Bütün peşələrin fövqündə dayanan müəllim adını gəlin bu ucalıqdan endirməyək
Əksəriyyət müəllim kontingenti sertifikasiyanı etirazla qarşılayır
Dahilərdən biri müəllimi, hətta əbədiyyətə hökm etmək iqtidarında olan gücə bənzədib. Müəllim peşəsi, müəllim statusu Azərbaycan cəmiyyətində də hər daim hörmətlə, xüsusi ehtiramla qiymətləndirilib, dəyərləndirilib. Bu mənada, müəllim adına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev dəfələrlə öz çıxışlarında dünyada müəllimlikdən yüksək ad tanımadığını, müəllim peşəsinə xüsusi önəm verilməsinin vacibliyini qeyd etmişdir. Lakin son günlər rəsmi və qeyri-rəsmi məlumatlardan çıxış etsək, müəllimlərin sertfikasiyası ilə bağlı məlumatlar əksər müəllimlər arasında ciddi etirazlara səbəb olub. Xüsusilə, pandemiyanın yaratdığı depressiyanın fəsadlarından yenicə xilas olan müəlimlər indi də, sözün əsil mənasında sertifikasiyanın depressiyasını yaşamağa məhkum olublar. Kiçik bir araşdırma zamanı qardaş Türkiyə dövləti də daxil, əksər Avropa dövlətlərində bizdəki kimi müəllimlərin sertifikasiyaya cəlb edilmə hallarına rast gəlmədik.Düzdür, dünyada elm də daxil bütün sahələrdə yeniliklər, pozitiv yönlü gəlişmələr baş verir, lakin bu yenilikləri təhsil də daxil digər sahələrə Azərbaycansayağı müncər etmirlər. Daha dəqiqi desək,qeyd olunan yenilikləri sertifikasiya formasında reallaşdırmırlar. O zaman ölkəmizdə müəllimlərinzaman-zaman sertifikasiyaya cəlb edilməsibelə bir qənaət ortaya qoyur ki, Azərbaycanın ali təhsil ocaqlarının verdiyi diplom öz funksiallığını yerinə yetirə bilmir, və məlum prosesin reallaşdırılması zərurəti qaçılmaz olur. Bəs, necə ola bilir ki, bu diplomlar bütün sahələrdə çalışan, məsələn nazirlər, millət vəkilləri və digər status sahiblərinin fəaliyyəti üçün məqbul sayılır, müəllimlərə gələndə qeyri-məqbul. Nəzərə alsaq ki, qeyd etdiyimiz və bütün sahələrdə çalışan bütünstatus sahibləri müəllimlərin verdiyi şəhadətnamə ilə fəaliyyət göstərirlər, o zaman necə bir paradoksal mənzərə ilə qarşılaşdığımız göz önündədir. Gerçək olan odur ki, müəllim adını yüksək tutan hər bir təhsil işçisi dünyada təhsillə bağlı baş verən yeniliklərlə müasir internetin yaratdığı imkanlar daxilində, onsuz da mütəmadi tanış olur və bu yenilikləri çalışdığı təhsil ocaqlarında şagirdlərlə bölüşürlər. Daha dəqiq ifadə etsək, şagird qarşısında hər zaman müəllim adını müqəddəs tutmağı özünə borc bilən müəllim, bütün vasitələrlə öz bilik bacarıqlarını hər zaman təkmilləşdirir, dünyada baş verən yeniliklərə biganə qalmır.
Bütün bu deyilənlərdə çıxış etsək, Azərbaycanda ümumi bir müəllim toplusu sertifikasiyanın keçirilməsinə etiraz edirlər. Görəsən, müəllimin maaşı az olduğu bir məkanda,pandemiya sonrası əsəblərin tarıma çəkildiyi bir məqamda sertifikasiyanın keçirilməsi hansı zərurətdən irəli gəlib?Nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə müəllim peşəsinin daşıyıcısı olan valideyinlərin övladları şəhid, qazi olublar, görəsən belə bir qərar qəbul ediləndə bu insanların halını düşünən olubmu? Sosial şəbəkələrə diqqət yetirsək müəllimlərin sertifikasiyaya cəlb edilməsinin necə bir ictimai qınaqla qarşılandığı aydın görmək olar. Hətta, bu prosesin dayandırılması məqsədilə xeyli sayda müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Bu məsələdə yaşlı müəllim kateqoriyasından olan müəllimlərə eyni müstəvidən yanaşılması da böyük ədalətsizlikdən xəbər verir. Uzun illərböyük təcrübəyə yiyələnən müəllimlərə belə bir müstəvidən yanaşmaq hansı ədalət prinsiplərinə cavab verir. Bəs, 44 günlük zəfər müharibəsinin belə bir uğurlu nəticə ilə bitməsində müəllimlərin əməyini hara yazaq? Qəhrəmanlıq dastanı yazan Azərbaycan əsgərinə vətənpərvərliyi, yurd sevgisini aşılayan müəllimlərin əməyi ölçüyə gəlməzdir. Bütün bu təlim-tərbiyə, vətən, yurd sevgisi müəllim ocağından bəhrələnir. Bu ocağı söndürməyə cəhd edənlər, əslində millətin, dövlətin işıqlı gələcəyinə, sözün əsil mənasında qənim kəsilənlərdir. Ya bilərəkdən, yaxudda ki, bilməməzlikdən. Fərqi yoxdur, hər iki halda bu məsələdə zərər görən bütövlükdə dövlət və millətdir.
Cavabdeh qurumlar inanaq ki, müqəddəs peşə sahibləri olan yüzminlərlə müəllim ordusunun narazılıqlarını nəzərə alıb yersiz və vədəsiz qəbul etdikləri bu qərardan imtina etməklə daha doğru seçim etmiş olacaqlar. Bizlərə təhsil verən, işıqlı yol göstərən müəllimlərə belə süni maneə yaratmaqla, əslində özümüzə, bütövlükdə millətimizəişıqsız, yolsuz bir gələcək vəd edirik. Bütün peşələrin fövqündə dayanan müəllimlik peşəsini gəlin bu cür məntiqəsığmayan işlərlə bu ucalıqdan endirməyək. Əgər bu gün bizlər bəşəriyyətin inkişaf səviyyəsindən, elmi-texniki nailiyyətlərdən böyük məmnunluqla danışırıqsa, ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Xatırladaq ki, dünya ölkələrində 1966-cı ildən bəri YUNESCO-nun tövsiyə xarakterli sənədi ilə hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Ümid edək ki, aidiyyatı qurumlar sertifikasiyanın keçirilməsini böyük narazılıqla qarşılayan yüzminlərlə müəllim ordusunun etirazına məntiqi yanaşıb, üzümüzə gələn 5 oktyabr tarixini müəllimlərə həqiqi bir bayram əhval-ruhiyyəsi yaşadacaqlar.
Şeyda Əzizova
“AranMedia” qəzetinin baş redaktoru

