Gündəm 

Rayonların yeni iqtisadi bölgüsü daha bir uğurlu nəticədir

Rayonların yeni iqtisadi bölgüsü Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsidir

Dövlətimizin başçısı İlham Əliyevin 7 iyul 2021-ci il tarixli «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında»  Fərmanı  tarixi reallığı və iqtisadi səmərəliliyi özündə ehtiva edir

Hər dövrün öz tələbləri vardır. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. 2003-cü ildən başlanan yolun mahiyyəti bundan ibarət idi ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. Son 17 ildə Azərbaycanın dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar əldə olunan uğurlu nəticələrdə öz əksini tapıb.  Prezident  İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Bu məqsədə uyğun olaraq ilk addım 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında» Fərmanın imzalanması oldu. Həmçinin regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Artıq bugünədək 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Regionlarla yanaşı,  Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olundu və uğurla icra edildi.  Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır. Bölgələrdə, kənd və qəsəbələrdə müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır.

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda,  dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir. Azərbaycan təcrübəsində insanların sağlamlığının qorunması ilə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, sosial dəstək proqramlarının uğurlu icrası əsas yer tutur. Azərbaycanın pandemiya ilə mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, hətta vaksinlərin alınması ilə bağlı dünyaya kasıb ölkələrə kömək etmək üçün çağırışlar etməsi də qlobal problemi birgə aradan qaldırmaq istəyini ortaya qoymaqla yanaşı, ölkəmizin iqtisadi və sosial imkanlarının təqdimatı oldu.

O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti əhatə edən Strateji yol xəritələri hazırlanaraq uğurla icra edilir. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, əhalinin sosial müdafiəsini gücləndirməkdir. İnkişaf Konsepsiyasında yer alan əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına, həmin dövrə qədər üç dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, eyni zamanda, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək idi. Konsepsiyanın imzalanmasından bu günə atılan addımlara, əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində iqtisadi tərəqqinin insanların gündəlik həyatında öz əksini tapacağını, əməkhaqqının, pensiyanın ildə ən azı iki dəfə artacağını bildirmişdi. Bu vəd də konkret əməli işdə öz təsdiqini tapıb. Ölkə Prezidentinin bütün çıxışlarında bu tezis önə çəkilir ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır. Həmçinin iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapır.

Azərbaycan bütün sahələrdə təcrübəsi ilə nümunə oldu. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü,  xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar yeni hədəfləri ortaya qoymaqla onların vahid icra mexanizminin müəyyənləşdirilməsini zərurətə çevirir. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə  yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də  yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Sənəddə də qeyd olunduğu kimi, son 17 ildə artan iqtisadi gücümüz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Əldə edilmiş Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır. Azərbaycan  postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.  Bir sözlə, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, İnkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır.

Dövlətimizin başçısı İlham Əliyevin 7 iyul 2030-cu il tarixli «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında»  Fərmanı  da Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Sənəd ümumilikdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının bölgələrimizin davamlı və tarazlı inkişafının təmin olunmasında, ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da güclənməsində əhəmiyyətini, 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasında güclü zəmin olduğunu açıqlayır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Ümumilikdə imzalanan son Fərman və sərəncamlar, təsdiqlənən Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Daha çox xəbərlər