Şuşa qonaqlarını qarşılamaqdan sevinclidir
Hər daşı, qayası tarix, eyni zamanda, ermənilərin vəhşiliklərinin şahidi olan Şuşamız sakinlərini qonaq edib 28 il əsarətdə olsa da əyilmədiyindən, milli ruhunu, ləyaqətini qoruduğundan bəhs etdi, dünyaya səs salan tədbirlərə, mesajlar ünvanlayan tarixi sənədlərin imzalanmasına ev sahibliyi etməsindən qürurlandığını vurğuladı
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı əsasında ilk olaraq yaşlı nəslin nümayəndələrinin, Qarabağ qazilərinin və ziyalıların iştirak ilə 50 nəfər Şuşa sakininin öz doğma yurd-yuvalarını görmək imkanı qazanmasının nə qədər sevincli, qürurverici olduğunu təsəvvür etmək çətin deyil. 28 ildən sonra torpaqlarına qovuşan şuşalılar onlara bu sevinci yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə etdilər, şəhidlərimizin ruhu qarşısında baş əydilər, qazilərimizə Allahdan şəfa dilədilər.
Dövlət başçısı noyabrın 8-də Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirmişdir ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Həmin gün dünyaya səs salan, dostları sevindirən, düşməni məyus edən bu xoş xəbər harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları sevinclərini paylaşmaq üçün küçə və meydanlara səslədi. Hara baxsan bir bayram ovqatı, sevinci hiss olundu. Küçə və meydanları, evlərin balkonlarını Azərbaycanla yanaşı, qardaş Türkiyənin və Pakistanın bayraqları bəzədi. Qarabağın ürəyi, musiqi beşiyimiz Şuşa tarixi sahiblərinə qayıtdığı üçün xoşbəxt və qururlu idi.
8 noyabr tarixindən bizi 9 aydan artıq vaxt ayırsa da dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürür və sevinc hissi ilə səsləndirdiyi bu sözlər bu gün də dönə-dönə qeyd edilir, hər birimizi Şuşanı dirçəltmək üçün dəmir yumruq kimi birliyə səsləyir. Şuşanın işğaldan azad edildiyi tarixin – 8 noyabrın Zəfər günü kimi təsis edilməsi bir çox məqamların aydın mənzərəsini yaradır. 9 ayda cənab İlham Əliyevin Şuşaya 4 dəfə reallaşdırdığı səfər də sevincini xalqımızla paylaşmaqda nə qədər maraqlı olduğunu təsdiqləyir. Tarixi Qələbəmizdən sonra ilk səfərini yanvarın 16-da gerçəkləşdirən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli beynəlxalq hava limanının təməli qoydu. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyətlidir. Tikintisi həyata keçirilən hava limanının uçuş-enmə zolağının bu il istifadəyə verilməsi planlaşdırılır. Hava limanı bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında əhəmiyyətli rola malik olacaq. Dövlət başçısı təməlqoyma mərasimlərində bu fikri xüsusi qeyd etmişdir ki, Böyük Qayıdış başlayır, bütün işlərə start verilib: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
Cənab İlham Əliyevin Şuşaya hər bir səfəri mühüm tarixi hadisə kimi qeyd edilir, əhəmiyyətli məqamlarla yadda qalır. Belə ki, ikici səfəri Novruz bayramı ərəfəsinə təsaduf etmişdir. Şuşada Cıdır düzündə Novruz tonqallarının qalanması Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Birinci səfəri çərçivəsində hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan qeyd etmişdir ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “ Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.
Şuşa əməliyyatı xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutacaq. Əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Belə ki, Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 noyabr üçtərəfli Bəyanat Azərbaycanın tarixi Qələbəsinin təqdimatı oldu. O da məlumdur ki, ermənilər Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq Azərbaycan xalqının səbrini sınağa çəkən Ermənistanın baş naziri Nikol Paşinyan xarici havadarlarına arxalanaraq atdığı bu addımın cəsasız qalmayacağını çox yaxşı bilirdi. Cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, xalqın səbri tükənməz deyil.
44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev Şuşa şəhərində əsgərlər qarşısında çıxışı zamanı bu məqamı da xüsusi qeyd etmişdir ki, Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır: «Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.»
