Gündəm 

“Gedənlər niyə gedir, şəkil çəkdirməyəmi?”- Şuşa səfərinin gileyi…

Aygün Muradxanlı: “Niyə 44 günlük savaşda iştirak edən Qarabağ qaziləri, Şuşanı azad edən igidlər oraya aparılmır?”

“Belə yerdə ən asanı ağlamaqdır. Emosiyanı göz yaşları ilə çıxartmasan, dözmək çətin olar. Adama elə gəlir, ürəyinin döyüntüsünü qonşun da eşidir. Avtobus üzüyuxarı, Şuşaya qalxırdı, hamı susmuşdu”.

Bu sözləri Diaspora Komitəsinin avqustun 17-də təşkil etdiyi Şuşa səfərində iştirak edən araşdırmaçı-yazar Şahnaz Kamal deyir. Şuşa təəssüratlarını “Yeni Müsavat”la bölüşən Ş.Kamal sevinc və gözyaşları ilə keçən səfəri uzun illər yuxularında gördüyünü bildirir: “İyulda Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlıların Şuşaya səfərini gerçəkləşdirdiyini oxudum. Dərhal komitəyə müraciət etdim. Çox sağ olsunlar, dərhal reaksiya verdilər. Və mənim illərlə həsrətində olduğum səfər, ziyarət gerçəkləşdi. Heç vaxt hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkməmişəm. Ancaq Şuşaya gedə biləcəyimi eşidəndə, Şuşada olanda keçirdiyim hissləri ifadə etməyə söz aciz qalır. Çox xoşbəxt idim. Avqustun 17-si 26 ölkədən olan 102 diaspor nümayəndəsinin Şuşaya səfəri baş tutdu. Səfər  çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə komitəyə ayrıca təşəkkür edirəm.

 

Şahnaz Kamal: “Biz, mədəniyyətimizə, tariximizə qarşı çox laqeyd xalqıq”  1905.az

Şahnaz Kamal

Səhər ertədən yola düşdük. Füzuliyə qədər əhval bir başqa idi. İşğaldan azad olunmuş ərziyə daxil olanda durum dəyişdi. Tanrım, bütöv bir xalq necə bu qədər vəhşi, qansız ola bilər?! Şəhərdən əsər- əlamət yox idi. Orada-burada gözə dəyən para divarı qalmış, dağıdılmış evlər, dağıntlar arasında bitmiş ağaclar, minalanmış sahələr… Qəhər boğazımda düyünlənmişdi. Gördüklərimi çəkirdim. Görməyənlərə, görməzlikdən gələnlərə göstərmək üçün. Getdikcə dağlar görünürdü. Necə vuruşublar burada, necə azad ediblər yurd yerlərimizi, nə əziyyətə, necə igid canlara başa gəlib bizə bu qələbə?! Qanla sulanmış yurd yerimiz. İşğal dönəmində də, müharibə vaxtı da baş verənləri içdən, bütün varlığımla yaşayırdım, hiss edirdim. Amma o torpaqlara ayaq basanda yaşadığım hisslər öncəkilərdən fərqli, daha ötə oldu. Düşünürdüm ki, addımladığım bu torpaqda igidlər şəhid olub. Qanlar tökülüb, canlar gedib. İlk işim şəhidlərin uca xatirəsini hörmətlə anmaq, qazilərimizə, bizim bu xoş günü yaşamağımıza səbəb olanlara minnətdarlıq etmək oldu. Yol boyu rayonların, kəndlərin adı yazılmış lövhələrə məmnunluqla baxırdım: Zəngilan, Cəbrayıl,  Füzuli, Şuşa. Şuşa! Füzulidən çıxdıq, Şuşaya yaxınlaşırdıq. Yağış yağmağa başladı. Ancaq uzaqda görünən dağların başı buludsuz idi. Şuşanın dağları dumanlı deyildi!  Bir yamacı aşdıq. Qarşıda Şuşanın qayaları, dağları, Daşaltı göründü”.

Xaricdə yaşayan hənyerlimiz Şuşa ilə bağlı arzularından da danışır: “Belə yerdə ən asanı ağlamaqdır. Emosiyanı göz yaşları ilə çıxatmasan, dözmək çətin olar. Adama elə gəlir, ürəyinin döyüntüsünü qonşun da eşidir. Avtobus üzüyuxarı, Şuşaya qalxırdı, hamı susmuşdu. Şuşaya daxil oluruq. Əvvəlcə Cıdır düzünə gedəcəyimizi dedilər.  Şəhər o qədər doğmadır ki, sanki onun küçələrində böyümüşəm.Cıdır düzünə çatdıq, ayağımı bu müqəddəs torpağa ilk qoyuşumda əyilib yetdən bir daş götürdüm ki,  Şuşada tikdirəcəyim evin özülünə qoyum.  Bəli, Şuşada evim olacaq, Xankəndi dövlət universitetində işləyəcəm. Cıdır düzünü gəzdik, şəkil çəkdirən kim, video çəkən kim, həsrətində olanlara gətirmək üçün torpaq yığan kim.  Şuşada olduğumu biləndə, onlarla insan yazıb xahiş etdi ki, onların salamlarını Şuşaya çatdırım. Proqrama görə Şuşa şəhərinin baş meydanı ”Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət etdik. Bizi hotellərdən birində nahara qonaq etdilər. Süfrədə Şuşa çörəyi var. Şuşa çörəyi!  Müharibə dönəmində bir əsgər hamını həyəcanlandıran, ağladan bir cümlə demişdi – “Şuşaya çörək aparırıq”. İndi biz o igidlərin sayəsində Şuşada çörək yeyirdik. Şəhərdə hərbiçilər, inşaat işləri aparanlarla salamlaşdıq, mağazadan alış-veriş etdik, Şuşa çörəyi aldıq. Xan qızı bulağının suyunu təşnələnən həsrətimizə çilədik”.

