Gündəm 

Azərbaycan inkişafın yeni mərhələsini uğurla davam etdirir

İşğaldan azad edilmiş ərazilərimizin zəngin iqtisadi potensialı ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirəcək

Dövlətimizin başçısı İlham Əliyev  ölkəmizdə normal biznes mühitinin mövcudluğundan, kadr potensialından, Vətən müharibəsində tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqlar fonunda   sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olmasından geniş bəhs edir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, yaşadığımız  quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlər əsasında  malik olduğumuz imkanlardan maksimum bəhrələnməklə dayanıqlı inkişafa töhfələr veriləcək.

İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmi nəzərə alınmaqla, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır.  Füzuli, Cəbrayıl və Zəngilan  rayonları  işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfə verəcəkdir. Onu da qeyd edək ki,  Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazilərdədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi,  kənd təsərrüfatı və  sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır.  Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi  əsasdır ki, artıq dövlətimizin qətiyyəti, Azərbaycan diplomatiyasının uğurları sayəsində Ermənistan iyunun 12-də Ağdam, iyulun 3-də isə Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Bu, Azərbaycanın böyük qələbəsi olmaqla yanaşı, ölkəmizə geniş iqtisadi imkanlar da qazandıracaq. Bu baxımdan ki, minaların axtarılmasına, təmizlənməsinə, kadrların cəlb olunmasına böyük məbləğdə vəsaitlər tələb olunur. Artıq minalı sahələrin xəritələrinin  verilməsi ilə böyük məbləğdə  vəsaitə qənaət ediləcək ki, bu da öz növbəsində digər mühüm layihələrin icrasına yönəldiləcək. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun    yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnətməkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, həmin ərazilərimiz  müasir dövrün tələblərinə uyğun olaraq bərpa edilir. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrasına başlanılıb. Artıq Zəngilanın Üçüncü Ağalı kəndində «ağıllı kənd» layihəsinə start verilib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq həmin vaxtdan Böyük Qayıdış başlayıb.  Qurban bayramında Ağalı kənd sakinlərinin  öz doğma kəndlərinə gedərək görülən işlərlə tanış olmaları, qurbanlarını kəsmələri, qonaqlıq təşkil edib süfrə arxasında  sevinclərini paylaşmaları Zəfərimizin bəxş etdiyi qürurlu anlardandır. Gələn ilin əvvəlində «ağıllı kənd» layihəsinin ilk iştirakçısı olan Ağalı kəndi sakinlərini qarşalayacaq. Kənd sakinləri o günü səbirsizliklə gözlədiklərini bildirirlər. Artıq yeni həyatın canlanması ilə 30 ilə yaxın düşmən tapdağı altında olan, istifadəsini gözləyən əkin sahələri bolluq rəmzinə çevriləcək.

Dövlətimizin başçısı İlham Əliyevin hər zaman  qeyd etdiyi kimi, Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır: «Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.»

Hər bir ölkənin inkişafında iqtisadi amil əsas rol oynayır.  Ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Təbii ki, sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur.   Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri  ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Ölkə Prezidentinin qeyd etdiyi kimi,  sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik.  2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ  kimi öndə saxlayan dövlət başçısı İlham Əliyevin bir-birinin ardınca təsdiqlədiyi Dövlət proqramları, İnkişaf Strategiyaları, Milli Prioritetlər, ən əsası iqtisadi rayonların bölgüsünün yenidən aparılması  yeni-yeni hədəflərin müəyyənləşdirilməsindən, onların uğurlu sonluqla başa çatdırılaraq yeni istəklərin, məqsədlərin ortaya qoyulmasından ibarətdir.

