Əsas səhifə 

Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə inkişaf, birlik, milli həmrəylik, sülh olur

Qarabağımızın tacı Şuşamızda, Cıdır düzündə keçirilən və artıq  ənənəyə çevriləcək  «Xarıbülbül» musiqi festivalı bir daha dünyaya bu mesajı ünvanlamışdır

Azərbaycan dünyada tolerant, multikultural dəyərlərə böyük hörmətlə yanaşan ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm həyat tərzimizə çevrilib. Ölkə Prezidentinin Sərəncamı ilə 2016-cı ilin «Multikulturalizm ili», 2017-ci ilin «İslam Həmrəyliyi ili» elan edilməsi, həmçinin 2015-ci ildə ölkəmizin ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunu bir daha sübut etdi.

Ölkəmizdə məscidlərlə yanaşı, sinaqoqlar, həm katolik, həm də pravoslav kilsələri fəaliyyət göstərir. Azərbaycan bütün dinlərin sülh və tolerant şəraitdə birgə yaşaması üçün lazımi dəstək göstərir, hətta maliyyə dəstəyi verir. Onların bərpası, yenidən qurulması görülən işlər sırasındadır. Heydər Əliyev Fondunun Azərbaycanda mədəni və dini irsin bərpasında  rolu inkaredilməzdir. Belə ki, Fond tərəfindən bu istiqamətdə görülən  işlərin  miqyası genişdir. İşğaldan azad  edilmiş    ərazilərimizdə də dini və tarixi abidələrin bərpasında və yenidən qurulmasında Fond xüsusi fəallığı ilə diqqət çəkir.  Daim diqqəti ermənilərin dini abidələrimizi, məscidləri  dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun  təkcə azərbaycanlılara deyil,  bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirir. Şuşada bir məsciddən başqa  bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq  dağıdılmış məsiddə  İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında  bəzi təmir işləri görməyə çalışmışdılar. «Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular» söyləyən ölkə Prezidenti bu statistikanı da diqqətə çatdırır ki,  ermənilər işğal edilmiş ərazilərdə  70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük Vətən  müharibəsi dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla  tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandıracaq və  havadarları onların başına sığal çəkərkən hansı bəhanəni səsləndirəcək? Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər  müharibə qurtaran kimi dərhal   erməni xalqının abidələrinin  qorunması ilə bağlı fikirlər  səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayırlar. Hansı dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da  bunu bilir.

May ayının 12-13-də  dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən,  dünyaya səs salan və iki gün davam edən «Xarıbülbül» musiqi festivalının  ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan ölkə Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətini 28 ildən sonra Şuşaya gətirən «Xarıbülbül»  festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışını  belə əsaslandırmışdır: «Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.»   Şuşadan, qədim torpağımızdan bütün dünyaya  mesaj ünvanlandı: Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

Qeyd etdiyimiz kimi, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun bir daha  əyani təsdiqi oldu.

Keçilən yola qısa nəzər salsaq görərik ki, Prezident İlham Əliyev  dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Azərbaycanın  İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi  aparıcı təşkilatların  fəal üzvü olması da bu dəyərlərə verdiyi önəmin, onların qorunması istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımların nəticəsidir. Azərbaycan bütün dünyada  islamofobiyaya, islamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla  eyniləşdirməyə qarşı  ən kəskin şəkildə  öz səsini ucaldan dövlətdir.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir.  Azərbaycanın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də deyilənlərin təsdiqidir.  Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını  qeyd etmək olar. Dövlətimizin başçısı İlham Əliyev daim bu cağırışı edir ki, biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik – dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir.

Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün böyük inam və fəxr hissi ilə qeyd edirik ki,  bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.” Bu reallıq da önə çəkilir ki,  sürətlə inkişaf edən, dəyişən dünyada  xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir.  Müasir dövrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində  ümumi elementlərin artması ilə səciyyələnir. Əvvəldə də qeyd etdiyimiz kimi,  Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşaması multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə  təmin edildiyini təsdiqləyir. Multikulturalizm ölkəmiz  üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı  olmayaraq bir ideya deyil. Multikulturalizm  adət-ənənəmizdir. «Xarıbülbül» musiqi festivalı bir daha bu həqiqətlərə işıq saldı, Şuşadan dünyaya birlik, həmrəylik, sülh mesajını ünvanladı.

Azərbaycanın istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə işğalçı Ermənistana  təklif etdiyi sülh modeli də ölkəmizin humanizm dəyərlərinə, birgəyaşayışa böyük önəm verdiyini nümayiş etdirir. Amma  Ermənistan tərəfinin hələ də sülh razılaşmasını imzalamaq istəyində olmaması, gah bunun vaxtının olmadığını, gah da ATƏT-in Minsk qrupundan təklif gözlədiyini bildirmələri yenə də onların 30 ilə yaxın dövrün sığallarının ab-havası ilə yaşadıqlarını nümayiş etdirir. Təbii ki, dünyanı regionda dayanıqlı sülh, təhlükəsizlik düşündürürsə,  işğalçı dövləti sülh razılaşmasına məcbur etməlidir. Ermənistanın bu arxayınlığı onun illərdir dünyanın diqqət və qayğısından qaynaqlansa da yəqin «Dəmir yumruğu» unutmayıblar. Postmünaqişə dövründə  xarici ölkələrin Azərbaycandakı səfirləri işğaldan azad edilmiş ərazilərə səfər edərkən tarixə qovuşmuş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri- ABŞ, Fransa və Rusiyanın ölkəmizdəki səfirlərinin bu səfərdən kənarda qalmaları çoxsaylı suallara səbəb olsa da, hələ də  səfirlər bu günədək bunun açıqlamasını vermək haqqında düşünmürlər. Təbii ki, ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri, ən əsası mədəni və dini abidələrimizi dağıtdıqlarını, məscidlərimizdə donuz saxladıqlarını görmək əsas deyil. Əsas olan gördüklərini dilə gətirmək, ermənilərin nə qədər vəhşi millət olduqlarını etiraf etməkdir. Amma  bu addımı atmaq həmin dövrlər üçün asan olsaydı, torpaqlarımız 30 ilə yaxın işğal altında olmaz, Ermənistan beynəlxalq hüquq çərçivəsində cəzasını alardı. Dövlət başçısının qeyd etdiyi kimi, biz nəyi nə zaman etmək lazım olduğunu bilirik.

Azərbaycan dövləti  işğaldan azad edilmiş  torpaqlarımızda ermənilərin beynəlxalq hüquqa zidd olan bütün əməllərinə görə cəzalandırılması üçün bütün zəruri olan addımları atacaq. Dövlət başçısı İlham Əliyev bu günlərdə Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər şəhərində  Dövlət bayrağının ucaldılması mərasimindəki nitqində tarixi Zəfərimizin erməni mifologiyasını məhv etməsindən geniş bəhs edərək bu məqamı xüsusi qeyd etmişdir ki, ermənilərin illərdir yaratdıqları  «ermənilər qədim tarixə və mədəniyyətə malikdir. Qafqazda mədəniyyət ocağıdır» mifi  dağıdıldı. Yerlə yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş məscidlər düşmənin əsl simasını göstərdi. Dövlət başçısı İlham Əliyev bu günlərdə  «CNN Türk» televiziya kanalına müsahibəsində də bu məsələlərə xüsusi diqqət yönəldərək ermənilərin məscidlərimizdə törətdiklərini bir daha xatırlatmışdır. Ölkə Prezidenti bildirmişdir ki,  bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan  ermənilər də  bizim cəmiyyətimizə  mütləq inteqrasiya edilməlidir, onlar üçün bu, daha böyük  fürsətlər yaradacaq.

Daha çox xəbərlər