Cəmiyyət 

Bakı üzərindən uçuşlar artdı: Beynəlxalq reyslər səmada tıxac yaratdı – Foto

İran ətrafında gərginliyin artması, ABŞ və İsrailin mümkün zərbələri ilə bağlı müzakirələrin intensivləşməsi fonunda Yaxın Şərqdə hava məkanı böhranı yaranıb. Bir sıra ölkələr təhlükəsizlik səbəbilə öz hava məkanlarını qismən və ya tam bağlamağa məcbur qalıb. Nəticədə beynəlxalq aviaşirkətlər marşrutlarını saatlar içində dəyişmək məcburiyyətində qalıb. Məhz bu şəraitdə Azərbaycanın hava məkanı ön plana çıxıb.

Məlumatlara görə, regionda məhdudiyyətlərin artdığı bir vaxtda Azərbaycan üzərindən keçən marşrutlar əsas alternativ istiqamətə çevrilib. Əvvəllər fərqli trayektoriyalarla hərəkət edən onlarla beynəlxalq reys indi Azərbaycan üzərindən uçur.

Musavat.com-un məlumatına görə “Flightradar24” platformasının xəritəsində də aydın görünür ki, hazırda bu istiqamət əsas alternativ hava dəhlizi kimi istifadə olunur. Faktiki olaraq sektorda beynəlxalq uçuşların əhəmiyyətli hissəsi Azərbaycanın hava məkanından keçir.

Bu, təsadüfi hal deyil. Bu, etimad göstəricisidir. Regionda qeyri-sabitlik hökm sürdüyü, hava məkanlarının bağlandığı bir zamanda Azərbaycan təhlükəsiz və sabit tranzit mərkəzi kimi seçilir. Bakı artıq təkcə coğrafi körpü deyil, real Şərq–Qərb hava qapısı funksiyasını yerinə yetirir.

Bu tendensiya Azərbaycanın nəqliyyat-logistika strategiyasının və sabit təhlükəsizlik mühitinin nəticəsidir. Böhran şəraitində hansı ölkənin hava məkanına üstünlük verilməsi qlobal aviasiya üçün mühüm göstəricidir.

İran ətrafında gərginlik artdıqca Azərbaycanın hava məkanı regionun əsas işlək hava dəhlizinə çevrilib və bu, ölkənin qlobal logistika xəritəsində mövqeyini daha da gücləndirib.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər