Siyasət 

GUAM ərazisindəki separatizm ocaqları – Azərbaycan öz “göbəyini” özü kəsdi

2-ci Qarabağ müharibəsində bu qurumdan tam dəstək alan Bakı üzv dövlətlərlə sıx əməkdaşlıq içindədir, politoloq deyir ki…

İki ay sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30-cu ildönümüdür. 30 ildə Azərbaycan müstəqilliyini möhkəmlədib. Bu istiqamətdə həyata keçirilən işlər sırasında ölkəmizin dünya birliyinə inteqrasiyası, dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması, əməkdaşlıq formatlarında iştirakı prioritet istiqamətlərdən olub. Bu inteqrasiya çərçivəsində Azərbaycanın birbaşa iştirakı ilə regional beynəlxalq əməkdaşlıq təşkilatı GUAM qurulub.

GUAM keçmiş SSRİ məkanında baş verən proseslərin qiymətləndirilməsi nəticəsində iqtisadi və təhlükəsizlik məsələləri üzrə mövqeləri üst-üstə düşən 4 dövlətin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) birliyidir. Birliyin fəaliyyətinin əsasında şəffaflıq və aşkarlıq prinsiplərinə uyğun üzv ölkələrin qarşılıqlı əməkdaşlığı durur.

10 oktyabr 1997-ci ildə Strasburq şəhərində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova prezidentlərinin görüşündə GUAM adlı siyasi-məsləhətləşmə forumu yaradılıb. Strasburq Bəyannaməsi GUAM ölkələri arasında siyasi və digər əməkdaşlıq səviyyəsini yüksəltmək, keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə baş verən əsas məsələlər və proseslər üzrə mövqelərini uzlaşdırmaq, onların bir təşkilat çərçivəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə qurulub. 24 aprel 1999-cu ildə Vaşinqtonda üzv dövlətlərin dövlət başçılarının sammiti zamanı GUAM-a Özbəkistan Respublikası da qoşulub.

Beləliklə, birlik genişləndirilərək 5 ölkəni əhatə etmiş və GUÖAM adlandırılırdı. 2005-ci ilin may ayında Özbəkistan prezidenti İslam Kərimov GUÖAM-ın o dövrdəki sədri Moldova prezidenti Voroninə məktub göndərərək təşkilatı tərk etmək niyyətində olduğunu bəyan edib. Bunun səbəbini isə ölkənin coğrafi mövqeyinin belə bir əməkdaşlığa imkan verməməsi ilə əsaslandırmışdı.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, GUAM-ın məqsədi sosial-iqtisadi inkişafa, ticarət əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə yardım etməklə, üzv ölkələrin təhlükəsizlik məsələləri də daxil olmaqla, onların sıx əməkdaşlığına nail olunmasıdır: “Bu qurum həmçinin üzv ölkələrin nəqliyyat-kommunikasiya sisteminin və onların ərazisində yerləşən müvafiq infrastrukturların GUAM-ın maraqlarına uyğun inkişafı və səmərəli istifadə olunması ilə də məşğul olur. GUAM-ın digər vəzifəsi bütün fəaliyyət sahələrində regional təhlükəsizliyin möhkəmləndirilməsi, elm, mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafı məsələləridir. Təşkilat 2003-cü ilin dekabrından BMT-nin Baş Məclisində müşahidəçi statusuna malikdir. GUAM üzvü olan dövlətlər arasında azad ticarət zonası yaradılması haqqında saziş, terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizə sahəsində saziş mövcuddur. Bütün GUAM ölkələri TRASEKA proqramının iştirakçılarıdır. GUAM-ın Nizamnaməsinə görə, demokratik dəyərlərin bərqərar olunması, davamlı sosial-iqtisadi inkişafın təmini, beynəlxalq və regional təhlükəsizliyin qorunması, Avropaya sıx inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi Təşkilatın başlıca məqsədləridir.

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az

 Qabil Hüseynli

GUAM dövlət başçılarının konkret qrafiklə müəyyən olunan zirvə toplantıları keçirilir. Kiyev Zirvə Toplantısında qəbul olunmuş “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlət başçılarının münaqişələrin nizamlanması üzrə Birgə Bəyannamə”sində bildirilir ki, GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız dövlətlərinə suveren hüququnun qorunması, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında həyata keçirilə bilər və bu, GUAM çərçivəsində əməkdaşlığın üstün istiqamətlərindən hesab edilir”.

Politoloq xatırlatdı ki, GUAM-a üzv olan dövlətlərin hamısının ərazisində separatizm ocaqları mövcuddur. Bu dövlətlər həm ikitərəfli əməkdaşlıq formatında, həm də GUAM çərçivəsində bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: “2020-ci ildə Vətən müharibəsində GUAM Azərbaycanı müdafiə etdi. Eyni zamanda üzv dövlətlər ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görüblər. Belə ki, onların BMT və digər beynəlxalq təşkilatlarda birgə mövqedən çıxış edərək məqsədyönlü şəkildə fəaliyyət göstərmələri üçün razılaşma əldə olunub”.

Söz düşmüşkən, 2-ci Qarabağ savaşında dost-müttəfiq ölkələrin və regional qurumların ölkəmizə dəstəyi əlbəttə ki, çox mühümdür və heç vaxt unudulımayacaq, ancaq o da faktdır ki, Azərbaycan öz “göbəyini” özü kəsdi – Qarabağ problemini hərbi-siyasi yolla demək olar, həll etdi…

GUAM-a gəlincə, quruma sədrlik hər dəfə bir il müddət olmaqla növbəlilik əsasında həyata keçirilir. Hazırda GUAM-ın baş katibi Azərbaycandan Altay Əfəndiyevdir. 2016-cı ildən etibarən 2019-cu ilədək  hər il GUAM-ın əsas orqanının – Dövlət və Hökumət Başçıları Şurasının iclası keçirilirdi. Digər qəraredici orqan isə – XİN Şurası il ərzində 2-3 dəfə görüşürdü. Təkcə sammitlərin keçirilməsi ilə təşkilatın fəaliyyətinə və işinin səmərəsinə ciddi təsiri saxlanılırdı. 2020-ci ilin əvvəlindən koronavirus pandemiyası üzündən bu davamlılığı təmin etməkdə çətinliklər var.

Daha çox xəbərlər