Azərbaycanın səsi bütün dünyada eşidilir
Ədaləti, beynəlxalq hüququ zamana və məkana görə tətbiq edən aparıcı dövlətlər, beynəlxalq hüquq müdafiə təşkilatları yanaşmalarında müsbət dəyişikliklər etməklə Zəfərimizin yaratdığı reallıqlarla barışdıqlarını təsdiqləyirlər
Vətən müharibəsində tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, 30 ilə yaxın dövrdə beynəlxalq hüququ, ədaləti maraqlarının arxasında əridən dövlətlərin, beynəlxalq təşkilatların bu mövqeləri ilə hansı problemlərə yol açdıqlarına işıq saldı. Postmüharibə dövrünün reallıqlarından bəhs edərkən «Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq», eyni zamanda, «Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» kimi fikirləri ilə Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurulduğunu və inkişaf etdirildiyini önə çəkən dövlət başçısı İlham Əliyev bildirir ki, biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.
10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra istər regionda, istərsə də dünyada baş verən hadisələrə diqqət yetirsək, diktə edən tərəfin Azərbaycan olduğunu açıq-aydın görərik. Azərbaycan dünyaya bu reallığı çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi aparıcı dövlətlərin, beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellekti, diplomatik məharətini, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Ölkə Prezidenti dünyanın nüfuzlu mətbu orqanlarına çoxsaylı müsahibələrində, həmçinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verərək, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı, Azərbaycan Ordusunun uğurları barədə danışaraq, ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqlayaraq Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu bildirdi. Cənab İlham Əliyev hər bir debatda ölkəmizin mövqeyini aydın şəkildə ifadə edərək qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Postmüharibə dövrünün reallıqlarına uyğun olaraq cari ildə həm ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda baş tutan müzakirələrdə dövlət başçısı İlham Əliyevin diqqətə çatdırdığı əsas məqamlardan biri bu olmuşdur ki, müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var. Ölkə Prezidenti onu da vurğulayır ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb.
Ölkəmiz münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Ölkə Prezidenti İlham Əliyev gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Bu inam da ifadə edilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə Azərbaycanın çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyi, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyi bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Münaqişənin həlli tamamilə yeni mühit yaradır. Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün rəhbərlər ölkələrini fəlakətə sürükləyirdilər.
Real olan budur ki, müharibə vaxtı baş verənlər ədalətin, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Bütün bunlar dünyanın gözü qarşısında cərəyan etdiyi halda Ermənistan bu gün də Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparır, uydurmalar yayır, Azərbaycanın sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatını aparır. Təəssüflər olsun ki, işğalçı dövlətin bu uydurmalarına Fransa kimi dünyanın gücləri bu gün də dəstək göstərməkdən çəkinmirlər.
Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan dünyanın ikili siyasətinin yaratdığı problemləri diqqətə çatdıraraq, bu ədalətsizliyə son qoymağın vacibliyini bəyan edir. Ölkəmiz istər tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik islahatlar prosesinə münasibətdə bu qərəzli yanaşmanın şahidi olub. «Freedom Hauese», «Human Rights Watch», «Amnesty İnternational» kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Azərbaycana qarşı qərəz, Ermənistana sevgi daim özünü qabarıq şəkildə büruzə verib. Bu təşkilatların arxasında duran nüfuzlu dövlətlər daim atılan bu məqsədli addımları ört-basdır etmək üçün təsadüf adı ilə pərdələməyə çalışsalar da həqiqət zaman-zaman üzə çıxıb.
«Human Rights Watch» təşkilatı mütəmadi olaraq dünya dövlətlərində insan hüquqlarının vəziyyəti ilə əlaqədar hesabatını açıqlayır. Hər zaman bu hesabatlarda təcavüzə məruz qalan Azərbaycan insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu, mətbuat azadlığının boğulduğu, işğalçı Ermənistan isə demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdim edilib. İllər sonra adları çəkilən beynəlxalq hüquq müdafiə təşkilatları 2019-2021-ci illər üçün hesabatlarında nəhayət, ədalət meyarından çıxış edərək Ermənistanda yaşanan siyasi və iqtisadi böhranı olduğu kimi əks etdirmələri gec də olsa ədalətin yalan üzərində qələbəsini nümayiş etdirdi. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün mənbədir. Eyni zamanda, ədalət ən böyük meyardır.
Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar həqiqətləri inkar yolunu tutsalar da, Azərbaycan heç zaman tutduğu yoldan geri çəkilməyib, beynəlxalq hüquqa, demokratik dəyərlərə daim hörmətlə yanaşıb, bunu əməli işində təsdiqləyib. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut edərək, ölkədə insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində davamlı addımlar atır. Ən əsası insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızın qəbulundan ötən 26 ildə bu ali sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib ki, edilən əlavələr insan amilinə verilən dəyərin nümayişi olub. Vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi önə çəkən cənab İlham Əliyev siyasi və iqtisadi islahatların davam etdirilməsini zamanın tələbi kimi diqqətə çatdırır: «Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik.»
