Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq – Prezident İlham Əliyev

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizlə bağlı 12 avqust 2021-ci il tarixli fərmanları görüləcək işlərin səmərəliliyini artıracaq, soydaşlarımızın Böyük Qayıdışını sürətləndirəcək

Dövlət başçısı İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyənin CNN televiziya kanalının “Qarabağda hazırda hansı işlər görülür? Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı” suallarını cavablandırarkən bildirmişdir ki, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq: “Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik.”

O ki qaldı, böyük şəhərlərə qayıdışa, əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb. 50 mindən çoxdur: “Biz 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırmalıyıq, infrastruktur yaratmalıyıq. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni, bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm, bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.”

İlin əvvəlindən atılan addımlar, onların sistemli xarakter alması, ən əsası işğaldan azad edilmiş ərazilərdə təkmil, yeni idarəçilik sisteminin yaradılması hədəflərə yüksək səviyyədə, zamanında nail olacağımıza əsas yaradır. Dövlət başçısı İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı bu istiqamətdə mühüm addım oldu. İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə, idarəetmədə çevikliyin və səmərəliliyin artırılması günümüzün əsas tələbləri sırasından idi. Bu Fərmana uyğun olaraq əvvəl Qarabağın tacı Şuşamızda, sonra Ağdamda Prezidentin xüsusi nümayəndəliyi yaradıldı.

İşğaldan azad edilmiş rayonların iqtisadi potensialının ölkəmizin dayanıqlı inkişafına yönəldilməsi üçün «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in ardınca iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanın imzalanması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da qarşıdakı dövrdə görüləcək işlərin, bərpa və quruculuq işlərinin miqyasının aydın mənzərəsini yaradır. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Ölkə Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə də 2021-ci il üçün planlarını və tapşırıqlarını açıqlayarkən bildirmişdir ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.»

İşğaldan azad edilmiş ərazilərdə işlərin başlanılmasına başlıca maneələrdən biri bu torpaqların Ermənistan tərəfindən minalanması, ən əsası minalanmış sahələrin xəritələrinin verilməməsidir. Bu baxımdan minaların təmizlənməsi xeyli vaxt itkisinə səbəb olur. Artıq Ağdam şəhərində bu proses başa çatdığından şəhərin Baş Planının təqdimatı oldu. Növbəti mərhələdə bu işlər Şuşada həyata keçiriləcək. Ərazilər tam şəkildə minalardan təmizləndikdən sonra azad olunmuş ərazilərdə bərpa işlərinə başlamaq mümkündür. Bu torpaqlarda kənd təsərrüfatının inkişafı üçün bütün imkanlar mövcuddur. Məlumdur ki, son illərdə dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bunun üçün rayonlar arasında ixtisaslaşma aparılır, konkret sahələrin inkişafına xidmət edən Dövlət proqramları təsdiqlənib və hazırda uğurla icra edilir. İşğaldan azad edilmiş torpaqların malik olduqları potensial da nəzərə alınaraq bu məqsədə daha yüksək səviyyədə nail olmaq mümkündür. Belə ki, bu münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı xeyli artacaq.

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Yeni tikiləcək beynəlxalq hava limanları Qarabağ zonasını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına böyük kömək olacaq. Zəfər yolunun qısa zamanda istifadəyə veriləcəyi bildirilir. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək.

İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Dövlət başçısı İlham Əliyevin 12 avqust 2021-ci il tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında”, “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” fərmanları da bu torpaqlarda işlərin səmərəliliyinin artırılmasına xidmət edir. Həmçinin cənab İlham Əliyevin 12 avqust 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamə təsdiqləndi. Sənəddə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı əsasında müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə, bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur.

Bərpa və quruculuq işlərinə başlandığı gündən cənab İlham Əliyev bu ərazilərdə bütün işlərin beynəlxalq standartlara uyğun həyata keçirilməsini əsas tələb kimi qarşıya qoyub. Dövlət başçısının “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də bu məqsədlərə xidmət edir. Bu layihələr çərçivəsində nəzərdə tutulan işlərə diqqət yetirdikdə təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Artıq yeni texnologiyaların dili ilə bütün məqsəd və məramlar, hədəflər açıqlanır.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 28 May-Respublika Günündə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edərkən, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə” söyləyərək bu əminliyi də ifadə etmişdir ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq: “Mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.”

Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir vədini konkret əməli ilə təsdiqləyən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün işğaldan azad edilmiş torpaqlarımıza qalib Lider kimi səfərlərindən, bu ərazilərdə bərpa və quruculuq işlərinin sürətlənməsindən qürur hissi keçirir, imzaladığı hər bir sənədlə Dağlıq Qarabağın tarixə qovuşduğunu, yeni səhifənin açıldığını, ən əsası Azərbaycanın keçmişə deyil, daim gələcəyə baxdığını təsdiqləyir. İdarəçilikdə təkmilləşmə, yeniləşmə, hər bir rayonun malik olduğu ehtiyatlara uyğun atılan addımlar, şəhərsalmada müasirliklə keçmişin vəhdətinin qorunması təqdirəlayiqdir. Hər rayonda, kənddə ermənilərin dağıntılarının müəyyən bir hissəsinin saxlanılmasının nəzərdə tutulması təbliğat baxımından əhəmiyyətlidir. Həm Azərbaycanın gələcək nəsli, həm də bu yerlərə səfər edəcək turistlər, xarici qonaqlar erməni vəhşiliklərinin şahidi olacaqlar. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərimizdə bütün bərpa və quruculuq işləri təhlillər, davamlı müzakirələr, xarici mütəxəssislərin cəlb edilməsi ilə həyata keçirilir. Sözün əsl mənasında yaxın zamanlarda böyük potensiala malik olan Qarabağımızın cənnət məkana çevriləcəyini görəcəyik. Dövlət başçısı İlham Əliyevin “Şuşa, sən azadsan! Şuşa, səni dirçəldəcəyik!” kimi çağırışları bütün işğaldan azad edilmiş torpaqlarda gerçəkləşir.