Qeyd edək ki, Şuşa səfəri 30 il Qarabağ həsrəti ilə yaşayan və yazan bir çox qələm adamlarının arzusudur. Şahnaz Kamalın bizimlə paylaşdığı təəssüratlar da əslində oraya səfər edən və ya bu arzu ilə yaşayan hər bir yaradıcı insanın, elə sadə vətəndaşların da duyğularıdır. Bəs öncəlik kimlərə tanınmalıdır?

Aygün Muradxanlı da namizəd oldu: "...İsrarlı təkliflərindən keçə bilmədim"

Aygün Muradxanlı

Jurnalist Aygün Muradxanlı da “Yeni Müsavat”a açıqlamasında bu səfərlərə məhz yaradıcı insanların, Qarabağ təəssübkeşliyi ilə yaşayan, eyni  zamanda səfərlərini xarici mediaya çıxara bilən ictimaiyyət nümayəndələrinin və vəfa borcu olaraq şəhid ailələri, qazilərdən ibarət qrupların aparılmasının vacibliyini qeyd etdi: “Əslində Şuşaya səfərlə bağlı hər kəsə bərabər imkanlar tanınmalıdır. Doğrudur, ümumiyyətlə, işğaldan azad edilən torpaqlarda təhlükəsizlik tədbirləri ilə bağlı məhdudiyyət var. Ancaq elə insanlar var ki, təbliğat prosesində fayda verə bilərlər, indiyə qədərki fəaliyyətlərində Qarabağ məsələsi qırmızı cizgi kimi keçib, onlara öncəlik tanınmalı idi. Düşünürəm ki, diaspora üzvlərinin oraya getməsi çox yaxşıdır. Çünki yaşadıqları ölkədə müəyyən cameələri var, təbliğ edə bilərlər. Ancaq orada da nüfuzlu insanlar seçilməli idi. Elə insanları gördük ki, indiyə kimi heç bir fəaliyyəti izləməyib. Şuşaya gediş-gəliş varsa, necə ola bilər ki, Hikmət Sabiroğlu oraya getməsin. Şuşalı bir jurnalisti qoyub, daha kimi aparmaq olar.

Niyə şəhid ailələrinin üzvləri aparılmır, niyə 44 günlük savaşda iştirak edən Qarabağ qaziləri, Şuşanı azad edən igidlər oraya aparılmır? Gedənlər niyə gedir, şəkil çəkdirməyəmi? Bu səfərlərin səmərəsi olmalıdır. Torpaq həsrəti, oranı görmək istəyi hər kəsdə var, ancaq bu səfərlərin cəmiyyət üçün faydası olmayacaqsa, bu qədər vəsait xərcləyib eyni zamanda cəmiyyətdə cür qıcıq yaratmağa nə ehtiyac var. Düşünürəm ki, hər səfər zamanı oradan məcburi köçkün düşən insanlar, xüsusən tanınmışlar aparılmalıdır. Onların fəaliyyətində 30 il Qarabağ qırmızı xətt kimi keçib. Şəhid ailələrinin üzvlərinin haqqıdır, onlar bu torpaq üçün qurban veriblər, qazilərimiz qan töküblər. Onlar 5-10 nəfərlik qruplarla bu səfərlərə daxil edilməlidir. Onlar daxil edilsə, seçim düzgün aparılsa təbii ki, qıcıq yaratmaz. Diaspora Komitəsi Moskvada bizneslə məşğul olan səkkizinci dərəcəli bir adamı aparırsa, təbii ki, bu, narazılıq yaradacaq. İllərdir Qarabağla bağlı yüzlərlə yazı yazmışıq.

Mən bir dəfə Qarabağa getdim, Amerikadakı Güney  Azərbaycan televiziyalarına, Türkiyənin, Ukraynanın neçə telekanalına çıxdım, bir səfərlə neçə yerdə təbliğat apardım. Heç kimin yadına düşmürük, heç bilmirik kimə müraciət edək ki, bu səfərlərə bizi də yazsınlar.   Qarabağla bağlı, xarici siyasətlə bağlı yazı yazan, xarici mediaya çıxışı olan jurnalistlərin oraya səfəri daha önəmlidir”.

Nərgiz  LİFTİYEVA,
“Yeni Müsavat”

Daha çox xəbərlər