Meşə yanğınları nə ilə nəticələnə bilər?
İradə İbrahimova: Bütün vətəndaşlarımızı hədsiz dərəcədə məsuliyyətli və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq
Meşələrin məhv olması planetin ən aktual ekoloji problemlərindən biridir. Meşələrdən bəhrələnmək, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq hər bir vətəndaşın borcudur.
Meşələrin məhv olmasının əsas səbəblərdən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır. Bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnir. Bəzi hallarda isə meşə yanğınları insan itkisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır.
Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir.
Bəs meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində hansı qaydalara əməl olunması zəruridir?
Mütəxəssislərin fikirlərinə görə, meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması isə xüsusilə təhlükəlidir.
Bununla yanaşı, meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.
Xüsusilə yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Belə ki, meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməlidir.
Unutmamalıyıq ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdə güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanlarının təhlükəli zonadan çıxarılması, yanğın yerinə girişin məhdudlaşdırılması, yanğının söndürülməsində təhlükəsizliyin təmin edilməsi zəruru hesab olunur.
Bəs meşələrimizdə yanğınların qarşısının alınması üçün hansı tədbirlər görülür?
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova mövzu ilə bağlı “İki sahil”ə bildirib ki, hər ilin əvvəlində meşələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi birgə Tədbirlər Planı hazırlayırlar: “Bu Tədbirlər Planında milli park, qoruq və meşə ərazilərində baş verə biləcək yanğının qarşısını alınması, eyni zamanda yanğın təhlükəsizliyi qaydaları öz əksini tapır. İl boyu Fövqaladə Hallar Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları birgə təlimlərə cəlb olunurlar. Bundan başqa, müəyyən profilaktik tədbirlər planı həyata keçirilir. Belə ki, milli park və qoruq ərazilərində yaşayış yerləri ilə sərhədə mineral zolaqlar çəkilir, mümkün olan ərazilərdə su rezervuarları yaradılır, fermerlərlə il boyu danışıqlar aparılır, milli park və qoruq ərazilərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə maarifləndirici lövhələr yerləşdirilir”.

A.Səmədova vurğulayıb ki, yay mövsümündə insanlar piknik etmək üçün milli parklara və meşə ərazilərinə üz tutur. Bununla bağlı da turist marşrutları üzərində məlumatlandırıcı lövhələrin sayı artırılır və hər il həmin lövhələr yenilənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə qeyd edib ki, son günlər baş verən meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, “Nə edək ki, belə qarşısı çətin alına bilən fəlakətlə üzləşməyək” kimi düşündürücü sual da yaratdı. Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək: “Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər.
Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”.

