Gündəm 

Səltənətlərin viran qalması – dünya köhnə dünyadır, savaş bəhanələri təzədir

İnsan oğlu yaşayış uğrunda mübarizəyə başlayandan və başqasını öldürmək üçün ən primitiv silahı (məsələn, adi daşı) icad edəndən bəri müharibədədir.

Dünya tarixi saysız-hesabsız müharibələr, qırğınlar görüb. İstənilən ölkənin tarixinin səhifələri birincidən sonuncuya qədər qan-qada, faciədır.

Dövlətlər, ölkələr, xalqlar bir-birilə ölümünə savaşıblar – ərazi-torpaq üstündə, xərac-sərvətə görə, din-məzhəb ayrılığına üzündən və s.

Müharibə üçün bəhanə həmişə var. Təbiətdə insandan başqa öz həmnövünü kütləvi şəkildə öldürən yalnız bir canlı var: yaşıl çəyirtkələr.

İnsan oğlu bir-birini qırmasaydı, hazırda Yer üzündə sayı 8 milyard yox, 80 milyard olardı və bu halda da yenə bir-birini qırmağa vadar olacaqdı. Çünki planet bu qədər insanı yedirib-içirməyə qadir deyil.

Başqa sözlə, Yer üzündə davam edən savaşların bir motivi var: yaşayış uğrunda mübarizə.

Çingiz xanın dövründə Koreya yarımadasının dibindən Qafqaza qədər, onun oğlu Ugeday xanın zamanında isə Macarıstana, Bağdada qədər azman bir arealı qəsb edə-edə, insanları qıra-qıra, yağmalaya-yağmalaya gedən monqol döyüşçülərin məqsədi qənimət əldə etmək idi.

sunbe.jpg (45 KB)

İndiki müharibələrin qan-qadası, faciələri barədə çox danışılır, yazılır. Ancaq qədim müharibələrə baxanda indikilər şükürlüdür. Çingiz xan Türküstanda (indiki Orta Asiya respublikaları) istilaya müqavimət göstərdiyinə görə 1.5 milyon adamı qətl etdirib – qoca, qadın, körpə demədən.

Əmir Teymur təkcə İranda yüz minlərlə insanı qılıncdan keçirtdirib – insan başlarından piramidalar düzəltdirib.

Nadir şah Hindistanda bütöv şəhərləri yerlə-yeksan edib, bütün əhalisini qırdırıb.

O biri “fateh”lər onlardan da betər olublar. (İndi dinc əhalini qıranlara “hərbi cani” deyirlər, keçmişdə eyni şeyi edənləri isə “fateh” adlandırırlar).

Təslim olmaq istəməyən şəhər-qalaları aylarla mühasirədə saxlayan qəsbkarlar axırda kütləvi aclığa tab gətirməyərək təslim olanlara acı aqibət yaşadıblar: kütləvi qətliam, kütləvi əsirlik. Heç kəsə aman verilməyib.

amir.jpg (64 KB)

Bir neçə yüz illik imperiyalar bir neçə ayın içində yox edilib. Orta Asiya və Qafqaz türklərindən olan qul oğlanların Misirdə qurduğu məmlük dövləti 500 ilə yaxın mövcud olub, amma Osmanlı sultanı Yavuz Səlim onu qısa müddətdə yox edib.

Orta əsrlərdə bütün Avrasiyanın başının bəlası olan monqol döyüşçülərin müasir züryətlərinin çoxu bu gün Çində Daxili Monqolustan vilayətində yaşayırlar və milli dövlətləri yoxdur, Monqolustanın özündə isə cəmi 3 milyon qalıblar.

“2 min illik dövlətçilik tarixi” ilə fəxr edən İranın özü əsrlərlə yunan, monqol, ərəb işğalçıların tapdağı altında olub. Hətta rus general Paskeviçin Təbrizi tutması hadisəsi də baş verib.

Bu gün “dünyanın iki hegemon supergücündən biriyik” deyə fəxr edən və dünya dövlətləri ilə dör-dör döyüşən Rusiya 300 il boyunca monqol-tatar ordusunun əsarəti altında inləyib.

