Sosial 

Narkotik vasitələrin təbliği ilə məşğul olan bloqerlərin hesabı bloklanacaq? – AÇIQLAMA

Son günlər bir sıra bloqerlər arasında narkotik vasitələrin sosial şəbəkələr vasitəsilə təbliği məsələsi aktuallaşıb. Daxili İşlər Nazirliyinin məsələyə qarışmasına baxmayaraq, narkotik vasitələrin təbliğatçılarının sayı hələ də artmaqdadır.

Mövzuyla bağlı Sonxeber.az-a açıqlamasında BŞPİ mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bütün istiqamətlərdə mübarizə tədbirlərini davam etdirir:

“Bu tədbirlərin həyata keçirilməsində məqsəd ölkədə narkotik vasitələrə qarşı cəmiyyətin duyarlılığını artırmaq və buna maraq göstərən şəxsləri əməllərindən çəkindirməkdir”.

Millət vəkili Fazil Mustafa bildirib ki, sosial şəbəkələrdə narkotiki təbliğ edənlərə qarşı aparılan mübarizə dəstəklənməli və daha da şiddətlənməlidir:

“Cəmiyyətin digər təbəqələri də narkotiklə mübarizə prosesinə qoşulmalıdır. Televiziyalarda konkret informasiya şəklində bu təbliğatçılar cəmiyyətə tanıdılmalı və bu işlə məşğul olanlara heç bir güzəştin olunmayacağı bildirilməlidir.

Çox təəssüf ki, hazırda narkotik vasitələrin təbliği ilə məşğul olan şəxslərin paylaşım və hesablarının bloklanması məsələsi müzakirə olunmur. Buna baxmayaraq, müvafiq qurumlar məsələ ilə bağlı addımlar atır. Yaxşı olardı ki, Rabitə nazirliyi və DİN birgə tədbirlər görərək həmin şəxslərin həm özləri, həm də sosial platformalardakı hesabları ilə bağlı ciddi tədbirlər görsünlər.

Onu da deyim ki, bu proseslər özbaşına olmur. Məlumdur ki, həmin təbliğatçıları himayə edən şəxslər var. Narkotik vasitələrin satışını və istifadəsini himayə edən şəxslərin hüquq mühafizə orqanları tərəfindən aşkarlanıb cəmiyyət qarşısına çıxarılması vacibdir. Çünki bu təbliğat hər birimizin ailəsinə qarşı yönəlmiş təhdiddir”.

Daha çox xəbərlər