Bakıda ana və iki övladına heroin satarkən saxlanılan şəxsə hökm oxundu
Bakıda narkotik satan zaman müştəriləri ilə birlikdə saxlanılan şəxs hakim qarşısına çıxarılıb.
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı ilə məşğul olan 1981-ci il təvəllüdlü Cavid Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması baş çatıb.
Məhkəmənin hökmü ilə Cavid Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.
C.Bayramov Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində saxlanılıb.
C.Bayramovun evindən 428 qram heroin, 2 kq qurudulmuş marixuana və 11 qram metamfitamin aşkar edilib.
Aparılmış araşdırmalarla ondan narkotik alan səkkiz müştərisi də saxlanılıb və onların üzərindən heroin aşkar edilərək götürülüb.
Belə ki, 1991-ci il təvəllüdlü Anar Səlimov, 1975-ci il təvəllüdlü Emil Əliyev, 1989-cu il təvəllüdlü Musa Əliyev, 1992-ci il təvəllüdlü Ülvi Mahmudov, 1976-cı il təvəllüdlü Səbinə Tanrıverdiyeva, 1997-ci il təvəllüdlü Fatma Tanrıverdiyeva, 2001-ci il təvəllüdlü Samir Tanrıverdiyev və 1989-cu il təvəllüdlü Novruz Seyfullayevdən müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb.
Müştərilərdən Fatma və Samir bacı-qardaş, Səbinə Tanrıverdiyeva isə onların anasıdır.
Qeyd edək ki, Cavid Bayramov əvvəllər də narkotik satışına görə məhkumluq yaşayıb.
Musavat.com

