Son 3 ildə diaspora işində müsbət dəyişikliklər
Əhməd Şahidov: “Bizim sözümüzü deyəcək yerli lobbi qruplarının formalaşdırılmasına da nail olmalıyıq”
Son illərdə Azərbaycan dünyada diaspor quruculuğu və lobbiçilik işini təşkil etmək üçün kifayət qədər güc sərf edib. Xüsusilə 2018-ci ilin aprel ayında Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsindən sonra bu istiqamətdə görülən işlər daha da sürətlənib.
Görülən bu işlərin müsbət nəticələrini ötən ilin iyulunda Tovuz istiqamətində erməni təxribatları zamanı və 44 günlük II Qarabağ savaşında gördük. Dünya azərbaycanlıları bir həmrəylik nümayiş etdirdilər ki, burada da Diasporla İş üzrə Dövlət Komitəsinin rolu danılmazdır.
Beynəlxalq təşkilatlarda və xarici mediada Azərbaycan həqiqətlərini davamlı olaraq müdafiə edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müsbətə yönəlik olan dəyişikliklərdən söz açdı: “Ümumiyyətlə, Azərbaycanda diaspora anlayışı yeni-yeni formalaşmaqdadır. Müstəqillik əldə etdikdən sonra azərbaycanlılar dünyanın dörd bir yanına səpələnsələr də, xaricdəki azərbaycanlı icmalar arasında bir koordinasiya mövcud deyildi. Məhz Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra bu koordinasiya quruldu. Lakin burada da müəyyən boşluqlar var idi. Bir çox ölkələrdə birtərəfli formada fəaliyyət aparıldı – müəyyən qrup insanlarla sıx əməkdaşlıq edildisə, digər bir qrup kənarda buraxıldı ki, bu da haqlı narazılıq və umu-küsüyə yol açdı. Son 3 ildə diaspora siyasətimiz müəyyən islahatlar həyata keçirə bilib. Bir çox ölkələrdə Azərbaycan evləri formalaşdırılıb, xaricdəki azərbaycanlılar daha çevik və mobil qüvvəyə çevrilməkdədirlər. Amma bu, 1-2 ilin içində yekunlaşacaq proses deyil. Nəzərə alsaq ki, bizim əsas rəqibimiz dünyanın dörd bir yanına səpələnmiş və sayı 4-5 milyona yaxın olan güclü təşkilatlanmış erməni lobbisidir, o zaman daim üzərimizdə işləməliyik və minimum qüvvə ilə maksimum nəticələr əldə etməyi bacarmalıyıq. Müəyyən mənada bunu bacarırıq. Amma yenə də diaspora siyasətimizdə axsadığımız məqamlar var. Bu gün xaricdəki azərbaycanlılar əsasən Bakıdan gələn göstərişlər və tezislər əsasında addımlayırlar. Və ya Bakının xoşuna gəlmək üçün fəaliyyət göstərirlər. Yaşadıqları ölkələrdə real nəticələrə hesablanan çox az addımların atıldığını görürük. Məsələn, beynəlxalq təşkilatlarda, beynəlxalq mediada və xarici televiziyalarda çalışan azərbaycanlıların sayı yetərincə deyil. Həmin azərbaycanlıların da əksəriyyəti Azərbaycanla əlaqələrini itiriblər. Bu sahədə erməni lobbisinə uduzuruq, təəssüf”.