İkili yanaşmalar daim əldə olunan uğurları, keçilən yolu təhlil etməyi bir zərurətə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, dünyanın ikili siyasətinə diqqət yönəldilməsin. « Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər… Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi» söyləyən ölkə Prezidenti ədalət meyarına fərqli yanaşmanı diqqətə çatdırır. Bu yanaşmaların formalaşmasında sözsüz ki, Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı, dünyaya ən yüksək tribunalardan səsləndirdiyi «Bütün dövlətlərə vahid meyarlarla yanaşılmalıdır» kimi çağırışları əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, dünyanın ikili standartlarının mövcudluğuna baxmayaraq, geri çəkilmir, daim irəli baxır, erməni yalanlarına qarşı ədalətli mövqeyimizi, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızı, ən əsası gücümüzü, birilyimizi, həmrəyliyimizi nümayiş etdiririk. Təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz görülən işlərin, əldə olunan uğurların zirvəsi oldu.
Vətən müharibəsindən əvvəlki dövrün reallıqlarını təhlil etdikdə görürük ki, bəzi dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanda ən kiçik bir olayı lupa ilə izləmələri, amma maraqlarının həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi işğalçı, demokratiya anlayışından bixəbər olan dövlətdə cərəyan edən proseslərə göz yummaları daim rəsmi Bakı tərəfindən sərt reaksiya ilə cavablandırılıb. Görəsən, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətlərini təmsil edən beynəlxalq hüquq müdafiə təşkilatları Zəfərimizin diktə etdiyi reallıqlara qədər bu suallar ətrafında düşünürdülərmi? Dünyanın ikili siyasətinə və bu yanaşmadan yaranan Ermənistanın ərköyünlüyünə işıq salan faktlar saysız-hesabsızdır.
Amma bu gün tamamilə fərqli bir mənzərəni müşahidə edirik. Ermənistanda insan hüquqlarının və əsas azadlıqlarının acınacaqlı durumu barədə beynəlxalq təşkilatlar tərəfindən ciddi hesabat sənədləri tərtib olunmaqdadır. Zamanında Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı kütləvi şəkildə qanun pozuntuları və bəşəri cinayətlər törədən Ermənistana və onun atdığı qanunsuz addımlara münasibətdə qeyri-adekvat mövqe tutan ermənipərəst dövlətlər və təşkilatlar necə oldu ki, həqiqətləri etiraf etməyə məcbur oldular? Əvvəldə də qeyd etdiyimiz kimi, bu məcburiyyətlərə əsas verən Azərbaycanın Qələbəsi, həqiqətlərin öz təsdiqini tapmasıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, daim Azərbaycana qarşı qərəzli mövqe tutan “Human Rights Watch”, “Amnesty International”, “Freedom House”, “İnernational Federation for Human Rights”, “Transparency İnternational” kimi təşkilatlar, ABŞ Dövlət Departamenti Ermənistanda demokratik inkişafa dair real vəziyyətin ümumi mənzərəsini yaratmağa çalşırlar. Həmin hesabatlarda COVID-19 pandemiyası ilə mübarizə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi dövrlərində hüquqları tamamilə əllərindən alınan, azadlıqları məhdudlaşdırılan Ermənistan cəmiyyətinin ciddi ictimai və siyasi böhran yaşamasından bəhs olunur. Ölkə üzrə irqi ayrı-seçkilik və dözümsüzlük, polis tərəfindən zor tətbiq edilməsi, işgəncə, vətəndaşlarla pis rəftar edilməsi nümunələri, hüquq müdafiəçilərinə qarşı amansız tədbirlər, cəzaçəkmə və islah müəssisələrində dözülməz vəziyyət, korrupsiyanın bütün sahələrdə hökm sürməsi və şəffaflığın olmaması kimi neqativ hallara dair məlumatlar sənədlərdə öz əksini tapıb. Emənistanda siyasi vəziyyət dain gərgin olub, demokratik dəyərlərdən danışmaq isə sadəcə utopiyadır. Maraqlıdır ki, o illərlə bu günün müqayisəsində heç bir fərq yoxdur. Ermənistan hakimiyyəti beynəlxalq hüququn mövcudluğunu inkar edirsə, onun demokratik dəyərlərə hörmətlə yanaşması mümkünsüzdür.
Bütün bunlar onu deməyə əsas verir ki, Zəfərimizin yaratdığı reallıqlar hər sahədə yeniliklərə, həqiqətlərin təsdiqlənməsinə yol açıb. Dünya dövlətləri siyasətlərində yeniliklər etməklə həm bu günədək formalaşdırdıqları etimadsızlıq mühitini dəyişə, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasına dəstək olmaqla bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təminatına böyük töhfələr verə bilərlər. Reallıq budur ki, Azərbaycanın səsi indi bütün dünyada eşidilir, ermənilərin illərdir yaratdıqları miflər dağıdılıb, haqqın, ədalətin qələbəsinin qaçılmaz olduğu öz təsdiqini tapıb.

