Hökumət vətəndaş cəmiyyətinə nəfəslik açmaq istəyir – yeni qanunla bağlı müzakirələr
Azərbaycan cəmiyyətində vətəndaş cəmiyyəti sektorunun mövcud durumundan narazılığın olduğu məlumdur. 2014-cü ildən etibarən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər bu qurumların müstəqil fəaliyyətini, demək olar ki, tamamilə mümkünsüz edib. Bu vəziyyətdə vətəndaş cəmiyyətinin tarixi missiyasını – ictimai nəzarət funksiyasını normal icra etməsi qeyri-mümkündür. Buna görə də qeyri-hökumət təşkilatlarının effektiv ictimai nəzarəti təmin etməsi üçün ölkə qanunvericiliyində ciddi dəyişikliklərin edilməsi zərurətdir.
Avqustun 4-də prezidentin köməkçisi Hikmət Hacıyevin bir sıra hüquq müdafiəçiləri ilə görüşündən sonra ölkədə qeyri-hökumət təşkilatları (QHT) məsələsində yumşalma olacağının anonsu verilmişdi. Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırladıqlarını və aidiyyəti qurumlara təqdim etdiklərini bildirdilər.
İndi bəzi müşahidəçilər belə suallar səsləndirirlər: Qeyri-hökumət sektorunda hansı dəyişikliklər gözlənilir? 2014-cü ildə sərtləşdirilmiş qanunvericilik yumşaldılacaqmı? Vətəndaş cəmiyyəti institutlarına effektiv ictimai nəzarət imkanı verən açılımlara baş verəcəkmi? QHT sektorunun bu istiqamətdə hökumətdən gözləntiləri nədir?
Hüquq müdafiəçisi, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənovun “Yeni Müsavat”a dediyinə görə, H.Hacıyev bir neçə dəfə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərində bildirib ki, dövlətin QHT-lərlə bağlı bir sıra niyyətləri var: “Məlum oldu ki, dövlət buraxılmış səhvlərin düzəldilməsi, bu sektoru düşdüyü vəziyyətdən çıxarmağın yollarının axtarılmasında maraqlıdır. Bu sahədə atılan addımlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması, onun Müşahidə Şurasının QHT təmsilçilərindən formalaşdırılması, xüsusilə dövlətin tanıdığı, müstəqil imicli təşkilatların orada təmsilçiliyinə şərait yaradılması da var. Bizim QHT qanunvericiliyi ilə bağlı nəinki gözləntilərimiz var, bununla əlaqədar təkliflərimizi də hazırlayıb hökumətə təqdim etmişik. O təkliflərin hazırlanmasında şəxsən iştirak etmişəm. O təkliflər vətəndaş cəmiyyəti ilə bağlı indiyədək mövcud olan narahatlıqların aradan qaldırılmasına yönəlib. Bu narahatlıqlar ilk növbədə QHT-lərin qeydiyyatı sahəsində mövcud olan problemlərlə bağlıdır. Ehtimal edirik ki, QHT-lərin elektron qeydiyyatı sisteminin tətbiqi bu problemin həllində ciddi rol oynayacaq”.

Əvəz Həsənov: “Dövlət bununla bağlı niyyətini ortaya qoyub”
Ə.Həsənov bildirir ki, QHT-lərin digər əsas problemi xarici donorlarla bağlıdır: “Məlum dəyişikliklərdən sonra xarici donorların əksəriyyəti ölkədən gedib. Bu baxımdan, hətta biz istəsək belə, qanunvericiliyimiz dəyişsə belə, onların geri qayıtması xeyli müddət aparacaq. Düzdür, BMT, Avropa Birliyi, USAİD kimi beynəlxalq təşkilatlar Azərbaycanda qalmağa davam edirlər, qrantlar ayırırlar. Bu qrantlar QHT nümayəndələrinə fərqi qaydada verilir. Yəqin ki, qrantların təşkilatların özlərinə verilməsi üçün müəyyən addımlar atılacaq. Bu istiqamətdə təkliflər var, məsələnin QHT-lərin xeyrinə həlli üçün imkanlar var. Yəqin ki, QHT-lər də bunu tezliklə görəcəklər. Agentlik sırf QHT-lərin problemlərini həll etmək üçün çalışır. Eyni zamanda QHT-lərin biznes, dövlət qurumları ilə əlaqələrinin qurulmasında, bacarıqlarının artırılmasında da fəaliyyətlər göstərir”.
Hüquq müdafiəçisi hesab edir ki, QHT-lər hər şeyin dövlət tərəfindən təmin olunmasını gözləməməli, öz dayanıqlı fəaliyyətlərini təmin etmək üçün hərəkət etməlidilər: “Təşəbbüskarlıq, kreativlik, yeni və mövqeləri uyğunlaşdıran təkliflərlə çıxış etmək vacibdir. Dövlət QHT-lərin aktiv fəaliyyətini görməli, hökumət daim üzərində vətəndaş cəmiyyətinin nəzarətini hiss etməlidir. Belə olarsa, QHT-lər də istəklərinə daha tez nail ola, öz dayanıqlı fəaliyyətlərini təmin edə bilərlər”.

Günel Səfərova: “İlk mərhələdə azad olunmuş ərazilərlə bağlı inkişaf layihələri üzrə dəyişikliklər gözlənilir”
Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, dövlət vətəndaş cəmiyyəti ilə bağlı vəziyyəti dəyişmək istəyir: “Bu, ötən ilin payızından başladılan prosesdən aydın olur. QHT-lərə Dövlət Dəstəyi Şurasının daha geniş səlahiyyətli agentliklə əvəzlənməsi də bundan xəbər verir. Həm Agentlik, həm də vətəndaş cəmiyyəti qurumları 2014-cü ildə və sonrakı müddətdə QHT qanunvericiliyinə edilmiş dəyişikliklərin aradan qaldırılması üçün konkret təkliflər hazırlayaraq hökumətə təqdim ediblər. Xüsusilə Açıq Hökumət Platforması bu məsələdə çox aktivdir. Digər birlik, platformalar, xarici təşkilatlar da prosesdə iştirak edirlər. Açıq deyim ki, hökumət tərəfindən bu məsələdə siyasi iradənin olduğu artıq tam təsdiqlənib. Agentlik də bununla bağlı görüş keçirmişdi”.
G.Səfərova bildirir ki, əsas diqqət vəziyyətin yumşaldılmasına yönəldilib: “İlkin olaraq xarici donorların (xarici ölkə səfirlikləri, beynəlxalq maliyyə-humanitar qurumları və sair) QHT-lərə verdikləri qrantların daha asan qeydiyyatdan keçirilməsi mexanizmi təmin olunmalıdır. Sənədləşmələr elektronlaşdırılmalı, bildiriş prosesi onlayn sistemə keçirilməlidir – indilik işlər bu istiqamətdədir. Hələlik işğaldan azad olunmuş ərazilərlə bağlı inkişaf layihələrinin maliyyələşməsində prosedurların asanlaşmasından gedir söhbət. Biz, əlbəttə, anlayırıq ki, hökumət indilik tam açılıma getmək üçün müəyyən məsələlərdən ehtiyat edir. Amma ilkin mərhələdə bu addımların atılması da böyük irəliləyiş ola bilər. Güman edirik ki, Milli Məclisin payız sessiyasında qanunvericiliyə ilkin dəyişikliklər ediləcək və sonrakı mərhələdə addım-addım irəliyə gediləcək”.
Hüquqşünas, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyevin “Yeni Müsavat”a dediyinə görə, uzun müddətdir QHT qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış edirlər: “Tərəfimizdən həm QHT-lərə dair milli qanunvericilik təhlil olunub, həm xarici ölkə və beynəlxalq təcrübələri öyrənilib. Bundan sonra rəhbəri olduğum Konstitusiya Araşdırmaları Fondu müstəqil ekspertlərlə birlikdə təkliflər paketi hazırlayıb. Bu paket ölkə qanunvericiliyində bir sıra dəyişikliləri ehtiva edir. Yəni həm ictimai birliklər və fondlar haqqında qanunvericiliyə, həm bu qurumların reyestrinə dair qanunvericiliyə, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif etmişik. Bildiyiniz kimi, qanunvericiliyə QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklər 2012-ci ildən etibarən edilməyə başlanıb. Onların səbəbləri barədə çox danışılıb, amma indi aydın olan budur ki, mövcud qanunvericilik QHT-lərin fəaliyyətini normal qurmalarına imkan vermir. Buna görə də onun dəyişdirilməsi zərurətə, tələbə çevrilib”.

Əliməmməd Nuriyev: “Biz ilkin mərhələdə xarici qrantlara çıxış, xarici donorların Azərbaycanda işləməsi ilə bağlı dəyişiklikləri zəruri sayırıq”
Azərbaycanın əməkdaşlıq etdiyi bir çox beynəlxalq qurumlar da hökumətə QHT qanunvericiliyinin dəyişməsi ilə bağlı təkliflər veriblər: “Açıq Hökumət Beynəlxalq Təşəbbüsü Azərbaycan hökumətinə QHT fəaliyyətini tənzimləyən qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsi üçün vaxt müəyyənləşdirib. Biz 2018-ci ildən bu Təşəbbüsdə qeyri-aktiv dövlət statusundayıq. Bu statusdan çıxmaq üçün QHT qanunvericiliyinə dəyişikliklər edilməli, məhdudiyyətlər aradan qaldırılmalıdır. Açıq Hökumət Platforması olaraq bunu biz dəfələrlə hökumət nümayəndələri qarşısında qaldırmışıq. Ümid edirik ki, nəhayət, bu sahədə buzlar əriyəcək, hərəkətlənmə baş verəcək, dəyişikliklər olacaq. Artıq Prezident Administrasiyasında qanunvericiliyə dəyişiklikləri hazırlayan qrup fəaliyyət göstərir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi də fəal işləyir. Biz ən geniş təkliflər paketi hazırlayaraq onu Prezident Administrasiyası, Milli Məclis və Agentliyə təqdim etmişik”.
Ə.Nuriyev deyir ki, ilk növbədə “Qrant haqqında” qanuna xarici qrantlarla bağlı məhdudiyyətləri aradan qaldıran dəyişikliklər həyata keçirilməlidir: “Bundan başqa, QHT-lərin qeydiyyatında seçimli yanaşma imkanı aradan qaldırılmalıdır. Bir halda Prezidentin tapşırığı ilə ölkədə ağıllı hökumət qurulur, fəaliyyətlər elektronlaşdırılır, o zaman QHT-lərin qeydiyyatı da bu hökumətin tələblərinə uyğun olmalıdır. Biz, əlbəttə, başa düşürük ki, 8-9 il ərzində qanunvericiliyə edilən dəyişikliklərin hamısının qısa müddətdə aradan qaldırılması real deyil. Buna görə də iki mühüm istiqamətdə dəyişikliyin qısamüddətli dövrdə həyata keçirilməsini zəruri hesab edirik: birincisi, vətəndaş cəmiyyəti institutlarının xarici qrantlara sərbəst çıxışı təmin olunmalı, ikincisi isə xarici donorların ölkəmizdə fəaliyyətinə imkan yaradılmalıdır. Donorların burada fəaliyyəti üçün Azərbaycan dövləti ilə xüsusi sazişin imzalanması tələbi aradan qaldırılmalıdır. Bundan başqa, xarici donorlardan alınan qrantların bir neçə dövlət qurumu ilə razılaşdırılması, qeydiyyatdan keçirmək kimi tələblər ləğv olunmalıdır. Bu, bir çox beynəlxalq qurumların ölkəmizlə bağlı tövsiyələrində də əksini tapır. Bilirsiniz, bu gün yerli donorların QHT-lərin dayanıqlı fəaliyyətini təmin edəcək həcmdə qrant ayırmaq imkanları yoxdur. Biz ictimai nəzarət istəyiriksə, QHT-lərin dayanıqlı fəaliyyətini təmin etməliyik. Bunun üçünsə onların xarici qrantlara çıxışı sərbəstləşdirilməlidir. Onsuz da hökumət bir sıra QHT-lərin xarici donorlardan vəsait almasının qarşısını ala bilmir, onlar müxtəlif yollarla buna nail olurlar. Bu şəraitdə fəaliyyətini qanuni əsaslarla quran QHT-lərin maliyyə mənbələrindən məhrum edilməsi doğru yanaşma deyil”.
Fond rəhbərinin sözlərinə görə, Vətən Mührabibəsi işğaldan azad olunan ərazilərin bərpası prosesinə böyük həcmli qrantların cəlb olunması üçün əlverişli zəmin yaradıb: “Biz ərazilərimizin bərpasına on milyonlarla dollarlıq qrantlar, vəsaitlər cəlb edə bilərik. Qanunvericiliyə dəyişiklik olunarsa, bu sahədə böyük nailiyyət əldə etmək mümkündür. Bizim hazırda bərpa prosesi üçün belə vəsaitlərə ehtiyacımız böyükdür. Düşünürəm ki, hökumət bu ehtiyacları da nəzərə alaraq payız sessiyasında qanunvericiliyə dəyişikliklərə başlayacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”

