Gündəm Manset 

Əlilin pensiyasını kəsənlər, əslində süni ajiotaj yaratmaq məqsədi güdürlər

Ümidini aylıq pensiyasına bağlamış xəstə insanın pensiya təmınatının dayandırılması ağılasığılmazlıqdır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə pensiya təminatının inkişafı, ümumiyyətlə əhalinin xüsusi həssas qruplarına diqqət ayrılması istiqamətində zaman-zaman çoxsaylı islahatlar aparılıb. Lakin, xüsusilə son zamanlar aidiyyatı dövlət qurumları, sanki Prezidentin bu tapşırığını görməzdən gələrək əhali və bütövlükdə ictimaiyyət arasında ciddi narazılıq hallarının baş verməsinə zəmin yaradırlar. Heç bir məlumat verilmədən, ciddi bir əsas göstərilmədən son zamanlar insanların pensiyaları anidən dayandırılır, bu sahədə süni yaradılmış bürokratik süründürməçilik halları adi hala çevrilir. Aidiyyatı orqanların bu cür yarıtmaz fəaliyyətinin nəticəsdir ki, Dövlət Statistika Komitəsinin məlumatından məlum olur ki, pensiyaçıların sayı əgər 2017-ci ilin əvvəlində 1 milyon 328,4 min nəfər olubsa, bu rəqəm 2021-ci ilin əvvəlində 1 milyon 232,2 min nəfər təşkil edib. Burada bir məqamı, xüsusilə qeyd etmək lazımdır ki, ekspertlərin qənaətincə, əgər yaş həddinin artırılması haqqında qərar çıxmasaydı, bu gün dövlətin pensiya sistemindən yararlanan pensiyaçıların sayı 1 milyon 380 min nəfər olardı. Demək, bu hesabla, təxminə 148 min vətəndaş  pensiya almaq hüququndan məhrum edilib. Heç bir ciddi əsas göstərilmədən, faktiki olaraq pensiya hüququ olan, lakin pensiyaları qanunsuz  əsaslarla dayandırılan insanları da bura əlavə etsək, təxminən qeyd olunan rəqəm 200 min civarında olacaq. Yenə də statistik rəqəmlərə nəzər salsaq pensiyaçıların sayını qayçılamaq hesabına, guya 2020-ci ildə 530 min manat dövlət vəsaitinə “qənaət” olunub. Ümidlərini aylıq pensiyasına bağlamış, heç bir əlavə təminatı olmayan, xəstə insanların pensiya təminatlarının dayandırılmasına vicdansızlıqdan başqa ad tapmaq olmur. Əslində bütün bu sadalanan neqativ hallara zəmin yaratmaqla aidiyyatı qurumlar,  qeyr-qanuni qazanc məqsədi güdürlər. Belə ki, yerlərdə fəaliyyət göstərən Tibb Ekspert Komissiyaları insanların pensiya təminatını qeyri-qanuni dayandırmaqla rüşvət hallarının yaranmasına, bilərəkdən şərait yaradırlar. Bu cür halların baş verməsində mövcud qanunvericilikdə təsbit olunan məqamlar da ciddi rol oynayır. Sual doğurur, əksəriyyət təşkil edən xroniki xəstəlik üzrə pensiya təminatı qazanmış insanlar hansı kriteriyalarla  5 ildən bir yerli və mərkəzi Tibb Eksper Komissiyalarının müayinəsinə cəlb edilməlidir? Xəstəlik xronikləşibsə və geri dönməz xarakter alıbsa, sözügedən pensiyaçıların 5 ildən bir belə lüzumsuz  yoxlamalara cəlb edilməsinin heç bir məntiqi izahı yoxdur.  Daha aydın ifadə etsək, daşıdıqları xəstəlikdən dolayı pensiya təminatı əldə etmiş insanlar hər 5 ildən bir, necə deyərlər, sözügedən Ekspert Tibb Komissiya sədrlərinin qılıncının altından keçməlidir. Əks halda ya onların pensiyası dayandırılır, yaxudda ki, aylarla, hətta illərlə getgələ salınırlar.

Digər bir məqam, görəsən, əhalinin sosial-psixoloji vəziyyəti müstəvisində ölkədə pensiya yaşının artırılmasına ehtiyac var idimi? Müxtəlif xəstəliklər, sosial problemlər və digər faktorları nəzərə alsaq, demək olar ki, yüzlərlə, hətta minlərlə insan bu ölkədə pensiya yaşına çatmadan dünyasın dəyişirlər. O zaman həmin insanların əməyi hesabına yaranmış, vaxtilə dövlətə ödədikləri vergi və sığorta qismində  milyonlarla manat vəsaitin taleyi necə olur? Qeyd olunan neqativ hallar onu deməyə əsas verir ki, bəzi vəzifəli şəxslər zaman-zaman cəza xarakterli dərslərdən nəticə çıxarmırlar, öz məsuliyyətlərini anlamırlar, ölkə başçısı Prezident İlham Əliyevin onların yarıtmaz fəaliyyətlərinə yönəlmiş tənqidi çıxışlarını, sözün əsil mənasında qulağardına vururlar.

44 günlük zəfər müharibəsində millətimizə qələbə sevincini qazandıran qazilərimiz də, təəssüf ki, bəzi hallarda eyni situasiya ilə üzləşməli olurlar. Ayağını itirmiş qazi, aylardır II qrub əlillik dərəcəsi ala bilmir. Səbəb isə mövcud təlimatlardan dolayı gətirilən yersiz bəhanələrdir. Sanki ölkədə müəyyən bir qurup hər vəchlə düşmən üzərində qazanılmış bu şanlı qələbəyə kölgə salmaq məqsədi güdürlər. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, demək olar ki, hər çıxışında qazilərə və müharibə iştirakçılarına ən yüksək səviyyyədə qayğı göstərərilməsinin vacibliyini aidiyyatı dövlət qurumları qarşısında kəskin şəkildə tələb edir. Düzdür, müharibədə əlil olmuş xeyli sayda qazilərimiz zaman-zaman mənzil və digər dövlət imtiyazları ilə təmin edirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı nəticəsində, yenə də xeyli sayda ağır yaralanmış qazilərimizin qardaş Türkiyə dövlətinin ixtisaslaşmış xəstəxanalarında müalicəyə göndərilməsi ictimaiyyətdə xüsusi məmnunluqla qarşılanır. Belə olan halda, qazilərimizə və pensiya imtiyazı qazanmış vətəndaşlarımıza bəzi məmurların göstərdikləri biganəlik ictimaiyyətdə təəssüf və qəzəb hissi doğurur. Şübhə doğurmur ki, müharibədən sonra böyük quruculuq mərhələsinə qədəm qoymuş Azərbaycan dövləti, sözügedən sahədə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində yaxın zamanda köklü islahatlar aparacaq, xüsusi risk qrupuna aid olan pensiyaçıların hüquqlarının pozulmasına rəvac verən qüvvələrin çirkin əməllərinə son qoyacaq. Çünki, hər bir Azərbaycan insanı bu ölkədə qanunla təsbit edilmiş pensiya imtiyazı da daxil bütün zəruri təlabatlardan yararlanmağı haqq edir. Bu haqqı insanlarımıza çox görən acgöz məmurların qısa bir zamanda araşdırılıb cəzalandırılması, öncə dövlətin və  ictimaiyyətin tələbidir.

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru     

 

 

Daha çox xəbərlər