Sosial 

Həmişə yanındayıq, qardaş Türkiyə!

Azərbaycanın Türkiyəyə qardaş dəstəyi davam edir – yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu da Türkiyəyə yola düşdü

Dünyanın əksər ölkələri hazırda meşə yanğınları ilə mübarizə aparır. Amerika qitəsindən tutmuş Avropaya, Rusiyaya qədər milyonlarla hektar meşə əraziləri aylardır yanmaqda davam edir. 2021-ci ilin isti yayının ən çox zərər vurduğu ölkələrdən biri də qardaş Türkiyədir. Su qıtlığı ilə yanaşı, bu il Türkiyədə meşə yanğınlarının sayı və miqyası da əvvəlkilərdən çox oldu. Əsasən ölkənin Aralıq dəniz sahillərindəki vilayətlərdə qeydə alınan meşə yanğınları meyvə bağlarını, əkin sahələrini də əhatə edərək, yaşayış məntəqələrinə çatıb. Türkiyənin ən əsas kurortlarının Aralıq dənizi sahillərində yerləşdiyini nəzərə alsaq, yanğınların qarşısının tez bir zamanda alınmayacağı təqdirdə ölkəyə hansı zərərlər vuracağını təsəvvür etmək o qədər də çətin deyil. Yanğının yayıldığı ərazinin xəritəsinə baxanda yanğınlarla mübarizədə daxili imkanların yetərsiz olduğu artıq aydın görünür.

Bütün beynəlxalq platformalarda həmişə bir-birini dəstəkləyən, istənilən məsələdə həmişə bir-birinə dayaq duran, iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin problemləri də eynidir. Bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı həmişə çiyin-çiyinə olan ölkələrimiz bu dəfə də bir-birini tək qoymadılar. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verdi. Ölkə başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubdakı “Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanın­dadır” ifadələri də istənilən türkün təsəllisinə çevrildi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə mənəvi dəstək işarəsi olaraq paylaşım etdi. Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) meşə yanğınları ilə mübarizə aparmaq üçün mobil qrup, lazımı texnika göndərilməsi barədə tapşırıq verildi. Mərhələli şəkildə bir neçə yüz yanğınsöndürən, xüsusi təyyarə və texnikaları Türkiyəyə göndərən Azərbaycan hazırda əsl qardaşlıq nümayiş etdirir.

Avqustun 5-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarını söndürmək üçün Türkiyəyə “Be-200ÇS” tipli amfibiya-təyyarə göndərdi. Bundan əlavə, Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu da Türkiyəyə yola düşdü. Qrupa 40 ədəd yanğın texnikası və 150 yanğınsöndürən daxildir. FHN-in 150 nəfərdən ibarət komandası iki dəstəyə bölünüb, bundan sonra Muğlanın Kavaklıdərə və Menteşe qəsəbələrinə yola düşüb. Bundan öncə iyulun 30-da Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə gedib. İyulun 31-də Türkiyəyə daha bir yanğın-xilasetmə qrupu göndərilib. Oraya 1 vertolyot, 54 ədəd texnika, həmçinin 247 nəfər şəxsi heyət daxil olub. Bu addım ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğunluğu ilə yanaşı, bir qardaşın çətin vəziyyətə düşən qardaşının köməyinə çatması kimi qiymətləndirilməlidir və bu belədir. Azərbaycanın Türkiyəyə və ya Türkiyənin dar gündə Azərbaycana etdiyi yardım bir protokol, etiket deyil, qardaşın qardaşa etdiyi kömək, yardımdır.

Əslində Türkiyəyə daha çox ölkə yardım edə bilərdi. Məsələn, yaxın qonşusu olan Yunanıstanın meşə yanğınları ilə bağlı böyük təcrübəsi və xeyli də texniki imkanları var. Amma nəinki yunanlar, heç digər Avropanın aparıcı dövlətləri, super gücləri belə bölgədə ciddi ekoloji fəlakətə yol açan bu meşə yanğınlarına qarşı mübarizədə hər hansı ciddi dəstək nümayiş etdirmirlər. Fransa əvvəlcə təyyarələr göndərəcəyini bəyan etsə də, sonradan bu məsələni qapadı. Yalnız Ukrayna, Rusiya müəyyən yardımlara əl atdılar ki, bu da Azərbaycan kimi ardıcıl dəstək xarakteri almadı.

Hazırda bütün Azərbaycan cəmiyyəti və dövləti Türkiyəni bürüyən dəhşətli yanğınları öz qəlbində hiss edir və əlindən gələn bütün vasitələrlə qardaş ölkəyə dəstək verir. Sosial şəbəkələrin Azərbaycan seqmentində Türkiyəyə dəstək əlaməti olaraq əksər istifadəçilər baş şəkillərini Türkiyə bayrağı və xəritəsi ilə bəzəyiblər. Bu bizə Vətən müharibəsi zamanı türk istifadəçilərin paylaşımlarını xatırlatdı. Deməli, həm Türkiyə, həm də Azərbaycan bir-birinə yadım etməyi özlərinə qardaş borcu, vəzifə hesab edirlər.

Daha çox xəbərlər