Sosial 

Əgər qaydalara ciddi riayət etməsək… İnfeksionist İlahə Vəliyeva

“Delta” ştammının əsas əlaməti nədir?

Yeni “Delta” ştammı dünya üçün ciddi təhlükəyə çevrilib. Xatırladaq ki, təhlükəli ştamm bu ilin aprel ayında qeydə alınmışdır. Koronavirus infeksiyasının “Delta” ştammı koronavirusun “Hindistan ştammı”nın mutasiyaya uğraması nəticəsində, “Hindistan ştammı”nın özü isə COVID-19-un mutasiyası nəticəsində əmələ gəlib. “Delta” ştammının özü də mutasiyaya uğrayaraq “Delta plus” ştammını əmələ gətirib. Yəni “Delta” ştammı iki dəfə mutasiyaya məruz qalıb. Bu ştammın digər mutasiyaya uğramış ştammlardan fərqli özəlliyi ondan ibarətdir ki, bu ştamm iki dəfə artıq və daha sürətli yoluxma xüsusiyyətinə malikdir. Qısa müddətdə xeyli sayda insanın yoluxmasına səbəb olur. Digər bir xüsusiyyəti isə uşaqlar və gənclər arasında yayılma xüsusiyyətinə malik olmasıdır. Dünya təcrübəsinə əsasən , “Delta” ştammının daha çox 12-20 yaş qrupu insanlarda, uşaqlarda rast gəlindiyi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, yüksək yoluxuculuğu ilə fərqlənən SARS-CoV-2 koronavirusunun “Delta” ştammı, ölkələrdəki səhiyyə xidmətlərinin “kollektiv reaksiyasından” daha sürətlə yayılır. “Delta” bizim kollektiv reaksiyamızı ötməyə davam edir. Yəni hər bir ölkədə xəstəxanaya yerləşdirmə və ölüm hallarının qaynar nöqtələri vaksinasiyanın aşağı səviyyədə olduğu və ictimai səhiyyə sahəsində məhdud tədbirlər görüldüyü yerdə yaranır.

ÜST rəhbəri, “Delta” və digər təhlükəli ştammlar problemin həllini koronavirus üçün testlərin, xəstəxanaların oksigen, tibbi ləvazimatlar, vaksinlər və tibb işçilərinin fərdi təhlükəsizlik vasitələrilə təmin edilməsi miqyasını sürətlə artırmaq, habelə, pandemiya ilə mübarizə üçün yeni vasitələrin hazırlanması ilə bağlı araşdırmaları genişləndirməkdə görür. ÜST Baş direktorunun sözlərinə görə, hazırda bütün peyvəndlərin 75 faizi yalnız 10 ölkədə istifadə olunub, halbuki aşağı gəlirli ölkələr əhalisinin 2 faizini çətinliklə peyvənd ediblər.

“Delta” ştammı ilə bağlı aparılan son tədqiqatlar Azərbaycanda yayılan ştammın 94 faiz “Delta” ştammı olduğunu göstərir. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda tətbiq olunan “SinoVac” (Çin), “AstraZeneca” (İngiltərə), “Pfizer” (Almani­ya –ABŞ), “Sputnik V” (Rusiya) vaksinləri koronavirusun “Delta” ştammına qarşı effektlidir. Birmənalı şəkildə təsdiq olunub ki, vaksin vurduran şəxslər yoluxma ştammından asılı olmayaraq, xəstəliyi yüngül keçirirlər.

Bəs “Delta”ştammının əsas əlamətləri hansılardır?

Hepatoloq, infeksionist Dr. İlahə Vəliyeva “İki sahil”ə açıqlamasında bildirdi ki, təhlükəli “Delta” ştammının əsas əlaməti mədə-bağırsaq pozuntusudur. Əldə edilən təcrübəyə əsasən, virusun əlamətləri daha çox ağciyərlərdə deyil, başqa orqanlarda özünü büruzə verərsə, ağciyərlər daha az zədələnir. Bu ştamm daha yoluxucudur. Buna görə daha çox insanı xəstə edə bilər. Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd olunmaq, ikincisi, gigiyenik qaydalara əməl etmək lazımdır. Əgər qaydalara ciddi riayət etməsək, bizi daha çətin vəziyyət gözləyir. Yoluxmaların sayı silsilə şəklində artmağa davam edərsə, qapanmalara gedilə bilər. Koronavirus təhlükəsi bitmədiyi üçün vətəndaşlar özünü təcrid etməli, mümkün qədər evdə qalmalı, kütləvi tədbirlərə qatılmamalıdır, tibbi maskadan istifadə etməli, sosial məsafəni saxlamalıdır. Məsuliyyətli olmaqla özümüzü və cəmiyyəti qorumalıyıq”.

Daha çox xəbərlər