Azərbaycanda mavi yanacağa təlabat tamamilə ödənilir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan heç bir dövlətdən mavi yanacaq idxal etmir və ölkədə daxili təlabat tamamilə ödənilir. SOCAR-ın hasil etdiyi təbii qazın 89 faizə yaxını daxili tələbata-sənaye müəssisələrinin işinə və əhalinin istehlakına yönəldilib. Bu isə 11,2 milyard kubmetr həcmində təbii qaz deməkdir.
Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə ölkədə istehsal edilən mavi yanacağın böyük həcmi əhalinin istehlakına sərf olunur. SOCAR-ın hasil etdiyi qazın hamısı ölkədə daxili tələbata istiqamətləndirilib və ötən il bu məqsədlə 11,2 milyard kubmetr həcmində təbii qaz istehlak edilib. Bu da daxili bazarın tam ödənilməsini təmin edib. Bu isə ümumilikdə SOCAR tərəfindən bazarlara çıxarılan təbii qazın 89 faizinə bərabərdir. Qazın 2 milyard kubmetrə yaxın hissəsi isə yeraltı qaz anbarlarına vurulub. Artıq qaz anbarları da tam dolub. Builki qaz toplama mövsümündə anbarlara əvvəlki illərdən daha çox – 3,1 mlrd. kubmetrdən çox qaz tədarük edilib. Hazırda ölkə ərazisinin qazlaşdırma səviyyəsi 95 faizə çatdırılıb. Təkcə ötən il 150 yaşayış məntəqəsi qazlaşdırılıb. Proses davam etdirilir. İndi hədəf bir neçə evdən ibarət yaşayış məntəqəsinin belə mavi yanacaqla təmin olunmasıdır. Bu il Qubanın daha 4 kəndinin də qazlaşdırılması planlaşdırılıb. Rayonda son iki ildə 8 kəndə mavi yanacaq verilməklə, qazlaşdırılan yaşayaş məntəqələrinin sayı 63-ə çatdırılıb. Rayonun Güneyməhəllə kəndinin sakinləri isə ötən ildən təbii qazdan istifadə edirlər. 75 abonenti olan kəndin qazlaşdırılması üçün paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kənd qazlaşdırıldıqdan sonra əhalinin işi özlərinin də dediyi kimi xeyli rahatlaşıb. Qazlaşma turizmin inkişafına da təkan verib.
Biləsuvar rayonunun Əskərabad kənd sakinlərinin də artıq qazla bağlı problemi yoxdur. Kəndin sakinləri bir neçə ildir təbii qazdan istifadə edirlər.
Ümumilikdə isə indi ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 173 min 748-ə çatıb. Azərbaycandan ixrac olunan qaz isə əsasən, beynəlxalq konsorsium tərəfindən Şahdəniz yatağından hasil edilən qazdır. Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11% çoxdur.

