Əli Kərimlinin trolları: Vətən sevgisini qrantlarla yandıran xainlər
Bu günlərdə Kəlbəcərdə, Laçında olan Prezident İlham Əliyevin AXC-Müsavat cütlüyünün xəyanətləri barədə söylədiyi fikirlərdə Azərbaycan xalqının iradəsi əks olunub
El arasında işlədilən «zatı qırıq», «südü xarab» sözləri adətən cəmiyyətdə hörməti olmayan, bəd niyyətləri, insanlığa yad əməlləri ilə lənətlənənlər haqqında deyilir. İllərdən bəri xalqına, Vətəninə xəyanət edən, iqtidarda olduqları müddətdə Azərbaycanı parçalanmaq təhlükəsi ilə üzləşdirən AXC-Müsavat cütlüyünün təmsilçiləri bu ada layiq olduqlarını xəyanətləri ilə çoxdan təsdiqləmişlər. Mənsəb, pul üstündə sözləri çəp gələn bu «mehriban düşmənlər»in ixtilafları bitib-tükənmir. «Beşinci kolon» yarandığı müddətdə belə Müsavatı çıxdaş edən AXCP sədri Əli Kərimlinin «fərasəti» nəticəsində hər iki partiya arasında gərginləşən məkrli oyunlar böyüyərək bütünlükdə düşərgədə də parçalanmaya səbəb oldu. Kresloya yiyələnmək naminə ən rəzil durumlara düşmələrinə baxmayaraq, maraqları naminə «birləşməklə» simasızlıqlarını, əqidəsizliklərini göstərən dağıdıcı müxalifətin tör-töküntülərini arada birləşdirən yeganə amil Vətənə xəyanətdə eyni yolda qoşa addımlamalarıdır.
Əvvəlki xəyanətlərini demirik, artıq bir ilə yaxınlaşan Zəfərimizin bütün dünya ictimaiyyəti tərəfindən etiraf edilməsinə baxmayaraq xalqımızı doğma torpaqlarına qovuşduran Qələbəmizi belə sükutla qarşılayan erməni təxəyyüllü bu xəyanətkarlar xarici havadarlarının çaldıqları havaya oynamağa davam edirlər. AXCP azmış kimi Qərbin formalaşdırdığı «beşinci kolon»dan da istifadə edərək bəd niyyətlərini həyata keçirən, Azərbaycanda qazanılan bütün uğurlara kölgə salmaqla qrant davasına çıxan trollarına yol göstərən Əli Kərimli, onun kimi düşünən Qənimət Zahid, «Milli Şura»nın («MŞ») oyuncaq sədri Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimiləri də xəyanətdə «islahatçı sədr»dən geri qalmırlar. Bu yaramazların xəyanətlərini «Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar» sözləri ilə ifşa edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətənə xəyanət xəstəliyinə düçar olan bu xainləri Azərbaycan xalqı çoxdan tarixin zibilliyinə atıb. Onlar artıq 30 ilə yaxındır ki, öz çirkablarında çürüyürlər. Azərbaycan xalqı üçün tarixi gün olan Şuşanın alınmasına belə nəinki sevinməyən, məğlub ermənilərlə birgə qara bağlayıb yas saxlayan, səslərini belə çıxarmayan Əli Kərimli tayfası milli xəyanətlərinə sadiq qaldılar. Şuşanı ermənilərə təhvil verənlər Azərbaycanın mədəniyyət paytaxtında keçirilən musiqi festivalına ermənilər qədər narahat oldular. Bütün türk dünyası üçün əlamətdar, tarixi hadisə, Azərbaycan –Türkiyə dostluğunun daha bir nümunəsi olan Müttəfiqlik Bəyannaməsinin, Azərbaycan –Türkiyə-Pakistan arasında imzalanan Bakı Bəyannaməsinin möhtəşəmliyindən ermənilər qədər qorxuya düşən Əli Kərimli və radikal düşərgənin tör-töküntüləri yenə də üzlərini Qərbə yönəldərək boyunlarını büküb əmr gözlədilər. İkinci Qarabağ müharibəsindən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və yenidənqurma işlərini heyrətlə izləyən xarici qonaqlardan fərqli olaraq Əli Kərimlinin trolları yenə də Azərbaycana qarşı təxribatlarını davam etdirərək Böyük Qayıdışın sürətləndirilməsinə hədəflənən işlərə çirkab atırlar. Torpağa məhəbbətdən, milli təəssübdən uzaq olan bu nakəslər ərazilərimizin işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidləri yad etməyi belə özlərinə rəva görmürlər.
Bu günlərdə Kəlbəcərdə, Laçında olan Prezident İlham Əliyev vaxtilə Qarabağın dilbər güşələrini ermənilərə satanların xəyanətlərini xatırladaraq Kəlbəcərin azad edilməsini tarixi hadisə adlandırdı: «Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi.»
AXC-Müsavat iqtidarı dövründə Azərbaycanda yaranan ictimai-siyasi, hadisələrin gərginliyini unutmayanlar yaxşı xatırlayırlar ki, ölkədəki hakimiyyət böhranından istifadə edən AXC-Müsavat cütlüyünün kreslo uğrundakı hiylələri xalqa müsibətlər gətirdi. Qanunsuz yollarla, hərbi çevriliş etməklə hakimiyyətə gələn iqtidarsızlar Şuşa və Laçını ermənilərə təhvil verdilər. AXC-Müsavat cütlüyünün növbəti xəyanətinin, satqınlığının nəticəsi olan Kəlbəcərin işğalı ilə yerli əhali qırğına məruz qaldı. Hakimiyyətə sahiblənməklə çirkin məqsədlərinə çatan AXC-Müsavat cütlüyü isə ermənilər tərəfindən öldürülən günahsız insanların harayına səs vermədi. Təxminən bir ilə yaxın hakimiyyətdə olduqları müddətdə torpaqlarımızı ermənilərə təhvil verənlərin bu gün işğaldan azad olunan Kəlbəcərin xoş gününə sevinməmələri təbiidir. « Kəlbəcər1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Çünki 1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətdə idilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi, Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi əlaqələrin yaranmasının günahkarı da AXC-Müsavat iqtidarıdır. Başları rüşvət almağa qarışan, sənaye müəssisələrinin avadanlıqlarını satmaqla məşğul olan bu səbatsızların yarıtmaz fəaliyyətləri üzündən ölkədə nizami ordu adında heç nə yox idi.
Əksinə, könüllü dəstələrdən ibarət «ordunu» zəiflətmək üçün hər vasitədən istifadə edilirdi. O dövrdə AXC-Müsavat cütlüyünün törətdiyi cinayətləri xalqa, müstəqilliyimizə xəyanət adlandıran Prezident İlham Əliyevin «Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Görəndə ki, artıq bu da mümkün deyil, qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir» sözlərinin izahına ehtiyac yoxdur. Çünki bu gün də ermənilərlə eyni məqsədə qulluq edən Əli Kərimlinin, Müsavatın başqanı Arif Hacılının səssizliyi milli dəyərlərdən iraq, daşnak təxəyyüllü vicdanlarını itirənlərin ağaları qarşısında götürdükləri öhdəliklərinin davamıdır. Viran qoyduqları şəhərlərin bərpasına başlanılmasından da narahat olan Əli Kərimlinin xarici ölkələrdə formalaşdırdığı agent çetesinin uzaqdan olsa da görülən işlərə qara yaxması bəd niyyətlərdən, qaragüruhçu xislətlərdən yaranan qısqanclıqdır.

