Sosial 

Ucuz ətin şorbası olmadığı kimi, ucuz evin də sənədi olmur

Neftli ərazilərdə tikilən evlərdə radiasiya dərəcəsinin xeyli yüksək olması təhlükəli xəstəliklərin mənbəyidir

Son zamanlar paytaxtın baş planına uyğun olaraq abadlıq-quruculuq işləri aparılır ki, bu zaman söküntü ərazilərindəki qeyri-qanuni, sənədsiz yaşayış sahələri problemlər yaradır. Xüsusən söküntü zamanı vətəndaşlar kompensasiya almaqda ciddi problemlərlə qarşılaşırlar.

Düzdür, bir çox hallarda dövlətimizin başçısı humanistlik edərək bu tip yaşayış sahələrinə də kompensasiya ayrılmasına göstərişlər verir. Lakin bizim ölkəmizdən fərqli olaraq bu tip qeyri-qanuni tikintilərə xarici ölkələrdə nəinki kompensasiya verilmir, əksinə torpağın qeyri-qanuni zəbt edilməsinə görə cərimələr də tətbiq olunur.

Təbii ki, paytaxtımızın Baş planına uyğun olaraq aparılan söküntü işlərində dövlətin və vətəndaşların  maraqları əsas kimi götürülür. Ancaq bu növ söküntülər bəzən müxalifət mətbuatında məqsədli şəkildə şişirdilir və dövlətə qarşı yanlış fikirlər formalaşdırmağa çalışılır.

Düzdür, biz də kimsənin evinin və yaxud ticarət obyektinin sökülməsinin tərəfdarı deyilik. Amma burada bir məsələyə diqqət yönəltmək lazım gəlir ki, vətəndaşlarımız bu istiqamətdə o qədər məlumatsızdırlar ki, nəticədə  ev dəllallarının («makler»lərin) asanlıqla toruna düşə bilirlər. Belə ki, ev dəllalları saxta və yaxud hüquqi qüvvəsi olmayan sənədlərlə tikdirdikləri evləri  və yaxud başqasının sənədsiz evlərini ucuz ev almaq istəyənlərə sırımağı bacarırlar. Necə deyərlər, ucuz ətin şorbası olmadığı kimi, ucuz evin də sənədi olmur.

Digər tərəfdən, qanunla bəzən vətəndaşlar fərdi ev tikintisi üçün səlahiyyəti olmayan məmurdan, (məsələn, icra nümayəndəsindən, bələdiyyə əməkdaşından, ən nəhayət «uçastkovudan») şifahi razılıq almaqla, təbii ki, (onların «bığının altından keçməklə») torpaq zəbt edib ev tikdirirlər. Məhz bu amili də vətəndaşın cahilliyinə yazmaq olar. Ona görə ki, səlahiyyətli dövlət orqanlarından icazəsi alınmayan və nəticədə sənədləri qaydasında olmayan torpaqda tikilən evlər sökülmə təhlükəsi ilə hər an üzləşə bilər.

Azərbaycan dövləti son bir neçə ildir ki, vətəndaşın fərdi mənziltikmə prosesini sadələşdirib. Belə ki, özəlləşdirilmiş torpaqda 12 metr hündürlükdə ev tikintisi aparmaq mümkündür və bunun üçün sadəcə icra hakimiyyəti orqanlarına yazılı məlumat vermək və layihəni təqdim etmək lazımdır.

Bəzən müşahidə edirik ki, zəbt olunmuş ərazilər ölkənin strateji torpaq sahəsidir və oradan neft-qaz çıxarılması üçün qazma-kəşfiyyat, istehsalat işləri hökmən davam etməlidir. Və yaxud dəmir yolu xətti, avtomobil yolları genişlənməlidir. Hətta bu hallarda Azərbaycan dövləti humanistlik edərək zəbt olunmuş ərazilərdəki tikilmiş evlərin sökülməsi zamanı həmin ev sahiblərinə də kompensasiya ödəyir.

Burada bir faktı qeyd etmək yerinə düşər ki, mətbuatda gedən informasiyalara görə, ötən illər ərzində SOCAR-ın torpaqlarında on minlərlə qanunsuz tikili aşkarlanıb. Eyni zamanda, SOCAR-ın minlərlə  qanunuz tikililərlə bağlı məhkəmə iddiası var. Lakin indiki halda şirkət qeyri-qanuni aparılan yeni tikintilərin qarşısını almağa çalışır və bir həqiqəti görmək lazımdır ki, qanunsuz tikililərin baş alıb getməsi ölkə iqtisadiyyatı üçün təhlükə mənbəyidir.

Burada bir məqamı da vurğulamaq lazımdır ki, neftli ərazilərdə inşa edilən evlər insan sağlamlığı üçün ciddi fəsadlar yaradır. Tibb mütəxəssislərinin fikrincə, burada radiasiya dərəcəsi digər normal yerlərdəkindən 10-12 dəfə artıq olur. Nəticədə ən sağalmaz xəstəliklərin təməli də məhz burada qoyulur.

Digər tərəfdən, ötən illərin statistikasına görə, belə yerlərdə tikilən evlərdə bir xeyli yanğın və partlayışlar baş vermişdir. Hətta bu qəzalar zamanı, ölən və ağır xəsarət alanlar da olub. Təbii ki, bu partlayış və yanğınlar neft quyuların yaxınlığında özbaşına tikilən  evlərdə baş verir. Çünki həmin quyularda baş verən qaz sızmaları gec-tez partlayışa məruz qala bilir.

Daha çox xəbərlər