Müsahibimiz fikirlərinə bu cür davam etdi: “44 günlük II Qarabağ müharibəsində bir çox dünya kanalları münaqişəni birtərəfli işıqlandırdı, Ermənistanın maraqlarına daha çox yer verildi. Dünya mediasında ayrı-ayrı fərdlərin çıxışları özfəaliyyətdən başqa bir şey deyildi. Bu məsələdə yüksək səviyyəli koordinasiya görə bilmədik. Bir çox hallarda erməni yalanları dünya mediasında Azərbaycan həqiqətlərini üstələyirdi. Məsələn, 44 günlük müharibədə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq heç bir dövlət qurumundan və ya rəsmi dairələrdən dəstək görmədən, sırf öz təşəbbüsümlə Əl-Cəzirə, Əl-Ərəbiyyə, TRT Arabiyya, ANews, TRT World kimi dünya kanalları ilə yanaşı, Türkiyənin Ulusal Kanal, Kanal24, ON4 və digər xəbər kanallarına toplam 100-dən çox müsahibə və açıqlama verdim. Təbii ki, bu, bizim vətəndaşlıq borcumuzdur. Hər bir fərd öz sahəsində Vətənə faydalı olmağa çalışmalıdır. Bizlər də dünya mediasında Azərbaycan həqiqətlərini yaymaqla məşğul idik. Amma yenə deyirəm ki, bütün bu fəaliyyətlərimiz öz təşəbbüsümüz və öz imkanlarımız hesabına reallaşırdı. Bəzən çətinliklə, bəzən də sırf təsadüfən bu televiziyalara çıxış əldə edə bilirdik. Respublika səviyyəli qurumlar, hökumət nümayəndələri və rəsmi dairələrdən kimsə maraqlanmırdı. Hamı müharibə meydanında gedən proseslərə fokuslanmışdı. Halbuki müharibənin bir də informasiya savaşı deyilən tərəfi var. Azərbaycanın haqlı savaşında Müzəffər Ordumuz nə qədər güclü olsa da, qazanılan qələbələri dünya arenasında əsaslandırmaq da bir o qədər vacib şərtdir. Bizlər isə bunu öz gücümüzlə edirdik. Ölkə başçısının fəaliyyətinə baxırdıq və bir növ güc alırdıq Ali Baş Komandandan. Onun gündəlik olaraq, dünya kanallarına verdiyi müsahibələr bizlər üçün bir yol xəritəsinə çevrilirdi. Amma yenə də bacardıq deyə düşünürəm. İndi isə keçilən bu yolda buraxılan səhvləri düzəltmək və gələcəkdə daha güclü və təşkilatlanmış şəkildə mübarizə aparmağa çalışmalıyıq. Bu baxımdan, ilk növbədə dünya mediası ilə sistemli iş aparmalıyıq. Dünyada xəbər istehsal edən bir sıra aparıcı televiziya, qəzet, radio və xəbər portalları fəaliyyət göstərir ki, onlarla yaxından işləmək lazımdır. Həmin media quruluşlarında özümüz də çıxış etməliyik, bizim sözümüzü deyəcək yerli lobbi qruplarının formalaşdırılmasına da nail olmalıyıq. Bu da çox mühüm amildir. Çünki bir azərbaycanlının dünya mediasında və ya hansısa beynəlxalq təşkilatda Azərbaycanı müdafiə etməsi təbii qarşılanır. Bunu etməliyik, amma qeyri-azərbaycanlıların da xaricdə Azərbaycanı müdafiə etməsi məsələsini da unutmaq olmaz. Bu, daha vacib amildir. Bu məsələdə Rusiyada müəyyən addımlar ata bilmişik. Bu gün rus mediasında və Rusiyanın ictimai-siyasi dairələrində Azərbaycanın haqlı mövqeyini müdafiə edən bir neçə rus ekspert var ki, onların hər bir çıxışı erməni yalanlarına ciddi zərbə vurmaqdadır. Digər ölkələrdə də, xüsusən də ABŞ və Avropada bizi müdafiə edən yerli media nümayəndələri və ekspertlərimiz olmalıdır. Lobbi elə budur. Bu yaxınlarda ABŞ Nümayəndələr Palatasında Azərbaycana hərbi yardımların dayandırılması ilə bağlı qərar qəbul edildi. Səsvermə prosesində ermənipərəst konqresmenlərin necə canfəşanlıq etdiyini hamımız gördük. Az qala ermənidən daha çox ermənilik edirdilər həmin amerikan konqresmenlər. Bu nədir?! Bu, lobbiçilikdir. Azərbaycanın da belə lobbiçiliyə ehtiyacı var. Diasporamız bu istiqamətdə ciddi işləməlidir. Dövlətimiz də həmin şəxslərə dəstək verməlidir. Yoxsa xaricdə hansısa hotelin konfrans zalını kirayəyə götürüb tədbir keçirmək, sonra da fotoları Azərbaycan mətbuatında dərc etdirməklə işimizi bitmiş hesab etmək yalnışdır. Artıq bu dövr çoxdan keçib. Daha effektli, daha səmərəli və mobil şəkildə işləməliyik. Yenə deyirəm, Bakıda kimlərinsə görməsi üçün formal fəaliyyət heç kimə lazım deyil. Xaricdə – konkret ölkələrdə və şəhərlərdə ardıcıl və sistemli iş aparmaq lazımdır. Real nəticələri olan və Azərbaycana dividentlər gətirən konkret fəaliyyət ortaya qoyulmalıdır”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”

