Bəşəriyyət müharibələrə son qoymasa…
Hər il BMT-nin Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Lakin hətta sülh günündə belə ümumi məqsədlər naminə dövlətlər bir-birilə dil tapa bilmir, həmin gün də dünyada atəş səsləri səngimək bilmir.
Hələ 19-cu əsrin sonlarında təsis edilən Beynəlxalq Sülh Bürosunun əsas missiyası müharibəsiz dünya yaratmaq olub. Buna baxmayaraq XX əsrdə iki dəfə Dünya müharibəsi baş verdi, milyonlarla adam öldürüldü, əlil olanların, yaralananların sayı, mülkiyyətə vurulan ziyanların miqdarı hesaba sığmadı.
Vaxtilə XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn deyirdi: “Mən yalnız sülhsevər deyil, həm də bir sülh savaşçısıyam. İnsanlar savaşa savaş açmadıqları müddətdə heç bir şey savaşları ortadan qaldırmayacaq.” Hətta müharibələrin qarşısının alınması mövzusunda A. Eynşteyn və psixoanaliz elminin banisi Ziqmund Freyd məktublaşıblar da.
Britaniyalı fizik, ictimai xadim Con Bernal ötən əsrin 50 -ci illərində yazdığı “Müharibəsiz dünya” (“World Without War”) adlı kitabında müharibə zülmündən azad olmuş və bütün elmi nailiyyətləri insan naminə istifadə etmiş cəmiyyətin təsvirini vermişdir. Yeri gəlmişkən, o, 1953 -cü ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsinə görə beynəlxalq Stalin mükafatına layiq görülmüşdü.
Təəssüf ki, sülh idеyаsı bu günə kimi insаn əqlini nаrаhаt еdən, оnu dаim düşünməyə vаdаr еdən ən ümdə prоblеmlərdən biri olsa da, nəinki dünya alimlərinin, hətta siyasətçilərin onun haqqında yüksək kürsülərdən söylədikləri hələlik yalnız söz olaraq qalmaqdadır.
Tədqiqatçıların hesablamalarına görə, 1945-ci ildən – yəni İkinci Dünya müharibəsindən üzü bəri planetdə cəmi 26 dinc gün mövcud olmuşdur. Buna baxmayaraq 75 il ərzində dünyada onlarla ictimai-siyasi xadim Sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. Əslində bu sülh mükafatı Nobel Komitəsi tərəfindən “Millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə” təqdim edilir.
2009 -cu ildə bu mükafata Amerika Prezidenti Barak Obama layiq görüldü. Obamanın mükafatlandırılması tənqidlərsiz ötüşmədi. Spektiklərin fikrincə, Əfqanıstanda 30 min əsgəri olan Amerika Prezidentinin sülh mükafatına layiq görülməsi vaxtından əvvəl atılmış, çaşdırıcı bir addım idi. Lakin Nobel sülh mükafatı mərasimindəki nitqini ABŞ -ın 44-cü prezidenti “Ədalətli sülh və ədalətli müharibə” mövzusuna həsr etmişdi: “Biz acı həqiqəti etiraf etməliyik: nə qədər ki, yaşayırıq münaqişələri həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə, yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri olduğu, hətta mənəvi-əxlaqi baxımdan doğru olduğu qənaətinə gələcəklər.” Onun fikrincə, ədalətli müharibə isə yalnız öz ərazisində düşmənə müqavimət göstərildiyi müharibədir. Bəs görəsən, onda ABŞ qoşunları İraq ərazisində niyə hərbi əməliyyatlar apardı? Axı İraq ABŞ-a hücum etməmişdi.
ABŞ-ın hazırkı Prezidenti Co Bayden isə deyir: “Əfqan müharibəsini görən dördüncü prezidentəm” Sual olunur, əfqan müharibəsini görən, yoxsa Əfqansıtandakı müharibələrdə ABŞ ordusunun iştirakına əmr verən? Bu gün tutaq ki, Əfqansıtanda kim-kimlə sülh bağlayacaq, hələlik aydın deyil. Əgər kənardan qızışdırılan vətəndaş müharibələrində heç kim qalib gələ bilmirsə, demək, orada sülhdən danışmaq əbəsdir. İndi haqlı olaraq müharibə ekspertləri belə fikir söyləyirlər: “Bəşəriyyət müharibələrə son qoymasa, müharibələr bəşəriyyətə son qoyacaqdır…”
Qurani-Kərimdə Allah-Təala öz bəndələrinə buyurur: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin aşkar düşməninizdir.”
Bu gün yer üzünün illərlə qanayan yarası olan Fələstin, İraq, Suriya, Əfqanıstan, Liviya və başqa müsəlman dövlətləri hər gün yadelli əsgərlərin və ya araqızışdıranların hücumuna məruz qalır. Bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalqın böyük qismi yurd-yuvasından çıxmağa məcbur edilir, məcburi köçə etiraz edənlər isə qətlə yetirilirlər. Qadınların təcavüzə məruz qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların evlərinə, tarlalarına hücum edilərək əziyyət gördüyü bu ölkələrdə qətl edilənlərin sayı yüz minləri ötüb keçir.
XXI yüzilliyin 20 ili ərzində ABŞ prezidentləri yalnız seçkidən-seçkiyə ölkənin ştatlarında olur və Kremldə oturan Rusiya dövlət başçılarının ayağı bir dəfə də olsun ölkəsini ucqar vilayətlərinə dəyməyib. Amma ABŞ-ın da, Rusiyanın da əsgərləri isə özgə xalqların torpaqlarında gəzməkdən sanki xüsusi zövq alırlar. Halbuki özgə ərazilərində müharibə aparmaq həmin dövlətlərə ikiqat baha başa gəlir.
Azərbaycan dövləti 30 ilə yaxın Qarabağ münaqişəsinin sülh yolu ilə həllini özünə seçim etdiyini dünyaya bəyan elədi. Lakin bu illər ərzində nə BMT, nə ATƏT, nə də bu gün əsgərləri özgə xalqların torpaqlarını tapdalayan dövlətlər xalqımızın haqq səsini eşitmədilər. 44 günlük ədalətli Vətən müharibəsində qazanılan Qələbə həm də sülh danışıqlarına qapı açdı.
Bu gün kənar müdaxilələr, kobud güclər olmasa heç bir ölkədə söndürülmüş münaqişə ocaqları yenidən alovlanmaz. Bu gün 44 günlük müharibənin kadrlarını seyr etdikcə hər birimizin ürəyi ağrıyır. 30 illik düşmən işğalının ən acı dəhşətlərini görən və yaşayan xalqlardan biri də bizim xalqımızdır. Xalqımız həmişə sülhün tərəfdarı olmuşdur.
Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?
Bəs deyilmi, qara torpaq su içdi göz yaşından.
…Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.
-nəğməsi dünyaya ünvanlanan sülh mesajımızdır.

