlimdə rəsmi, təsdiqlənmiş məlumat olmadan, bu və digər məsələyə münasibət bildirməyi düzgün saymram. Çünki sosial şəbəkələrdə bəzən reallığı əks etdirməyən xəbərlər yer alır. Ona görə də bu barədə rəsmi məlumat olmadan şərh verə bilmərəm.
Lakin toylarımızdakı israfçılığın tam əleyhinəyəm. Sözün həqiqi mənasında ən zəngin ölkələrdən belə, Azərbaycana gələn insanlar bizim toy məclislərimizdə iştirak edərkən çox təəccüblənirlər. Bir yandan stolun zəngliyindən danışır, digər tərəfdən etriaf edirlər ki, belə toylar keçirmək çox çətindir və toy sahiblərinə çox baha başa gəlir. Eyni zamanda bu, həm də israfçılığın nümunəsidir. Mən israfçılığın hər zaman əleyhinə olmuşam. Hesab edirəm ki, bu sahədə inkişaf etmiş dövlətlərin, xüsusilə qardaş ölkə Türkiyənin təcrübəsindən istifadə edilsə, yaxşı olar”.

