Təhsil 

“Kölgə təhsili” – Genişlənən repetitorluq fəaliyyəti…

Dünyanı bürümüş koronavirus pandemiyası səbəbindən ölkəmizdə də bir müddət distant təhsilin tətbiq edilməsindən sonra bu il məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur. Təbii ki, yeni dərs ilinin yaxınlaşması övladları məktəbə gedən valideynlərin qayğılarını da artırır. Artıq uzun illərdir əsasən yuxarı sinif şagirdlərinin valideynləri geyim, çanta, tədris ləvazimatı və kitablardan başqa həm də yaxşı hazırlıq kursu, yaxud fərdi hazırlıq müəllimi – repetitor axtarışına çıxmalı olurlar. Faktdır ki, bu gün artıq ölkəmizdə repetitorluq fəaliyyəti geniş yayılıb, müxtəlif fənnlər üzrə fərdi təhsil verən müəllimlərə ciddi tələbat var. Maraqlıdır, bəs məşhur alim Mark Breynin (Mark Bryan) “kölgə təhsili” adlandırdığı repetitorluğun tarixi nə vaxtdan başlayır? Dünyanın başqa ölkələrində necə, bu fəaliyyət növü mövcuddurmu, yaxud necə mövcuddur? Kimlər repetitor ola bilər və fərdi dərslərin qiymətləri necədir?

“Hədəf” hazırlıq kurslarının Neftçilər filialının direktoru, təhsil üzrə ekspert Famil İsayev “İki sahil”ə açıqlamasında bildirdi ki, əslində repetitorluq termini ilə son illər adlandırılsa da, bu fəaliyyət növü hələ lap qədimlərdən mövcud olub: “Hökmdarların – şahların, kralların övladlarının təlim-tərbiyəsi ilə xüsusi dayələr məşğul olduğu kimi, onlara təhsili dövrün güclü müəllimləri verib, həmin vaxt üçün vacib olan fəlsəfə, tibb, məntiq və digər elmləri öyrədiblər. Yəni fərdi müəllimlik fəaliyyətinin tarixi kifayət qədər uzundur.”

Keçmiş sovet dönəmində də Azərbaycanda repetitorluq olub, ancaq geniş vüsət almayıb. Bunun əsas səbəblərindən biri həmin dövrün təhsil sistemi ilə bağlı idi. Belə ki, repetitorluq dərsləri yaxşı qavramayan şagirdlər üçün məktəblərdə ödənişsiz əlavə məşğələlər formasında təşkil edilirdi.

F.İsayevin sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsində bu xidmət mövcuddur: “Ancaq mübahisəli təhlil aparsaq görərik ki, repetitorluq ən çox keçmiş SSRİ ölkələrində aktiv vəziyyətdədir. Çünki müstəqilliyinə qovuşmuş respublikalar, o cümlədən Azərbaycan sovet təhsil sistemindən imtina edərək, özü öz təhsilinə yeni bir düzən, yeni bir forma verməyə başladı. Və bu formalaşma müddətində məktəblərdə keçirilən dərslərin tələbləri tam ödəməməsi səbəbindən yaranmış boşluq, çatışmazlıq repetitorluğun hesabına doldurulmağa çalışıldı. Bu amilləri nəzərə alsaq, ölkəmizdə repetitorluğun ötən əsrin 90-cı illərindən daha geniş yayıldığını söyləyə bilərik.”

Repetitor əslində kimdir və nə iş görür suallarının sadə cavabı var. F.İsayev bildirdi ki, repetitor müəllimdir, şagirdlərə, əsasən də abituriyentlərə əlavə dərslər keçir, bunun müqabilində müəyyən məbləğdə pul alır və şagirdlərin imtahanlarda daha yaxşı nəticə göstərməsi üçün çalışır: “Bu fəaliyyət sahəsində olanlar bir neçə qrupa bölünürlər. Birinci qrup repetitorlar kifayət qədər savadlı otra məktəb müəllimləridir ki, işlədikləri məktəbdə dərs saatı az olduqda, əməkhaqqı onların xərcləri üçün bəs etmədikdə əlavə gəlir mənbəyi olaraq pullu dərslər keçirlər. İkinci qrupa aid olanlar ali məktəbi yeni bitirən gənclərdir. Onlar əsasən iş tapa bilmədikdə, yaxud Təhsil Nazirliyinin keçirdikləri imtahanlarda bir neçə dəfə uğursuz nəticə göstərdikdə daha asan, daha rahat təhsilə qoşulmaq üçün repetitorluğu seçirlər. Növbəti qrupa isə yenə də əlavə qazanc əldə etmək istəyən ali məktəb müəllimləri, təqaüdə çıxmış orta məktəb müəllimləri daxildir. Dərslər adətən müəllimin özünün və ya kirayə götürdüyü evlərdə keçirilir.”

