Sosial 

Heyvanlara sevgi bəsləmək lazımdır, amma…

Qaydalara necə əməl edirik?

Paytaxtımızın elə mərkəzi küçə, meydan, park və ya xiyabanı olmaz ki, istirahətə gələnlər orada ev heyvanları, xüsusilə itlərlə rastlaşmasınlar. Bu itlərin arasında döyüş cinsləri də kifayət qədərdir. Amma acınacaqlı və təhlükəli hal odur ki, bu heyvanlar ictimai yerlərdə ağızlıqsız, bəzən isə xaltasız gəzdirilir. İtinin xaltasını açıb onu sərbəst gəzintiyə buraxanlar da az deyil. Təəssüf ki, bu heyvanların sahibləri ətrafdakı insanlar üçün nə qədər ciddi təhlükə yaratdıqlarının fərqinə varmırlar. Bəllidir ki, elə cins itlər var ki, onlar hər an ətrafdakı insanlara, hətta öz sahibinə belə hücum edə bilər. Belə hadisələr paytaxtımızda tez-tez baş verir. İt sahibləri ilə münaqişələr, qarşıdurmalar da yaşanır. Hətta vətəndaşların həyatlarını və ya sağlamlıqlarını itirməsi ilə nəticələnən hadisələr də olub. Beləcə, cəmiyyət qarşısına ciddi suallar çıxıb. Ev heyvanları necə saxlanılmalıdır, onlar necə, harada gəzdirilməli, təhlükəsizlik hansı formada təmin olunmalıdır?

Bəri başdan qeyd edək ki, bütün bu suallara əslində qanunvericilikdə cavab verilib. Müvafiq qanunlar, hökumət qərarları, tərəflərin hüquq və səlahiyyətlərini müəyyənləşdirən hüquqi aktlar var. Faktlar və şəhərdə hər gün müşahidə olunan “mənzərə” isə qanunvericiliyin tələblərinə kifayət qədər əməl olunmadığına dəlalət edir. Əfsuslar olsun ki, bir çoxları onların varlığından belə xəbərsizdir. Bəzi şəxslər elə zənn edirlər ki, istədikləri heyvanı saxlamağa, istədikləri yerdə, istədikləri formada gəzdirməyə haqları var. Əslində isə belə deyil. “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, “Ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.” Bu qaydalara əsasən heyvanların saxlanma şərtlərində qeyd edilir ki, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Təəssüf ki, bu şərtə əməl etməyənlərə rast gəlinir. Mənzillərini heyvan sığınacağına çevirən bəzi şəxslər orada onlarla canlını bir arada saxlayırlar. Hər halda, belə bir şəraitdə yaşamağa məhkum qonşuların halını təsəvvür etmək çətin deyil. Halbuki, paytaxtımızda dövlət tərəfindən yaradılmış və müvafiq şəraiti olan heyvan sığınacaqları fəaliyyət göstərir. Heyvansevərlər bir qədər də insansevərlik nümayiş etdirib küçələrdən topladıqları heyvanları mənzillərinə yığmaq əvəzinə bu sığınacaqlara təhvil versələr, bu, həm onların özləri, həm heyvanlar, həm də ətrafdakı insanlar üçün daha məqbul və faydalı olar.

Küçələrdəki sahibsiz heyvanların artmasının bir səbəbkarı da elə onların sahibləridir. Bəziləri bu işi əyləncə bilib, it və ya pişik sahibi olduqdan sonra çətinliyə düşən kimi onlardan imtina edib küçəyə atırlar. Əslində, buna görə məsuliyyət daşıyırlar. Qeyd olunan qaydalarda deyilir ki, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır.

Heyvanların saxlanma qaydalarını pozanlar unutmamalıdırlar ki, onlar buna görə inzibati məsuliyyətə cəlb edilə və əməllərinə görə yüksək məbləğdə cərimə oluna bilərlər. Lakin it sahiblərinin bir çoxu cəmiyyət qarşısında nə adi qaydalara, nə də ciddi tələblərə əməl edirlər. Eyni zamanda xatırladırıq ki, ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması ilə yanaşı, ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi qadağandır. Lakin bəzi heyvan sahibləri bu tələblərə riayət etmək əvəzinə, yeməkxanalarda, çimərliklərdə, ticarət obyektlərində başqa “hüquq”dan dəm vurur, insanları az qala borclu çıxarırlar.

“Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın sonuncu bəndi maariflənmə ilə bağlıdır. Burada qeyd edilir ki, yerli icra hakimiyyəti orqanları, Dövlət Baytarlıq Xidməti ev heyvanlarının saxlanması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan şəxsləri maarifləndirməli və onlarla müvafiq təbliğat işi aparmalıdırlar. Hər kəs öz hüquq, səlahiyyət və vəzifələrini bilməli, onlara ciddi əməl etməlidir. Belə olan təqdirdə hüquq, ictimai nizam, asayiş və canlılar arasında vəhdət pozulmaz.

Daha çox xəbərlər