Vaxtilə 3 qitədə (Avropa, Asiya, Afrika) torpaqları olan, hamıdan bac-xərac alan Osmanlı imperiyası təxminən 110 il öncə elə bir basqıya, basqına məruz qalıb ki, Atatürk və silahdaşları meydana çıxıb xilaskar olmasaydı, bu gün Yer üzündə bəlkə də Türkiyə dövləti olmayacaq, əraziləri böyük dövlətlərin, arxalı qonşuların arasında pay-bölüş ediləcəkdi.

kamik.JPG (41 KB)

Hazırda dünyada mötədillik, mülayimlik simvolu sayılan yaponların 85 il öncə Çində və Cənub-Şərqi Asiyada milyonlara insanı qırıb-çatdıqları, axırda isə qan dağarcığının öz başlarında çatladığı bəşər tarixinin ən ibrətamiz səhifələrindəndir.

Hitlerin 75 milyon insanın ölümünə bais olduğundan geniş bəhs etməyə isə ehtiyac yoxdur. Bu tarixi hamı bilir.

Dünyanın işləri belədir: kiçik xalqların, kiçik dövlətlərin asudə, müstəqil yaşaması çox çətindir.

Lap qədim zamanlardan bəri hansı dövlətin sağ biləyi sol əlinə yoğun gəlibsə, ilk növbədə qonşuluğundakı zəif dövləti əzməyə, özününkü etməyə çalışıb.

Hələ indi yaxşıdır, böyük dövlətlər kiçik dövlətlərin mövcudluğu ilə barışırlar, amma itaət və xərac istəyirlər. İndiki dövrün xəracı kiçik dövlətin resurslarından (karbohidrogen ehtiyatları, faydalı qazıntılar, nadir torpaq elementləri, yerli iqtisadiyyata yatırılan xarici investisiyalar və s.) limitsiz istifadə əldə etməkdir.

Panama dövləti iki okeanı birləşdirən kanal məsələsində güzəştə getməsəydi, ABŞ onun başına bəla gətirəcəkdi.

Venesuelanın başına gələnləri gördük, proses hələ bitməyib. Kuba mühasirəyə alınıb, təslim olmaq növbəsi ondadır.

Danimarka Qrenlandiya adasına görə dirəşir, onun məsələsi İrandan sonraya saxlanılıb.

Qulağımızın dibindəki İranın başına gələnləri həyəcanla izləyirik. Bu dövləti idarə edənlər daha müdrik qərarlar qəbul edərək, ölkəni və özlərini qoruya bilərdilərmi? Bilərdilər. Amma etmədilər, qədim dövrlərdəki padşahlar kimi etdilər və bədəl ödədilər.

Xarəzm şahı II Məhəmməd Çingiz xanın elçilərini qətl edərək onu təhqir etməyin bədəlini ölkəsinin viran qalmasıyla, özünün isə sığındığı Xəzər adasında (Mazandaran yaxınlıındakı Abaskun) faciəvi ölümü ilə ödəmişdi.

Yüzlərlə bu cür misal gətirmək olar ki, diplomatiya ilə müharibədən yayınmağın mümkün olduğu məqamlarda mənasız qürrə və təkəbbürə görə xalq qırğına verilib, dövlətlər süqut edib.

İranı idarə edənlər nüvə silahı əldə edərək daha güclü bir regional dövlət qurmaq uğrunda çarpışarkən ölkənin hansı risklər qarşısında qoyduqları anlamadılar.

“Öz təhlükəsizliyini təmin etmək” arqumenti havayı söhbətdir. Dünyanın 200 dövlətindən 191-nin nüvə silahı yoxdur. Onlara nə olur ki? Şimali Koreyanın nüvə silahı var, çoxmu ağ gündədir?

Əsas məsələ bir yerə qədər güclü olmaq və qonşulara, yaxın-uzaq ətrafa qarşı aqressiv olmamaqdır. İran qonşularına qarşı aqressiv münasibəti ilə fərqlənən, onlara “inqilab ixrac etmək” istəyən, bəzən dini təəssübkeşlik motivi ilə çıxış edən, işinə gələndə din-məzhəb qardaşlarının haqqını başqalarına yedirdən dövlətdir.

Bəlkə indən belə o ölkədə iş başına daha praqmatik, ağıllı və mötədil siyasət yeritməyə çalışanlar gələr.

Araz Altaylı, Musavat.com

Daha çox xəbərlər