DİM qəbul imtahanları keçirəcək
ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da inzibati dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçiriəcək. İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı iyulun 27-də başa çatır. Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, inzibati rəhbər vəzifə üzrə ümumilikdə 1162 vakant yer var. İmtahan kompüter vasitəsilə aparılacaq. Müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Müvafiq sertifikata malik olanlar, vakant yerlərin müsabiqəsində iştirak etməklə yüksək dövlət qulluğu vəzifələrini tuta bilərlər.
İyulun 26-da isə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. İmtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılacaq. Prosesin idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb ediləcək. İmtahanda 31 min 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 min 993 abituriyent 2-ci, 16 min 911 abituriyent isə 3-cü qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 29 min 370 nəfəri Azərbaycan, 2 min 534 nəfəri isə rus bölməsinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və 3 saat davam edəcək.

