Vaksinin üçüncü dozası: Buna ehtiyac varmı?
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Statistik göstəricilərə əsasən, ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 475 180, ikinci mərhələ üzrə isə 1 633 334 nəfər təşkil edir. Qısa zaman müddətində ölkə əhalisinin böyük bir qismi COVID-19 əleyhinə peyvənd olunub.
Koronavirus əleyhinə vaksinlənmə prosesi indiki sürətlə davam edərsə, Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna qədər dünya əhalisinin 30 faizinin vaksinasiyadan keçirilməsinə dair etdiyi çağırışa nail ola, hətta bu faizi ötə bilərik. Azərbaycanda vaksin olunmaq üçün qoyulan yaş məhdudiyyəti götürülüb və 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. Həmçinin Azərbaycanda 4 vaksin növündən – “SinoVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer”dən istifadə edilir. Beləliklə, peyvənd olunmamaq üçün əngəl yoxdur və vətəndaşlar ölkədə istifadə edilən vaksinlərdən istədiklərini seçib vurdura bilərlər. Vətəndaşların vaksin olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı tam vaksinasiya prosesindən keçmiş olacaq.
Son elmi araşdırmaların nəticəsinə və bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası aşağıdakı qərarları qəbul edib.
1. Xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
2. Peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Qeyd edək ki, artıq bəzi ölkələrdə də peyvəndlərin 3 və 4-cü dozaları vurulmağa başlanıb. Bütün bunlar isə vətəndaşlarımız arasında “ilk iki dozadan sonra əlavə dozaların vurulmasına ehtiyac varmı” sualının yaranmasına səbəb olub.
Bəs mütəxəssislər COVID-19 vaksinin üçüncü dozasını hansı hallarda və kimlər üçün zəruri hesab edirlər?
Son günlər COVID-19-a yoluxma statistikasında artım müşahidə olunur

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəlliməsi, mütəxəssis-infeksionist Nilufər Məmmədova məsələ ilə bağlı “İki sahil”ə bildirib ki, son günlər COVID-19-a yoluxma statistikasında artım müşahidə olunur. Bu, əhalinin soyuqdəymə şikayətləri ilə müraciətlərinin də artmasında da özünü göstərir. Onların əksəriyyətinin COVID-19 testi pozitiv çıxır. Müşahidələrimiz yenə də təsdiqləyir ki, risk qrupunda yaş faktoru önəmli rol oynayır. Belə ki, yaşı 50-dən yuxarı, vaksin olunmayan şəxslərin xəstəxanaya yatışı daha çoxdur.
Müxtəlif vaksinlərdə təkrar dozaların seçilməsi xəstəliyin yayılma intensivliyindən asılıdır
İnfeksionist vurğulayıb ki, xəstəlik yayıldığı müddətdə təkrar dozalardan istifadə oluna bilər. Bu zaman hansı vaksinin seçiləcəyi starategiyası mütəxəssislər tərəfindən qərarlaşdırılacaq. Bundan başqa, növbəti dozanın hansı müddətdən sonra vurulması, vətəndaşlara vaksinin növünü seçmə imkanının verilməsi məsələləri də müzakirə edilir.
“Delta” ştammına qarşı üçüncü doza kimi hansı vaksindən istifadə olunacaq?
Mütəxəssis qeyd edib ki, son günlər “Delta” ştammının dünyada daha geniş yayılması mütəxəssisləri bu ştamma qarşı hansı vaksinin effektiv ola biləcəyini araşdırmağa yönəltmişdir: “Yəni, müxtəlif məqalə və araşdırmalardan görürük ki, bir neçə vaksin var ki onlar “Delta” ştammına qarşı daha effektivdir. Onların bəziləri də ölkəmizdə hazırda da istifadə olunur. Ona görə də ölkəmizdə “Delta” ştammı yayılarsa və təsdiqlənsə ki, Azərbaycanda istifadə olunan vaksinlərdən hansısa biri “Delta” ştammına qarşı qoruyucu deyil, bu zaman həmin ştamma qarşı qoruyucu vaksinlərdən üçüncü doza kimi istifadə olunması gözlənilir.”