30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar və Dağlıq Qarabağdakı separatçılar güman edirdilər ki, “xilaskarları” bu dəfə də onların köməyinə çatacaq. 44 günlük Vətən müharibəsi tamamilə fərqli mənzərəni ortaya qoydu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «İrəli, Azərbaycan əsəri!» çağırışına yüksək səviyyədə cavab verən vətən oğulları silaha sarılaraq 30 ilə yaxın dövrdə səbirsizliklə gözlədikləri bu andan şərəf duydular. «Vətəndən pay olmaz, ömürdən pay olar» deyib torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğullarımız şəhidlik zirvəsinə ucalaraq Vətən, torpaq sevgilərinin böyüklüyünü bir daha ortaya qoydular. Onların həyat yolu gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Azərbaycan əsgəri 44 gündə düşmənə dəmir yumruğunu göstərdi. Bununla da, Azərbaycan xalqı necə qəhrəman, mübariz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu» fikirləri ilə dövlətimizin qətiyyətini, ordumuzun gücünü, möhkəm hüquqi bazaya əsaslanan siyasətimizin aydın mənzərəsini yaratdı.
Prezident İlham Əliyevin Şuşaya, o cümlədən işğaldan azad edilmiş bütün ərazilərimizə səfərləri revanşist qüvvələrə mesajları ilə yadda qalır. Reallıq budur ki, Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyən bəzi xarici dairələr postmüharibə dövründə də bölgədə sülhə xələl gətirməyə cəhd edirlər. 44 günlük İkinci Qarabağ müharibəsi belə cəhdlərin nə qədər əbəs olduğunu təsdiqləyir. Azərbaycan Ordusu qısa müddətdə Ermənistana elə bir dərsi verib ki, onun unutmaq qeyri-mümkündür. Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən erməni ordusu hərbi texnikasını, silah-sursatı qoyub qaçdı. 44 gündə 300-ə qədər yaşayış məntəqəsini, 6 şəhəri, 5 qəsəbəni işğaldan azad etmək Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatıdır. Cənab İlham Əliyev hər bir çıxışında dəmir yumruğun yerində olduğunu bildirir. Eyni zamanda, bu reallıq da bəyan edilir ki, biz burdayıq, bundan sonra da burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Şuşada Cıdır düzündə Novruz toqallarının yandırılması, mayın 12-13-də dünyaya səs salan, Azərbaycanın tolerantlığının, birliyinin təqdimatı, qayıdışı tədbiri kimi dəyələndirilən «Xarıbülbül» musiqi festivalının keçirilməsi, Milli Qurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşılayaraq, Müttəfiqlik sənədini bu məkanda imzalamaları özündə bir çox mesajları, çağırışları ehtiva edir. Hər bir tədbir öz əhəmiyyəti ilə diqqət çəkir. Cıdır düzündə bir-birinin ardınca Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajların ünvanlanması gələcək planların açıqlanmasında yardımçıdır. Ermənistan bu reallıqlarla barışmalı, Azərbaycanın sülh təklifini qəbul edərək bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təminatına öz töhfəsini verməlidir.
Bu gün işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Şuşamız bərpa və yenidənqurma mərhələsini yaşayır. Bu ərazilərdə yeni idarəçilik sistemi formalaşdırılıb. Prezidentin şəxsi nümayəndəliyi ilə olaraq Şuşada fəaliyyət başlayıb. Şuşa şəhərinin baş planının hazırlanması istiqamətində işlər görülür. Burada infrastruktur layihələrinin uğurlu icrası diqqətdən kənarda qalmır. Alınmaz qala, Qarabağın tacı sayılan Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməklə bu qədim şəhərin özəlliklərini diqqətə çatdırır.
Bu ümumiləşdirməni qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. İndi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində işğalçılara qarşı apardığımız “Dəmir yumruq” əməliyyatı öyrənilir. Şuşa uğrunda döyüşlər bu sırada xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində, həmçinin postmüharibə dövründə ermənilərin işğal altında saxladıqları ərazilərimizdə hansı vəhşilikləri göstərdiklərini gördük. Evlər, tarixi və dini abidələrimiz tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Dünya 30 ilə yaxın dövrdə necə vəhşi ilə üz-üzə olduğumuzu görsün. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu günlərdə Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı müharibəsiz azad edilən bu ərazilərimizin boşaldılması zamanı ermənilərin törətdikləri vandalizm aktlarına diqqəti yönəltmişdir.
Azərbaycan humanizm nümayiş etdirərək Kəlbəcərin boşaldılmasında ermənilərə əlavə 10 gün verdiyi halda onlar evləri yandırmış, ekoloji terror törətmişdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş vermişdir.
Bu törədilən vəhşiliklər heç zaman unudulmayacaq. Bərpa və quruculuq işləri zamanı da bəzi küçələrdə, məhlələrdə ermənilərin bu vəhşiliklərinin izlərinin saxlanılacağı nəzərdə tutulub. Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız bundan sonra əzəli yurd yerlərimizdə əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa 28 il əsarətdə olsa da əyilmədi, milli ruhunu, ləyaqətini qorudu, bizi gözlədi və biz gəldik.

