Reallıqla barışmaq istəməyən Ermənistanın «atəş» hikkəsi
Daşkəsəndə Azərbaycan Televiziyasına müsahibəsində ermənilərin təxribatlarının özləri üçün pis nəticələnəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayan işğalçı atəşkəsi pozmaqla psixoloji, mifoloji «xəstəliklərinin» sağalmadığını bildirir
Həmin müsahibəsində işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, bölgədəki canlanmadan bəhs edən Prezident İlham Əliyev son günlərdə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan Ermənistanın Şuşanı, Naxçıvanı, Kəlbəcəri atəşə tutmasına da münasibət bildirib: «Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır.»
Atalarımız deyib ki, bir dəfə palçığa batanın eyni yerdən təkrar keçməsi onun ağlında problemin olmasına işarədir. Yəni, ermənilər kimi. Azərbaycan ərazilərində təxribatlar törədən ermənilər Milli Ordumuz tərəfindən ciddi qulaqburması alıb, dəfələrlə məğlubiyyətə uğrayıb, fizionomiyalarına uyğun yekə burunları ovulsa da yenə də xəyanətlərindən əl çəkmirlər. 2016-cı ilin Aprel döyüşləri, Günnüt əməliyyatları zamanı cavablarını itkiləri ilə alan Ermənistan üçün bu tarixi hadisələr də dərs olmadı. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə Ermənistanın sabiq və indiki başçılarına verdiyi qətiyyətli cavabları ilə siyasi iradə nümayiş etdirən və hədəfə hesablanmış təhlilləri ilə dünya siyasətçilərinin rəğbətini qazanan Prezident İlham Əliyevin açıqlamaları qarşısında acizliyini nümayiş etdirən, Fransanın Rambue qəsrində keçirilən görüşdə qarın ağrısına tutulanların hələ də «siyasətdə mən də varam» görüntüsü yaratması psixi çatışmazlığın işarəsidir. Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın «nöqtə»sini «nida»sı ilə sıradan çıxaran Prezident İlham Əliyevin qətiyyəti tarixi hadisə olmaqla həmkarlarının da etiraf etdiyi kimi, siyasi iradənin təzahürü idi.
Aldıqları zərbələrdən nəticə çıxarmayaraq ötən ilin iyul ayında Tovuzda yenidən təxribat törədən və 44 gün davam edən İkinci Qarabağ müharibəsində hərb tarixində bənzəri olmayan məğlubiyyətə uğrayan ermənilərin son günlərdə yenə də atəşkəsi pozmaları siyasi həyasızlığın heç yerdə görünməyən üzqarasıdır. Vətən müharibəsində «qüdrətli orduları» Azərbaycan əsgərləri tərəfindən darmadağın edilən Ermənistanın yenidən təxribatlar törətməsi uşağın odla oynaması təsəvvürü yaradır. Onların son günlərdə bəzi bölgələrimizi atəşə tutması «keçi suyu bulandırması»na və yaxud « milçək bir şey deyil, sadəcə ürək bulandırır» məsəlinə bənzəyir.
Bu ilin iyun ayında keçirilən seçkilərdə opponentlərinə azacıq fərqlə qalib gələrək seçicilərin «etimad qazanan» Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sanki ötən ilin 10 noyabrında imzaladığı Bəyanatın şərtlərini unudub. Əslində Nikol elə bir cəsarətin sahibi deyil ki, üç dövlətin iştirakı ilə imzalanan sənədə biganəlik göstərsin. Dünyanın siyasət müstəvisinin «şahmat taxtası»ndakı gedişləri təhlil edənlər , politoloqların «qaynar qazana» bənzətdikləri Cənubi Qafqazda baş verənləri istədikləri səmtə yönəltmək istəyənlərin hegemonluq niyyətlərindən xəbərdar olanlar bilirlər ki, «atəş» və « dur» əmrləri eyni mənbədən, maraqlı qüvvələr tərəfindən verilir. Paşinyan sadəcə əmr qulu kimi icraçıdır. Əslində, «atəşkəs oyunu» Ermənistanda daim hiss olunan daxili gərginliyi diqqətdən yayındırmaq üçün edilən manipulyasiyadır. Bu atəşkəsin bumeranq effektini dəfələrlə hiss edən işğalçının eyni vəziyyətin təkrar olunacağına da şübhəsi yoxdur. Çünki Azərbaycanın gücünü, hərbi qüdrətini dəfələrlə hiss edən Ermənistan aydın başa düşür ki, bu «atəşlər» sonda onun özünü yandırır .
İkinci Qarabağ müharibəsi başa çatsa da , kapitulyasiya aktı imzalansa da maraqlı dairələrin istəklərinə uyğun hələ də sayıqlayaraq «Dağlıq Qarabağ» söyləyən Nikol Paşinyanın «status» problemini Azərbaycan birdəfəlik həll edib. Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanda olarkən «Dağlıq Qarabağ”» və «status”», «mübahisəli ərazilər”» sözlərini işlədən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Bakıdakı görüşlərində eyni ifadələri təkrar etməməsi Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə, diplomatiyasına və Zəfərinə ehtiram və hörmət idi.
Adı çəkilən müsahibəsində bu «fərqliliyə» münasibətini «Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik» sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ deyil: «Ona görə biz bu psixoloji durumu nəzərə almalıyıq… Ona görə boş-boşuna havanı silkələmək lazım deyil. Şarl Mişelin statusu, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ.»
Müsahibədə qeyd olunduğu kimi, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi Azərbaycanın mövqeyinə hörmətidir. Azərbaycan xalqının narazılığına səbəb olan və Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənsə belə 25 min insan üçün status yaratmağın özü məntiqə uyğun deyil.
Dövlət başçımız İlham Əliyevin «Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə – bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə» sözləri Ermənistanın xunta rejimini revanşist çağırışlar səsləndirməyə vadar edənlərə cavabıdır. Prezident İlham Əliyev onu da vurğulayır ki, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox.
Ermənistanı yeni müharibəyə sövq edənlərin Azərbaycana ikili standartlardan yanaşmasının, ədalətsizliyin bir nümunəsi də Avropa İttifaqının Ermənistana 2,6 milyard, Gürcüstana 2,3 milyard avro vəsait ayırması müqabilində müharibədən daha çox əziyyət çəkən, əraziləri, tarixi abidələri ermənilər tərəfindən dağıdılan Azərbaycanı «unutmasıdır.» Dövlət başçımızın vurğuladığı kimi, Aİ bu ermənipərəstliyin səbəblərini də açıqlamalıdır. Hansısa diplomatik sözlər arxasında gizlənməməliyik. Ermənistana verilən qədər vəsait eyni şərtlərlə bizə də təklif olunsun. Biz o təklifi qəbul edəcəyik, etməyəcəyik bu, başqa məsələdir.
Əsas odur ki, Azərbaycanın siyasi leksikonuna «Zəngəzur dəhlizi» sözü yenidən yazılıb. Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizindən yazır, siyasətçilər bu dəhlizin əhəmiyyətindən bəhs edirlər. Yəni, Ermənistan artıq sülh müqaviləsini imzalamalıdır. Sərhədlərin delimitasiyası ilə bağlı Avropa İttifaqının, Türkiyənin, Rusiyanın mövqeyinin vəhdət təşkil etməsi bu reallığı təsdiq edir. Azərbaycan ərazilərini atəşə tutan, başqalarının diktəsi ilə təxribatlar törədən Ermənistan unutmamalıdır ki, dəmir yumruq yerində, Prezident İlham Əliyevin «Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”» sözləri qüvvədədir.

