Zəngəzur təkcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də azərbaycanlıların tarixi Vətənidir
100 il bundan əvvəl Ermənistana verilən Zəngəzur keçmişimizdən sabahımıza uzanan tariximizi yaşadan körpüdür
Dünya siyasətinin aktual mövzularından olan Zəngəzur mahalının Azərbaycana məxsusluğunu təsdiqləyən tarixi, əsaslı mənbələr, şahidlər çoxdur. Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirən Zəngəzuru imperiyanın dəstəyi ilə zəbt edən Ermənistanın bu yolla gələcəkdə başqa əraziləri, xüsusilə Naxçıvanı ələ keçirmək planları həmişə olub. 1988-ci ildən başlayaraq Azərbaycan torpaqlarını imperiyanın «xeyir-duası» ilə işğal edən daşnakların separatçılıq siyasətinin, monoetnik dövlət yaratmaq istəklərinin reallaşmasında Zəngəzur amili yaddan çıxmamalıdır. Tarixən Azərbaycana məxsus əraziləri qarış-qarış mənimsəyərək özləri üçün dövlət formalaşdıran, Zəngəzuru Azərbaycandan qoparmaqla sonrakı işğalçılıqları üçün zəmin yaradan ermənilər yaxın əraziləri də zəbt etdilər.
Uzaqgörən siyasətçi, ulu öndər Heydər Əliyevin imzaladığı «Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında» ( 4 fevral 1999-cu il) Fərmanda bu məsələyə də aydınlıq gətirilib: « Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi boyu erməni silahlı quldur dəstələri İrəvan, Naxçıvan və Qarabağ bölgələrində dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdılar. Qafqazda bolşeviklərin hakimiyyətinin bərqərar olduğu ilk günlərdən, hələ 1918-ci ildə özünü mart qırğınları zamanı büruzə vermiş bolşevik-daşnak sövdələşməsi geniş vüsət aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq əzəli Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planı daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də , Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi.»
1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər qurultayında Naxçıvan məsələsi üzrə qəbul edilən xüsusi qərarla Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğu təsdiqləndi. Bu qərarla razılaşmayan, Naxçıvan iddialarından əl çəkməyən ermənilər Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını ələ keçirdilər. 1930-cu ildə isə Əldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilərək həmin ərazidə Mehri rayonu yaradıldı. Bu günlərdə nüvədililərin tarixi torpaqlarına qayıtmaq tələblərinin yerinə yetirilməsi də ədalətin bərpası olar. Muxtar respublikanın 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında yubiley komissiyasının sədri kimi çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın o vaxtkı hökumətinin gərgin fəaliyyəti, ciddi mövqeyi, Qars müqaviləsi ilə Naxçıvanın muxtariyyəti ilə bağlı qərar qəbul olundu: «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq» söyləyən ulu öndər Heydər Əliyev Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini bu sözlərilə diqqətə çatırır: « İndi görürsünüz, tarixi nöqteyi nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyat verilmişdir.» Ulu Öndər xalq, dövlət qarşısında heç bir xidməti olmayan səbatsız siyasətçilərin, cılız düşüncəyə malik bəzi nankorların Naxçıvanın muxtariyyatının əleyhinə çıxmalarını xəyanət adlandırır.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi haqqında danışarkən istər tarixi, istərsə də indiki strateji maraqlarımız kontekstində mühüm məqamlara aydınlıq gətirir. Qətiyyətlə deyilmişdir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən istifadə edəcək”. Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı olmayan qüvvələr unutmamalıdırlar ki, Zəngəzur Azərbaycan üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də azərbaycanlıların tarixi Vətənidir. Yəni, 100 il bundan əvvəl Ermənistana verilən Zəngəzur dünənimiz olduğu kimi, həm də sabahımızdır.
Bu günlərdə «CNN Türk»ə müsahibəsində Şuşanın alınmasını möcüzə adlandıran, təkcə Şuşa ilə deyil, işğal altında qalan bütün torpaqların azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyini «Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım» sözləri ilə bildirən Prezident İlham Əliyev layiqli davamçı olduğunu qətiyyəti ilə təsdiqlədi. Qeyd olunduğu kimi, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində keçmiş ittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla birləşdirən dəmir və avtomobil yollarının bərpası ilə Zəngəzurun əvvəlki statusu bərpa olunacaq. Bu gün də Ermənistanın blokadasında qalan muxtar respublikanın Azərbaycanın digər rayonları ilə əlaqəsi bərpa ediləcək.
İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatda, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində Zəngəzurla bağlı bütün region dövlətlərin maraqları ifadə olunur. Azərbaycanı Türkiyə ilə birləşdirəcək, Bakı-Tbilisi-Qars dəmir yolundan sonra dünyanın qlobal nəqliyyat vasitəsi kimi qarşılıqlı əməkdaşlığa xidmət edəcək Zəngəzur dəhlizini XXI əsrin tarixi nailiyyəti adlandırmaq daha ədalətli olar. Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ilə bağlı keçirilən mətbuat konfransında Zəngəzur dəhlizinin regional əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, bu yolun bərpasının böyük mənası, regional əhəmiyyəti var: «Bəyannamədə Zəngəzur koridoru açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəniki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq.»
Bu günlərdə Kəlbəcərə, Laçına səfər edən, aparılan quruculuq işləri ilə tanış olan, «Biz isə indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda» sözləri ilə tarixi dəhlizin bərpası istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı.
«Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın» söyləyən Prezident İlham Əliyev bildirir ki, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, mövqelər möhkəmləndirilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan 14 iqtisadi rayon arasında Qarabağ, Şərqi Zəngəzur rayonlarının da olması
tarixə, eyni zamanda, gələcəyə əsaslanan sağlam düşüncənin məhsuludur. «Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, – bura ilə həmsərhəddir, – zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, indiki mərhələdə əsas vəzifə azad edilmiş torpaqlarda yenidənqurma işlərini sürətləndirmək, Böyük Qayıdışı tezləşdirməkdir.

