Nə status var, nə Dağlıq Qarabağ
Dövlətimizin başçısı İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində postmüharibə dövrünün reallıqlarından bəhs edərək bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını ünvanladı
“Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz.” Dövlət başçısı İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin statusu ilə bağlı işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən səsləndirilən sərsəm bəyanatlara münasibətində bu məqamı da xüsusi qeyd etmişdir ki, bu çağırışı ilə Ermənistana və ona dəstək verən dövlətlərə ciddi mesajlarını çatdırdı. «Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur!» söyləyən ölkə Prezidenti diqqəti 7 iyul 2021-ci il tarixli Sərəncam əsasında iqtisadi rayonların yeni bölgüsünün aparılmasına yönəldib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Ermənistanın və ona havadarlıq edən dövlətlərin apardığı qərəzli təbliğatlara tutarlı cavabdır. Cənab İlham Əliyev qeyd olunan müsahibəsində bu tarixlərə də xüsusi diqqəti yönəldir ki, 7 iyul 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Amerikada bir milyona yaxın, Fransada 500 mindən, Marsel şəhərində 100 mindən çox erməni yaşayır. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Ermənilər orada bizim ərazimizdən daha əvvəl yaşamağa başlayıblar: «Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox.»
Reallıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə yeni səhifə açılıb. Regionda yeni reallıqlar yaranıb. Azərbaycan diktə edən tərəf kimi çıxış edir. Qarşı tərəfə sülh razılaşmasını təklif etsə də havadarlarının dəstəyi ilə Ermənistan hələ bu razılaşmanın vaxtı olmadığını bildirir. İşğalçı dövlət 30 ilə yaxın dövrdə sülh danışıqlarına imitasiya naminə qatıldığının ab-havasından çıxmasa da, 44 günlük Vətən müharibəsindən aldığı dərsi unutmayıb. Azərbaycan 30 ilə yaxın dövrdə sülh danışıqlarına sadiqlik nümayiş etdirərək bunu atdığı addımları ilə təsdiqlədi. Ermənistan gah danışıqlara sadəcə danışıq olaraq qatıldı, gah da müxtəlif bəhanələrlə yayınmağa üstünlük verdi. Azərbaycan dövləti ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını bəyan edərək istər işğalçı Ermənistana, istərsə də dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara mesajlarını ünvanladı. Beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlər üçün eyni şəkildə tətbiqinin vacibliyi daha çox səsləndirilən bəyanatlar sırasında yer aldı.
Bu gün dünya özünün yeni reallıqlarını yaşayır. Bu reallıqların yaradılmasında 30 illik müstəqillik tarixinə malik olan gənc Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun böyük rolu vardır. Azərbaycan xalqının nə qədər qürurlu, yenilməz, məğrur xalq olduğunu dünyaya çatdıran 44 günlük İkinci Qarabağ müharibəsi ilə otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandanımızın bu uğurlarının təməlində ulu öndər Heydər Əliyevin siyasi kursunun əsas prinsipləri dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin ruhu şaddır.
Bu gün Qarabağın döyünən ürəyi olan Şuşamız azaddır. Şuşada, Cıdır düzündə səslənən müğamımız, tolerant, multikultural dəyərlərə böyük töhfə verən ölkə olduğumuzun təsdiqi kimi, müxtəlif millətlərin, xalqların təqdim edilən musiqi yaradıcılığı, iki qardaş, dost ölkə-Türkiyə və Azərbaycan arasında Müttəfiqlik sənədinin-Şuşa Bəyannaməsinin imzalanması, Novruz tonqallarının yandırılması, həmçinin bu günlərdə birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramının qeyd olunması 28 il işğal altında olsa da əyilməyən, sınmayan, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qoruyan Şuşanın tarixi sahibinə yayıtdığı üçün yaşadığı sevincin nümayişidir. Dövlət başçısı İlham Əliyevin «Şuşa sən azadsan! Şuşa biz səni dirçəldəcəyik!» çağırışı bu gün reallıqda öz əksini tapıb. 28 il səbirsizliklə gəlişimizi gözləyən musiqi beşiyimiz bu istəyinə çatdığı üçün qururludur. Müstəqilliyimizin ilk illərinin çətinliklərindən, vətəndaş müharibəsindən çıxmış ölkə, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya, amal, torpaqlarımızın azad edilməsi uğrunda birləşdirdi. Xalqımız bu milli birliyi, milli həmrəyliyi təmin edə bildi. Tarixi Zəfərimizdə bu amilin rolu böyükdür. Torpaq, Vətən sevgisi, bir qarşı torpağı belə düşmənə verməmək əzmi, gücü Qələbəmizi şərtləndirdi. Ulu Öndər bildirmişdir ki, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir. Həmçinin Şuşanın ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulamışdır: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-a yaxın xarici mətbuata çoxsaylı müsahibələrində «Şuşasız işimiz yarımçıq olar» bəyan etdi.
«Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə hazır olmalıyıq» söyləyən Ulu Öndər sanki uzaqgörənliklə dünəndən bu günə səslənmişdir. “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını təmin etmək üçün lazımdır» tezisi müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordunun güclü, qüdrətli olmasının müharibə şəraitində yaşayan ölkə üçün önəmini bir daha nümayiş etdirirdi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!» əmrinin verilməsi ilə başlanan yol Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsinə qədər gəlib çatdı. Dövlət başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatına cavab olaraq söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi» 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.
Bunları bir daha təhlil etməyimiz səbəbsiz deyil. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ermənistan keçmişlə yaşasa da Azərbaycan daim irəliyə baxır, hədəflərə doğrü irəliləyir. Təbii ki, ermənilərin illərdir xalqımızın başına gətirdikləri faciələr, Vətən müharibəsi zamanı, həmçinin 10 noyabr razılaşmasına əsasən Kəlbəcər, Ağdam və Laçını boşaldarkən törətdikləri vəhşiliklər unudulmayıb, həmişə xalqımızın yaddaşında qalacaq. Yeni reallıqlara uyğun yeni addımların atıldığı bir zamanlarda Ermənistanın atəşkəsi pozmaq, təxribatlar törətmək cəhdləri birmənalı qarşılana bilməz. Təbii ki, bu yolu tutmalarında dünyanın göstərdiyi diqqət və dəstək də az rol oynamır. Təbii ki, atılan addımlara, törədilən təxribatlara görə ciddi təzyiqlər göstərilsə də Ermənistan çətin ki, bir də belə istəkdə bulunar. Fransa kimi ikili siyasəti, erməni sevgisini nümayiş etdirən dövlətlər istər 30 ilən yaxın işğal zamanı, istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə çirkin niyyətini qabarıq şəkildə ortaya qoyaraq maraqlarını Ermənistanın vasitəsilə həyata keçirməyə cəhd göstəriblər. Fransa parlamentinin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini qəbul etməsi də Azərbaycanın Qələbəsini həzm edə bilməmələrindən irəli gəlir. Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmayan bu sənədlər Fransa kimi özünu «ədələt carçısı» kimi təqdim edən dövlətlərin siyasətinə işıq salır.
Bu günlərdə Cənubi Qafqaz regionuna səfəri çərçivəsində ölkəmizdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunun, postmüharibə dövrünün reallıqları ilə barışmağın zamanı olduğunun təsdiqidir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı yüksək dəyərləndirməklə yanaşı, Şarl Mişelin Ermənistanda olarkən sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətməsinə də münasibətini bildirərək qeyd etmişdi ki, sözün düzü, mən bu ifadə ilə razı deyiləm: «Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik.» Şarl Mişel Ermənistanda bəyan etmişdi ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstanda isə bəyan etmişdi ki, Avropa İttifaqı Gürcüstana 2,3 milyard avro vəsait ayıracaq. Azərbaycana isə heç bir vəsait ayrılmır. Cənab İlham Əliyev bu mövqenin ədalətsiz olduğunu bildirir. Belə əsaslandırılır ki, Azərbaycan Cənubi Qafqazın həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından ən böyük ölkəsidir. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir: «Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir.»
Göründüyü kimi, bütün hallarda dünyanın qlobal güc mərkəzləri müxtəlif adlar altında Ermənistana dəstək göstərməkdə maraqlıdırlar. Bu, dünyanın hüquq problemini yaşadığını açıq-aşkar ortaya qoyur. Ədaləti maraqların arxasında əridən dünyadan ədalətli yanaşma gözləmək 30 ildə nə qədər mümkünsüz idisə, bu gün də bu və ya digər şəkildə özünü təsdiqləməkdədir. Amma Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ən çox zərər görən tərəf olsa da 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətimiz bütün bu nisgilli anları unutdurdu. Çünki hazırda işğaldan azad edilmiş torpaqlarımızda canlanma yaşanır. Quruculuq-bərpa işləri geniş vüsət alıb. Qısa dövrdə yüksək nəticələr əldə etmək Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Tarixi Qələbəmiz ermənilərin bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır. Bəs nə oldu? Azərbaycan Ordusu bu mifi darmadağın etdi. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Bu reallıq da təsdiqləndi ki, Birinci Qarabağ müharibəsində ermənilər xarici dəstək hesabına üstünlük qazanmışlar. Ölkə Prezidenti İlham Əliyev bu cağırışı etmişdir: «Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi.»
Azərbaycan və Ermənistan arasında fərqin ümumi mənzərəsi belədir: bir tərəfdə praqmatik, realist siyasət nəticəsində cənnət quran Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirən Ermənistan. Bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri, digər tərəfdə təxribat və terror həyata keçirən, reallıqla barışmayaraq hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgəri. Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh sazişini təqdir etməli, bölgədə əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərə qoşulmalıdır.