Repetitorluğun dünyada geniş yayılmış növlərindən biri də müxtəlif peşə sahələri ilə bağlı keçirilən özəl dərslərdir. Hətta bəzi ölkələrin təhsil sistemində bu xidmət rəsmi olaraq göstərilir və şagirdlərə onları maraqlandıran sahə ilə bağlı əlavə ödənişli özəl dərslər keçirilir.

Ekspertin sözlərinə görə, repetitorluq fəaliyyətinin müsbət tərəfi abituriyentlərin arzuladıqları ali məktəblərə qəbul imtahanında uğur qazanmalarına kömək etməkdir: “Mənfi tərəfinə gəlincə, şagird mənəvi baxımdan orta məktəb kimi nəhəng sosial tərbiyə mühitindən kənarda qalır, ancaq dərs oxuyur. Bu baxımdan hazırlıq kurslarında sistem bir az fərqlidir. Belə ki, burada repetitorluq fəaliyyəti sosial fəaliyyətlə paralel aparılır. Hesab edirəm, repetitorluğun orta məktəblərə “inteqrasiyası”, təmayülləşmə zamanı şagirdlərin sosial istəkləri, müəllimlərin seçimi, onların dərs saatları və digər amillər nəzərə alınmalıdır.”

Famil İsayev onu da bildirdi ki, ölkəmizdə bütün fənlər üzrə kifayət qədər savadlı, ixtisasını güclü bilən peşəkar repetitorlar var.

Bəs peşəkar repetitor olmaq üçün nə lazımdır? 20 ildən artıqdır ki orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi  işləyən Muradxan Hüseynov 2005-ci ildən həm də repetitorluq fəaliyyəti ilə məşğuldur. “İki sahil”ə açıqlamasında M.Hüseynov bildirdi ki, repetitorluğa həm özünü təsdiq etmək, həm də əlavə qazanc məqsədilə başlayıb: “Əvvəl-əvvəl çətinliklər çox idi, ancaq hər bir işin inkişafı üçün onun kökündə zəhmət dayanır və ixtisasımı repetitor kimi fəaliyyət göstərə biləcək səviyyədə daha yaxşı öyrənmək üçün iki il əziyyət çəkdim. Repetitorluq sərbəst bir seçim olduğu üçün hər bir müəllim bu işlə məşğul ola bilər. Burada bir vacib məqam odur ki, ixtisasını, peşəsini sevməkdən başqa müəllim orta məktəb proqramı səviyyəsində bütün mövzuları abituriyentin, şagirdin istənilən sualına cavab verməkdə çətinlik çəkməyəcək qədər dəqiq və  mükəmməl bilməlidir və bildiklərini onların başa düşəcəyi səviyyədə çatdırmağı bacarmalıdır. Bununla yanaşı repetitorluqla məşğul olan hər bir müəllim adi vaxtlarda olduğundan artıq məsuliyyətli, çalışqan olmalıdır. Keçdiyi mövzuları ali təhsil proqramı səviyyəsində bilmək isə müəllimə əlavə üstünlük qazandırır.”

Müxtəlif vaxtlarda Dövlət İmtahan Mərkəzinin imtahan suallarının hazırlanmasında da iştirak etmiş Muradxan müəllim bu işdə ən böyük qazancının hazırlaşdırdığı uşaqların yaxşı nəticələri olduğunu bildirdi: “Hər il dərs dediyim abituriyentlərin böyük əksəriyyəti yüksək ballarla müxtəlif ali məktəblərə qəbul olub tələbə adını qazanırlar. Onlar sabah ixtisaslı kadrlar olacaqlar, Vətənimizə xidmət edəcəklər. Bunun verdiyi sevincin əvəzi yoxdur.”

Repetitor yanında hazırlıq keçməyin qiymətləri ilə də maraqlandıq – bölgələrə, fənlərə və müəllimlərə görə dəyişir və çox baha olmasa da, elə ucuz da deyil. 40-50 manatdan 120, hətta 150 manata kimi. Dəyərmi? Varsa, əlbəttə ki dəyər. Əbəs deməyiblər, ən yaxşı sərmayə təhsilə qoyulan sərmayədir.

 

Daha çox xəbərlər