Üçüncü dozaya zərurət var. Ona görə ki…

Tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə bildirdi ki, vaksinasiya prosesi sürətlə davam edir: “Buna bariz nümunə olaraq, vaksinasiya olunan məntəqələrin qarşısındakı növbələri göstərə bilərik. İnsanlar əvvəllər vaksinasiya bir az şübhə ilə yanaşırdı. Amma indi vətəndaşlar vaksinasiya prosesində aktiv iştirak edirlər.”
Müsahibimiz əlavə etdi ki, artıq birinci və ikinci doza alan şəxslərin 6 ayı tamam olandan sonra üçüncü dozanı vurdurması mütləqdir. İnsanlar üçüncü dozanın vurulmasını müsbət qarşılamırlar. Amma onu demək istərdim ki, birinci və ikinci dozadan sonra yaranan antitellər təqribən 6 ay müddətində qanda qalır. Yəni, vaksinin təsir müddəti 6 aydır. Bu müddət bitdikdən sonra qanda antitellər qalmır və insan yoluxa, xəstəliyi ağır keçirə bilər. Ona görə də üçüncü doza vaksin olunmalıdır ki, qorunma müddətini daha 6 ay uzadaq. Vaksinasiyanın əhəmiyyəti ondadır ki, insan sabah yoluxduqda ya xəstələnməsin, ya da xəstəliyi yüngül keçirsin. Əgər, qanda antitellər qalmayıbsa, insan yoluxma zamanı xəstəliyi ağır keçirə bilər. Ona görə üçüncü doza vaksinin vurulmasına ehiyac var.
Üçüncü doza ilkin olaraq kimlərə vurulmalıdır?
Bu sualı cavablandıran V.Cavadzadənin qeyd etdi ki, üçüncü dozanın vurulmasının ilkin mərhələsində əsasən risk qrupuna daxil olan şəxslər nəzərə alınmalıdır : “Yaşı 65-dən yuxarı olan şəxslər risk qrupuna daxildir və ilkin olaraq onlara üçüncü doza vurulmalıdır. Daha sonra risk qrupuna daxil olan həkimlərə vurulmalıdır. Sentyabrdan məktəblərin açılması gözlənilir. Ona görə də hesab edirənm ki, üçüncü doza vaksin müəllimlərə də vurulmalıdır”.
Üçüncü dozada digər vaksin növündən istifadə etmək olar, amma…
İnfeksionist bildirdi ki, insanlar birinci və ikinci doza peyvəndi vurduran zaman hansı peyvənddən istifadə ediblərsə, üçüncü dozada da həmin peyvəndi vurdursalar yaxşı olar. Ayrı-ayrı peyvəndlərə orqanizmin immunitetinin cavabı müxtəlif ola bilər. Bu da immun sistemində müəyyən bir qarışıqlığa səbəb ola bilər. Amma, 6 aydan sonra üçüncü doza vurulan zaman qanda antitellərin miqdarı sıfıra bərabərdirsə, digər vaksin növündən istifadə etmək mümkündür.
Tam doza vaksin olunan şəxslər “Delta” ştammına qarşı dayanıqlı olacaq
Araşdırmalar göstərir ki, hər iki dozanı qəbul edən şəxslər “Delta” və “Delta+” ştammlarına qarşı 80 faiz qoruyuculuğa malikdirlər. Bir dozanı alan şəxslərdə bu qoruyuculuq 33 faizdir. Ümumiyyətlə, tam doza vaksin olunan şəxslər qanda antitellər yarandığına görə “Delta” ştammına qarşı dayanıqlı və dözümlü olacaqlar. “Delta” ştammı ayrı bir virus növü deyil ki, o sadəcə COVID-19-un mutasiya olunmuş versiyasıdır. “Delta” ştammının genetik quruluşu koronavirusun genetik quruluşuna həddindən artıq yaxındır. Belə deyək ki, COVID-19-un tərkibində olan 30 min amin turşusunun hər hansı birinin quruluşunda kiçik bir dəyişiklik mutasiya adlanır. Yəni, burada mutasiya gedib yeni virus növü əmələ gəlməyib. Bu baxımdan, hansı vaksindən istifadə olunsa, effektli olacaq.
