“Statusu” orda axtarın!.. – Prezident İrəvana və havadarlarına dəqiq ünvan göstərdi
İlham Əliyevdən bəlli mərkəzlərə və çevrələrə daha bir xəbərdarlıq mesajı: qalib Azərbaycanın qələbəsini kimsə oğurlaya bilməyəcək və… nida işarəsi!..
Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrü üçün ölkəmizin qətiyyətli mövqeyini srağagün bir daha birmənalı şəkildə ortaya qoydu. Lazımi ünvanlara sərt mesajlarını və ismarışlarını çatdırdı. Rusiyalı həmkarı Vladimir Putin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərdən sayılı günlər sonra AzTV-yə verdiyi müsahibədə ölkə başçısı xüsusən də “status” deyib duran, bu mövzu ilə siyasi hoqqabazlığa davam edən rəsmi İrəvan və onun gizli-açıq havadarlarına, o sırada özünü bizə strateji tərəfdaş kimi göstərib ayağımızın altını qazıyanlara, arxamızda oyunlar quranlara şans saxlamadı.
Sirr deyil ki, Ermənistan rəhbərliyi 9 aydır müstəsna olaraq status mövzusu hesabına “Dağlıq Qarabağ konflikti”nin bitmədiyi haqda beynəlxalq rəyi çaşdırmağa, bu yolla Qərbdəki ənənəvi dəstəkçilərini regiona, daha dəqiqi, qanuni ərazilərimizə (sərhəd bölgəsinə, Qarabağa) cəlb eləməklə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır.
Ancaq bütün bunlar əbəs cəhdlərdir. Kapitulyasiya edən, aylardır dərin iqtisadi böhran içində çabalayan məğlub və “izqoy” Ermənistan bununla sadəcə, öz qızıl kimi vaxtını itirir, özünə quyu qazıyır, özünə pislik edir. Çünki onun tək xilası nə qədər gec deyil, Azərbaycanın yaratdığı yeni gerçəyi qəbul edib Bakı ilə barışığa nail olmaqdır, nəinki sadəlövhcəsinə bəzi paytaxtların “dirijor çubuqları” altında rəqs edib 10 noyabr 3-tərəfli sazişi sabotaj eləmək, xam xəyallara düşmək. Prezidentin son müsahibəsinin qayəsində də əslində elə bu xəbərdarlıq dayanır: qalib Azərbaycanın qələbəsini kimsə oğurlaya bilməyəcək və… nida işarəsi!..
*****
“Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil”.

Həm də xəbərdarlıq xarakteri daşıyan bu sitat İlham Əliyevin srağagünkü müsahibəsindəndir.
“Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar”, – deyə Prezident İrəvanın ünvanına növbəti, hədə kimi mesaj göndərib.
Ölkə başçısı haqlı olaraq vurğulayıb ki, ermənilərin məyusluğu yenə də xülyalarla yaşamaqdan, postmüharibə reallıqları ilə barışa bilməmələrindən qaynaqlanır: “Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.
Bir sözlə, “status” qatarı da, “miatsum” qatarı da artıq gedib və onları heç kim qaytara bilməyəcək. Minsk Qrupu gəlmir, kim gəlir-gəlsin. Gözləyənlər də boşuna gözləyir.
“Nə status var, nə Dağlıq Qarabağ… Əgər bu söz (”Dağlıq Qarabağ” – red.) kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur… Status məsələsi də həmçinin. Mən müharibə başa çatandan sonra, noyabrın 10-da statusun yerini göstərmişdim (“cəhənnəmlik olmaq” məsələsi – red.). O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.
*****
V.Putinlə son Moskva görüşünə toxunan İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi məsələsi və postmünaqişə dövrünə yanaşmada Bakı ilə Moskva arasında heç bir fikir ayrılığı yoxdur: “Biz – Rusiya və Azərbaycan hesab edirik ki, müharibə bitib, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyllərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməli və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır”.

Fikrinə davam edən dövlət başçısı deyib: “Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir. Dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib, halbuki müharibədən dərhal sonra buna etiraz edirdi. Mən deyirdim ki, biz onları məcbur edəcəyik, bəziləri bunu təhdid kimi qəbul edirdi. Amma mən nəzərdə tuturdum ki, biz onları o mənada inandıracağıq. Ancaq avtomobil yolunun çəkilişinə etiraz edir. Bu da 10 noyabr tarixində imzalanmış Bəyannaməyə ziddir. Çünki orada 9-cu maddədə göstərilir: yollar açılır – dəmir yolu, avtomobil yolları. Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək? Belə şey olar? Belə şey ola bilməz. Bu məsələ ilə bağlı Rusiya Prezidenti ilə fikir mübadiləsi apardıq və hesab edirəm ki, növbəti mərhələdə İrəvandan daha ümidverici xəbərlər gələcək… Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”.
![]()
Diqqətçəkicidir ki, Prezidentin müsahibə verdiyi gün Putinlə Paşinyan arasında telefon danışığı olub. Kremlin saytında yerləşdirilən məlumata görə, tərəflər ticari-iqtisadi, enerji, humanitar və digər sahələrdə Rusiya-Ermənistan əməkdaşlığına dair aktual məsələləri müzakirə edib.
“Telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaların həyata keçməsi, bu xüsusda bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması mövzusuna toxunulub”, – deyə məlumatda qeyd olunur.
Göründüyü kimi, Moskva və İrəvan arasında heç bir “status” mövzusu müzakirə predmeti olmayıb. Ancaq maraqlıdır ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında belə bir cümlə var: “Tərəflər ”əsirlərin” dəyişdirilməsi və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyini qeyd ediblər”.
Rəsmi Kremlin açıqlamasında isə belə şey yoxdur. Böyük ehtimalla, bu, Nikol Paşinyan hökumətinin özünü sığortalamağa hesablanmış növbəti yalanıdır. Axı İlham Əliyevin söylədiyi kimi, əgər Putin də konflikti bitmiş hesab edirsə, o halda Moskva üzdəniraq Minsk Qrupunun fəaliyyətini necə vacib saya bilər?..
Siyasət şöbəsi,
“Yeni Müsavat”

