Gündəm 

Atəşkəsi kəsərdən salan «sülhməramlı missiya»

Ötən ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya dövlət başçılarının, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda razılaşdırılan bütün bəndlərin, yerinə yetirilməli olan öhdəliklərin hər biri bölgədə sülhün yaranması üçün nəzərdə tutulurdu. Qarabağ bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılmasını tələb edən Bəyanatda qeyd olunan əsas amil bu idi ki, Rusiyanın sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılmasına paralel olaraq yerləşdirilməlidir.

Bu gün narahatlıq doğuran mövcud vəziyyətdən aydın olur ki, BMT kimi nüfuzlu təşkilatın 4 qətnaməsini 30 il ərzində yerinə yetirməyən Ermənistan üçün imzalanan heç bir sənəd daşnak ideologiyası qədər qanuni deyil. Müharibənin bitməsini bildirən atəşkəs elan olunduqdan sonra da Ermənistan tərəfindən Gəncədə, Bərdədə, Tərtərdə, Goranboyda və digər ərazilərimizdə törədilən təxribatlar nəticəsində xeyli dinc sakin qətlə yetirildi.

Bəyanatdan sonra da işğaldan azad olunmuş ərazilərdə təxribatlar, hərbi, ekoloji terrorlar törədən Ermənistanın quldur dəstələri vandallıqlarını davam etdirdilər. Erməni silahlılarının 10 noyabr razılaşmasında nəzərdə tutulan şərtləri atəşkəsə nəzarət etməli olan Rusiya sülhməramlılarının gözü qarşısında, «nəzarəti altında» pozması müəmmalı olduğu üçün suallar doğurur. Ermənistanın vədə əməl etməməsi, separatçı silahlılarını ərazidən çıxarmaması və şərtlərə əhəmiyyət verməməsi yeganə hal deyil. Amma Xankəndiyə əlavə qüvvələrin yerləşdirilməsi, Muxtarkənddə, Şuşakənddə, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni erməni postlarının qurulmasına göz yumulması imzalanan Bəyanata etinasızlıq, ermənilərə açıq-aşkar dəstəkdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində missiyyalarını yerinə yetirmədiklərinin sübutudur. Ermənistan və Rusiyanın daxil olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin İrəvana səfəri, Xankəndinə İrandan üzərində Ermənistan nömrə nişanlı yük maşınlarının hərəkətinin intensivləşməsi şübhələri artırır. Bəyanatda nəzərdə tutulan şərtlərdən kənar hadisələrin baş verməsi isə antiterror əməliyyatlarını aktuallaşdırır. Halbuki hamı kimi, Rusiya da başa düşməlidir ki, bu ölkənin sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilər Azərbaycana məxsusdur və hadisələrə Azərbaycanın qanunları əsasında nəzarət olunmalıdır. Erməni separatçılarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmaması üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır. Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə dislokasiyası növbəti müharibə ilə bağlı çağırışların anonsu kimi narahatlıq doğurur. Ermənistanın məqsədli şəkildə törətdiyi bu kimi halların qarşısının alınmaması isə işğalçını növbəti təxribatlara şirnikləndirir.

Bütün bunlar Ermənistanın yeni müdafiə nazirinin orduya bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Ermənistanla hərbi sahədə ikitərəfli formatda və KTMT çərçivəsində əməkdaşlığını etiraf edən, Ermənistanı əsas müttəfiqi və tərəfdaşı adlandıran Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada ermənistanlı həmkarı ilə görüşündə bildirib ki, ölkəsi Ermənistan ordusunun modernləşdirilməsinə və orduda islahatların aparılmasına köməyini davam etdirməyə hazırdır. Bu «əməkdaşlığı» guya bölgədə sabitliyin qorunması baxımından dəyərləndirən S. Şoyqunun açıqlamasında səsləndirdiyi «hərbi hazırlıqla» «sülhməramlı missiya» ifadələrinin eyni məqsəd naminə işlədilməsinin özü sülhyaratma prosesinə kölgə salır, şübhə yaradır. Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyini xatırladan rusiyalı nazir həmin hərbi bazanın yaxşı təchiz edildiyini və təhlükəsizliyin qarantı olduğunu da əlavə edib. «Bu gün Rusiya təkcə Dağlıq Qarabağa deyil, həm də birbaşa Ermənistan sərhədlərində təhlükəsizlik məsələlərinə diqqət göstərir. Biz sıx və səmərəli əməkdaşlığa hazırıq» söyləyən Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiyanı erməni xalqının təhlükəsizliyinin təminatı adlandırması Azərbaycanın ən populyar və sevilən filmlərindən olan «Bəxtiyar» kinosunda səsləndirilən «Bibi Yusifi sevir, Yusif də bibini» sözlərini xatırladır.

Amma Şuşa, Bakı Bəyannamələrini yada salaraq bildirək ki, Azərbaycan –Türkiyə- Pakistan üçlüyünün birliyi də Qarabağda müharibəni alovlandırmaq, təhlükə yaratmaq istəyən qüvvələrə adekvat cavab vermək qüdrətindədir.

«Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi də ehtiyac duyulduğu anda görüləcək işlərin diqqətdə saxlanıldığını bildirir: «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.»

Müzəffər Ordumuzun Ali Baş Komandanının rəhbərliyi ilə zamanında keçirilən Şuşa əməliyyatı xalqımıza uğur qazandırdı. Bu uğurun növbəti sevincini Xankəndi ilə bağlı yaşayacağımıza əminik. Hələ də dünya siyasətinin «şahmat taxta»sında sıravi olduğunu məsuliyyətsiz açıqlamaları, seçimləri ilə bildirən Ermənistan rəhbərliyinin hərdəmxəyallığı, Rusiya ilə Qərb arasında « ya bundadır, ya onda» oyununda etdiyi gedişlərin «mat»la nəticələnən sonluğunu zaman göstərəcək.

Daha çox xəbərlər