İşğalçı ölkənin ekoloji terror siyasəti: Faktlar və rəqəmlər nə deyir?
Nazirlik rəsmisi: Biz dünya ictimaiyyətini Ermənistan tərəfindən həyata keçirilmiş ekoloji terrora ədalətli qiymət verməyə və beynəlxalq hüququn prinsiplərinə söykənərək müvafiq addımlar atmağa çağırırıq
Terror siyasəti Ermənistanın dövlət strategiyasının əsasını təşkil edir. Azərbaycanlılara qarşı istər ötən əsrin əvvəllərində, istərsə də sonlarında soyqırım siyasəti yürüdən Ermənistan saysız-hesabsız qırğınlar törətməklə təsdiq etdi ki, terrorçuluq bu ölkə üçün xarakterikdir. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror siyasətini bu gün də davam etdirir, ölkəmizin fauna və florasını məhv etməkdən çəkinmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd edib ki, Ermənistanın 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi ekoloji terror siyasəti ölkəmizin təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurmuşdur: “Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini tapdalamaqla öz xislətinə uyğun olaraq ekoloji terror həyata keçirmişdir. İşğal müddətində Ermənistan meşə zolaqlarının qırılması və yandırılmasını, suların çirkləndirilməsini, flora və fauna növlərinin məhv edilməsini, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini dövlət siyasətinə çevirmişdir”.
M. Nəbiyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında 503 inzibati ərazi vahidinin 90%-də ekoloji monitorinq keçirilmişdir: “İşğaldan azad edilmiş ərazilərdə aparılmış ilkin monitorinqlərin nəticəsində 54 min 328 hektar meşə sahəsinin məhv edildiyi, 43 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərində qiymətli fauna və flora növlərinə ciddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Bəsitçay Dövlət Təbiət Qoruğunda 50%, Laçın Dövlət Təbiət Yasaqlığında 40%, Arazboyu Dövlət Təbiət Yasaqlığında 92% meşə ərazisi məhv edilmişdir. Regionda qeyri-meşə fondu torpağında mövcud olmuş 1 milyonadək ağac və kol məhv edilmişdir.
“Təbiət abidələrinin mühafizə olunması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 nömrəli Qərarına əsasən Qarabağ regionunda ümumilkdə 165 təbiət abidəsi (152 qədim ağac, 6 geoloji-palentoloji abidə, 7 qiymətli meşə sahəsi) qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür. 1982-ci ildə qeydiyyata alınmış təbiət abidəsi statuslu 152 qədim ağacdan bu rayonların ərazisində olan 138-dən 122-nin məhv edildiyi qeydə alınmışdır. Bunlardan da 117-si “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş yaşı 1600 ilədək, diametri 800 sm-dək olan Şərq çinarları olmuşdur.
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 167 mineral-xammal yatağından 35-nin istismar edildiyi müəyyən olunmuşdur”.
Həmsöhbətimiz qeyd edib ki, nazirlik tərəfindən transsərhəd çaylarda aparılan monitorinqlər zamanı Zəngilan rayonunun Ermənistanla sərhəd ərazisində Oxçuçaydan götürülmüş su nümunələrində ağır metalların (mis, molibden, manqan, dəmir, sink, xrom və s.) miqdarı normadan on dəfələrlə çox qeydə alınır: “Monitorinqlərin nəticələri və çay bioresursların kütləvi halda məhv olması faktları Oxçuçayın Ermənistan ərazisindəki mədən sənayesi tullantıları ilə çox ciddi çirkləndirilməsini təsdiq edir. Qərbi Zəngəzurda yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatının toksiki tullantıları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab və müxtəlif təyinatlı istehsalat obyektlərinin tullantı suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır.
Ətraf mühitin qorunması məsələləri gözlənilmədən Ermənistanın dağ-mədən sənayesinin inkişafı Şərqi Zəngəzurda ekosistemə ciddi təhdid yaradır. Bu, həmçinin Kür və Araz çaylarının çirklənməsinə səbəb olur.
Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən həyata keçirilmiş ekoloji terrora ədalətli qiymət verməyə və beynəlxalq hüququn prinsiplərinə söykənərək müvafiq addımlar atmağa çağırırıq”.