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarının icrası  bölgələrin malik olduqları potensialdan səmərəli istifadəni təmin edir. Artıq 4-cü sənədin icrası uğurla həyata keçirilir.  Bu Dövlət proqramlarının icrası nəticəsində 2 milyondan artıq yeni iş yerinin açılması özlüyündə işsizlik probleminin həlli deməkdir.  Hazırda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır.  Özünüməşğulluq proqramları uğurla icra edilir.  Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi üçün ABAD mərkəzlərinin coğrafiyası genişlənir. Bu mərkəzlərin dəstəyi əsasında  rəqabət gücləndirilib, hər bir ailə  öz məhsulu ilə bazarlara çıxmağa səy göstərir. Sağlam rəqabət  bazarlara çıxarılan  məhsulların kəmiyyəti ilə yanaşı, keyfiyyətlərinə də öz müsbət təsirini göstərir. Bu gün  iri marketlərdə ABAD-ın məhsullarına geniş şəkildə  rast gəlmək mümkündür. Bu dəstək sayəsində  ailə təsərrüfatları  fəaliyyətlərini genişləndirməklə yanaşı,  sosial durumlarını da yaxşılaşdırırlar. Bu  faktlar  bir daha onu göstərir ki, sosial müdafiənin güsləndirilməsi prioritetdir. Dövlət hər bir vətəndaşının yanında olaraq ona dəstəyini bu və ya digər formada ifadə edir.  Aztəminatlı ailələrin sosial yardım proqramlarından bəhrələnmələrini də xüsusi qeyd etməliyik.

Bugünkü məqamda  hər kəsi maraqlandıran  suallardan biri işğaldan azad olunmuş ərazilərimizin azad edilməsinin Azərbaycan iqtisadiyyatına nə vəd etməsidir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin  iqtisadi rayonların bölgüsünün yenidən həyata keçirilməsi  həmin bölgələrin malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları  yaradılıb. Bu sənədin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də göz önündədir. Artıq Azərbaycan dövləti bu bölgünü həyata keçirməklə Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, nə statusun, nə də Dağlıq Qarabaq adlı inzibati ərazinin mövcud olmadığını təsdiqləyir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın  ümumilikdə 1.7 milyon hektar ərazisi işğal olunmuşdur. Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcək.

Statistikaya müraciət etsək bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları yataqları yerləşir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ, Şahbulaq, Boyəhmədli və digər yataqlardadır. Həmçinin iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir.

Göründüyü kimi, zəngin iqtisadi potensiala malik olan bu ərazilərimiz gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına böyük töhfələr vermək imkanındadırlar. 28 ilə yaxın dövrdə işğalçı Emənistan bu ehtiyatlardan istifadə etməklə öz iqtisadi durumunu  yaxşılaşdırmağa çalışmışdır. Bu gün dünya ekspertləri də təsdiqləyirlər ki, Zəfərdən sonra Ermənistan iqtisadi böhran içərisində daha çox çabalayır. Yeganə çıxış yolu  44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmaq, Azərbaycanın təklif etdiyi sülh razılaşmasını qəbul edib yeni əməkdaşlıq formatlarına qatılmaqdır.

Dövlət başçısı İlham Əliyev ötən ay ölkəmizin qərb bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri istiqamətində  yeniliklər barədə danışarkən bildirmişdir ki, görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Görülən işlər sırasında şəhərsalma ilə bağlı atılan addımlar xüsusi qeyd edilib.  Ağdamın Baş Planı təsdiqlənib. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib.  Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin Baş Planı ictimaiyyətə təqdim ediləcək.  Zəngilan şəhərinin Baş Planının hazırlanması prosesinə artıq başlanılıb. Bir neçə  tanınmış dünya səviyyəli şirkətlər öz təkliflərini verib. Əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də yenidən qurulacaq. «Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik» söyləyən cənab İlham Əliyev bir daha bildirmişdir ki,  Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.

Azərbaycan inkişafın yeni mərhələsini uğurla davam etdirir. Bərpa və quruculuq sahəsində 8 ayın statistikası qarşıdakı dövrün aydın mənzərəsini yaradır.

Daha çox xəbərlər