Vaksinlərin qoruyuculuq qabiliyyəti arasında 3-5 faiz fərq ola bilər

Həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, hər iki dozanın qəbulundan 6 ay sonra antitellər tədricən azalmağa və itməyə başlayır. Bundan sonra qoruyuculuq qabiliyyəti itir. Ona görə də ikinci dozadan 6 ay sonra vaksinin vurulmasına ehtiyac var.
Üçüncü dozanın sırf “Pfizer” vaksinin olması ilə bağlı məsələyə aydınlıq gətirən mütəxəssis bildirdi ki, bu biznes maraqları ilə bağlıdır. “Pfizer” şirkəti özü deyir ki, bizim vaksin “Delta” ştammına qarşı daha yaxşı təsir göstərir. Bu, ola bilsin belədirər: “Amma, bu, o demək deyil ki, yeni ştamma qarşı yalnız “Pfizer” vaksini təsiri göstərir və mütləq şəkildə üçüncü doza “Pfizer” vaksini vurulmalıdır. Fikrimcə, vaksinlərin qoruyuculuq qabiliyyəti arasında 3-5 faiz fərq ola bilər. Hər iki doza almış şəxslərdə “Delta” ştammına qarşı qoruyuculuq tam məlum deyil. Bütün peyvənd şirkətləri öz vaksinlərinin “Delta” ştammına qarşı effektli olduğunu bildirirlər. Ümumilikdə bütün vaksinlər “Delta” ştammına təsir göstərir. Çünki bu ştamm COVID-19-un bir növüdür. Yeni heç bir virus əmələ gəlməyib. Digər vaksinlər də koronaviruasa və onun mutasiyalarına qarşı effektivdir. Lazım olarsa, bu vaksinlərin üzərində müəyyən qədər dəyişikliklər aparıb yeni vaksinlər də hazırlamaq mümkündür ki, effektivlik 100 faizə yaxın olsun.”
Bu ştammın yoluxuculuq xüsusiyyəti digərlərindən 60 faizə qədər yüksəkdir
M.Əliyev “Delta” ştammının xüsusiyyətindən də söz açıb: “Koronavirus daha böyük genə malik olduğu üçün digər viruslara nisbətən bunda mutasiya sürətlə baş verir. Bir genin dəyişikliyə uğraması nəticəsində yeni variant əmələ gəlib. Bu isə Hindistanda tapılan variantdır. Buna “Delta” ştammı deyilir. Əslində, bu variant hələ 2020-ci ilin sonlarında məlum idi. Amma, indi daha çox yayılmağa başlayıb. Bu ştammın həm yoluxduruculuq qabiliyyəti, həm virulent, həm patogenliyi, yəni, xəstəlik törətmə qabiliyyəti digərlərindən 60 faizə qədər daha yüksəkdir. Klinik xüsusiyyətlərinə görə daha çox qripin əlamətlərinə oxşayır. Hansı ki, koronavirusun original əlamətləri qripdən fərqlənirdi. Bu zaman burun quruluğu, iy və dad bilmənin itməsi olurdu. Amma “Delta” ştammında bu özünü qrip kimi digər kəskin respirator xəstəliklərə yaxın formada büruzə verir. Avropada yoluxmaların 50 faizindən çoxunu artıq “Delta” ştammı təşkil edir. Bu ştammın ölkəmizə gəlmə ehtimalı var. Çünki ölkələrarası gediş-gəliş prosesi həyata keçirilir. Qonşu ölkələrdə də “Delta” ştammının olmasını nəzərə alsaq, yeni ştammın ölkəmizdə də yayılma ehtimalı var. Sadəcə olaraq, bizdə bunu müəyyən etmək üçün zəruri analizlər çox deyil. Yəni, analiz aparatları bir-iki mərkəzdə var. Bu ştamm koronavirusun bir variantıdır. Virusa qarşı istifadə olunan profilaktik qaydalar burada da keçərlidir. İlk olaraq tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq, fərdi gigiyena qaydalarına tam və düzgün şəkildə əməl etmək lazımdır. ”

