Cəbhədən Xəbər 

Təxribatlara son qoyulmalıdır!

Müdafiə Nazirliyi xəbərdarlıq etdi

Son günlər Ermənistan silahlı qüvvələri bölmələrinin dövlət sərhədimizin əsasən Naxçıvan və Kəlbəcər istiqamətlərində atəşkəsi pozması ilə bağlı xəbərlər mütəmadi hal almaqdadır. Vətənin keşiyində ayıq-sayıq dayanan ordumuzun adekvat cavab tədbirləri nəticəsində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, atəş nöqtələri susdurulur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı məlumatlarında baş verənlərlə bağlı bütün məsuliyyəti Ermənistanın hərbi xunta rejiminin daşıdığı xüsusi olaraq qeyd edilir. Vətən müharibəsində qazandığımız Qələbəni həzm edə bilməyən düşmən ölkənin rəhbərliyi hər vasitə ilə 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatın müddəalarını pozmağa cəhd göstərir. Azərbaycanın postmüharibə dövrü üçün bölgədə sülh çağırışlarına qoşulmaq əvəzinə, düşmən ölkənin yeni müdafiə naziri Arşak Karapetyan Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə göstəriş verib. Son günlər ərzində Ermənistanın üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması vəziyyətin daha da gərginləşdirilməsinə yönəlib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son hadisələrlə bağlı 11 avqust tarixində yaydığı məlumat məsələyə əvvəlkilərdən daha kəskin mövqe bildirilməsi ilə fərqlənir. Xəbərdarlıq xarakterli məlumatda göstərilir ki, 10 noyabr Bəyanatına uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Üstəlik, son günlər ərzində Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Məlumatda Ermənistan tərəfinin məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atdığı bildirilir və  xəbərdarlıq edilir ki, Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq.

Məlumatın daha bir diqqətçəkən məqamı isə Rusiya Federasiyası sülhməramlı qüvvələrinə üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymaları ilə bağlı xəbərdarlığın edilməsidir.

Hərbi ekspert Ramil Məmmədli Azərbaycan Müdafiə Nüzirliyinin xəbərdarlığı ilə bağlı “İki sahil”ə açıqlamasında təəssüflə bildirdi ki, Rusiya sülhməramlı qüvvələri üzərlərinə düşən öhdəliyi icra etmək əvəzinə onlara aid olmayan işlərlə məşğuldurlar: “Rusiyanın üzərinə götürdüyü əsas öhdəliklərdən biri də ondan ibarət idi ki, nəinki Ermənistan ordusunun Qarabağda qalmış bölmələri, eyni zamanda keçmiş prezidentlər Robert Koçaryanın, Serj Sarkisyanın, həmçinin seperatçılar Vitali Balasanyanın, Araik Arutunyanın və Bako Saakyanın nəzarətində və tabeliyində olan digər erməni hərbi birləşmələri də tərksilah edilməli və ərazidən çıxarılmalıdır. Lakin bu öhdəlik icra olunmadı. Artıq onuncu aydır ki, Rusiya sülhməramlıları Qarabağ ərazisində erməni hərbi birləşmələrinin maddi-texniki təminat xidməti rolunu oynayır. Hesab edirəm ki, bu məsələyə Müdafiə Nazirliyi ilə bərabər, digər aidiyyəti dövlət orqanları səviyyəsində də ciddi münasibət bildirilməlidir”.

Daha çox xəbərlər