Daha bir “Abad həyət” sakinlərin istifadəsinə verilib
ARANTV.AZ xəbər veir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırlamasına diqqət yetirilir. Bir çox küçə və prospektdə yaşayış və parkların müasir, zövq oxşayan forma və üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir. Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da abadlıq işləri aparılır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə “nümunəvi həyət”lərin salınması görülən işlərin tərkib hissəsidir. Son bir neçə ay ərzində rayon ərazisində müxtəlif parklar, həmçinin bir sıra binaların qarşısında 17 yeni abad məhəllənin salınması ilə bağlı işlər görülür. Bu məhəllələrdən bir neçəsi, o cümlədən Məmməd Rahim küçəsindəki abad həyət artıq sakinlərin istifadəsinə verilib.
Ümumiyyətlə, abad həyət salınan məhəllələrdə özbaşına zəbt edilən, müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, təmizlik işləri aparılıb. Abadlaşdırılan və yenidən qurulan Məmməd Rahim küçəsinin asfalt örtüyü tamamilə yenilənib. Həyətin işıqlandırma sistemi tam təmin olunub. Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həmin massivdə uşaq əyləncə, futbol meydançaları, oturacaqlar, işıq dirəkləri quraşdırılıb. Ümumiyyətlə, rayonda abad məhəllə salınan küçə və ərazilərdə ağaclar, kollar və güllər əkilib, qazon salınıb, uşaqlar üçün əyləncə avadanlıqları quraşdırılıb, sakinlərin istirahəti üçün söhbətgahlar yaradılıb. Sakinlərlə görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən abadlıq quruculuq işlərindən, həmçinin bu istiqamətdə rayonda həyata keçirilən layihələrdən danışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi və “Məktəb bağları” layihəsi də uğurla reallaşdırılır.

