Sosial 

Ölkədə ilan sancmaları artıb

Toksikoloq: “İlanlar evə ona görə girir ki…”

Qızmar yay mövsümünə xarakterik olaraq ilan və əqrəb sancmaları da artmağa başlayıb. Artıq bir çox bölgələrdə ilan sancmaları ilə bağlı xəbərlər yayılmaqdadır. İlanlar artıq meşədə, bağda deyil, evlərə soxularaq insanları sancmağa başlayıb.

Məsələn, ötən gün Şəkidə ilan evə daxil olaraq 6 yaşlı uşağı sancıb. Bəs qızmar yay mövsümündə insanlar ilan sancması ilə qarşılaşmamaq üçün nələrə diqqət etməlidir? İlan evə niyə girsin ki? Evdə onun hansı qidası ola bilər? Azərbaycanda bütün ilanlar zəhərlidirmi? Ən zəhərlisi hansıdır?

İlk öncə qeyd edək ki, Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Xüsusən də Bakı kəndlərində, Qobustan qəsəbəsində, Hacıqabul, Şirvan, Şəki və Qəbələ bölgələrində müşahidə olunan bu aktivlik təxminən aprel ayından başlayaraq, noyabr ayınadək davam edir. Ehtiyatsızlıq, bəzən də təsadüfi hallar nəticəsində insanlar bu cür sürünən və ya zəhərli həşəratların hücumlarına məruz qalır. Çox təəssüf ki, bəzi hallarda bu cür olaylar faciə ilə də nəticələnir.

Ümumiyyətlə, Azərbaycanda 28 ilan növü vardır ki, onların da yalnız 7 növü zəhərlidir. Zəhərli ilanların isə hamısı gürzə növünə aiddir. Ekspertlər qeyd edir ki, onların zəhəri olduqca təhlükəlidir. Bu növ ilanları vurduğu yaradan müəyyən etmək olur. Məsələn, əgər ilan vuran yerdə deşik varsa, deməli, zəhərli ilan sancıb. Çünki zəhərli ilanlarda iki zəhər dişi olur. Həmin dişlərinin də içində deşik olur. Digər ilanların sancdığı yerdə iki diş izi olmur. Məhz bunun vasitəsi ilə insanı zəhərli və ya zəhərsiz ilan sancdığı müəyyən edilir.

Toksiqoloqlar qeyd edir ki, ölkəmizdə ən təhlükəli zəhərli ilan şahmar ilandır. Bu ilanın zəhəri o qədər güclü olur ki, hətta digər ilanların zəhərinə qarşı olan zərdab belə kömək edə bilmir. İlan zəhəri qanın laxtalanması təsir eləməklə yerli ödem, nekrotik təsir yaradır. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır. Bəzən isə ilan sancması ilə qarşılaşan insana düzgün olmayan türkəçarə tədbirlər görülməsi onun vəziyyətinin ağırlaşmasına, hətta ölümünə səbəb olur. Əsasən də rayon və kəndlərdə ilan sancan ətrafa jqut qoyulur və yaxud yaralı yeri kəsib, qanı sorurlar. Lakin məlum olub ki, nəinki ağızla, hətta xüsusi ekstraktla zəhəri soranda onun yalnız 13 faizini çıxarmaq mümkündür.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Toksikoloq ilk öncə ilanların evə girməsi səbəblərindən söz açıb: “Adətən evdə həşərat olanda ilan ona hücum edə bilər və bu zaman evdə adam varsa, ona da hücumu mümkündür. İlan sancması baş verdikdə həmin şəxsi hərəkətsiz vəziyyətə gətirmək lazımdır. İlan sancan yerə buz qoymaq, nahiyəyə yod məhlulu çəkmək və tez bir vaxtda təcili yardım çağırmaq, ya da xəstəni yaxınlıqdakı tibbi məntəqəyə çatdırmaq lazımdır. İlan zəhəri xüsusən də uşaqlara ciddi təsir edir. Ona görə də əgər uşaq ilan sancması ilə qarşılaşıbsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Daha sonra isə xəstəyə həkim nəzarəti altında zərdab vurulmalıdır”.

Toksikoloq ölkədə olan təhlükəli ilanlardan da söz açıb: “Azərbaycanda əsasən 5 növ Qafqaz gürzəsi var. Onların hərəsi də rayonlara bölünüb. Hacıqabuldan tutmuş Şirvan, Aran rayonlarına, Bərdə, Yevlax, Kürdəmir, Qəbələ, Qazax, Şəmkir rayonlarında bu cür gürzələrin sancmaları haqda müraciətlər olur”.

Azər Maqsudov qeyd edib ki, ölkədə zərdabla bağlı problem yaşanmır: “Deyə bilərəm ki, ölkədə zərdabla bağlı problem yoxdur. Bütün bölgələrdə zərdablar təmənnasız verilir. Həm Bakı şəhərində, həm də rayon mərkəzi xəstəxanalarındakı təcili yardımlara zərdablar paylanılıb”.

Azər Maqsudov: “Metil spirti ilə zəhərlənmədən səkkiz nəfər vəfat edib”

Bəs Zərdab nədən hazırlanır?

Mütəxəssislər bildirir ki, zərdab xüsusi zülal – at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anofilaktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.

Ölkəmizdə ilan sancmaları olduğu kimi, əqrəb sancmalarına da rast gəlinir. Ekspertlər bildirir ki, Azərbaycanda daha çox sarı əqrəblər olur ki, onların da zəhəri çox zəifdir. Hələ ki, əqrəb sancmasından dünyasını dəyişən olmayıb. Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında “qara qurd” adlanan zəhərli hörümçəklərin gəldiyi bildirilir. Məlumata görə, onların zəhəri gürzəninkindən bir neçə dəfə güclüdür.

Əqrəb sancması zamanı isə ekspertlər qeyd edir ki, hadisə baş verən zaman həmin bölgə buz ilə soyudulur. Buz tətbiq edilməsi həm şişməsinə mane olur, həm də damarlarda büzüşmə getdiyi üçün zəhərin qana keçməsi ləngiyir, həm də ağrı azalır. Yaralını bundan sonra dərhal həkimə göndərmək lazımdır. Əqrəb sancmasına qarşı hansısa zərdaba ehtiyac olmur. Sadəcə, lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır.

İlan və əqrəblərdən necə qorunmağa gəldikdə isə bu haqda dəfələrlə FHN maarifləndirici xəbərdarlıqlar bəyan edir. Məsələn, bildirilir ki, meşəyə gedərkən uzun şalvar geyinməli, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmədən istifadə etmək lazımdır. Çünki ilanlar bu materialları dişləyə bilmir. Rast gəlinən yuva, hündür otluq və aşmış ağaclardan uzaq durmaq lazımdır. Gedərkən yolu açmaq üçün sıx otluğa əl salmaq olmaz. Bunun üçün mütləq əl ağacından istifadə etmək lazımdır. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirmək lazımdır. Əgər meşədə gecələmək planı olarsa, əvvəlcədən toplanan çırpıdan ocaq qalanmalıdır. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda isə dayanmaq, geriyə çevrilmədən yavaşca uzaqlaşmaq, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməmək lazımdır. Unutmaq olmaz ki, ilan və əqrəb ona toxunmadıqca, insanı sancmır.

Xəbərdarlıqlardan biri də budur ki, ölmüş bilinən ilana belə yaxınlaşmaq olmaz. Çünki bəzən sürünənlər özünü ölmüş kimi göstərə bilir. Zəhərli ilanı zərərsizdən seçmək lazımdır. Belə ki, adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fısıltı və şaqqıltı səslər çıxarır.

Əqrəblərə gəldikdə isə ekspertlərə görə, əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin etmək lazımdır. Açıq havada istirahət edilərsə, mütləq şəkildə paltar və ayaqqabıları, çadırdakı yataq dəstini nəzarətdə saxlamaq, vaxtaşırı onları çırpmaq lazımdır. Qumsallıqda ayaqyalın gəzinməkdən çəkinmək lazımdır. Çünki əqrəblər, adətən qumun üst qatında gizlənir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Daha çox xəbərlər