Öz xalqının gələcəyinə güllə atan ermənilər
Nankor, yaramaz və nadan qonşularımız və onları dəstəkləyən qüvvələr hərbi əməliyyatların dayandırıldığını elan edən üçtərəfli Bəyanatın şərtlərini elə ilk günlərdən pozmağa başladılar. Erməni silahlı qüvvələrindən Qarabağda “maşa” aləti kimi istifadə edənlər görəsən niyə bölgədə müharibə ocağını yenidən körükləməyə çalışırlar? Məgər atəşkəsi pozan ermənilər anlamırlar ki, onlar öz xalqının gələcəyinə güllə atırlar?!. Bəs görəsən, Kreml niyə regionda yenə münaqişənin əsl səbəbkarının ermənilər olmadığını təlqin etməyə çalışır? Axı, sülhün davamlı olması ilk növbədə rus sülhməramlılarının “himayə” etdiyi erməni xalqının xeyrinədir.
…Ötən ilin 26 noyabrında işğaldan azad olunmuş Xocavənd rayonunun Sor kəndində xidmət edən hərbçilərimizə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürüldü, 2 nəfər yaralandı. Dekabrın 8-də Hadrut kəndi yaxınlığında bir əsgərimiz şəhid oldu, “Azercell” əməkdaşı rabitə və ötürmə avadanlığı quraşdırarkən ağır yaralandı.
Dekabrın 11-də Hadrut ətrafında gizlənən və mərkəzi komandanlığa tabe olmadığını bildirərək, Bəyanata əsasən, Azərbaycanın nəzarətinə keçməli olan ərazidən çıxmayacağını iddia edən silahlı ermənilərin varlığı nəinki erməni mediasında açıq-aşkar etiraf edildi, hətta onların təbliğatı aparıldı. Həmin günlərdə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücum etdilər. Nəticədə insanlar öldürüldü və yaralandı. Erməni mediası Köhnə Tağlar kəndi ətrafında yerləşən bu silahlıları “qəhrəman” partizanlar kimi təqdim etməyə başladılar. Ermənistan rəsmiləri və Rusiya sülhməramlıları isə onların “azdığı”, “mühasirəyə düşdüyü” iddiasını irəli sürdülər. Rusiya Müdafiə Nazirliyinin insidentdən dərhal sonra – 13 dekabrda “xəritəni yenilədiyini” açıqlaması artıq Bəyanata da, sülhməramlı missiyasına da, ümumiyyətlə, rus ordusunun burda mövcudluğunun səbəbinə də həddən artıq böyük şübhə yaratmağa rəvac verdi. Bundan sonra rus sülhməramlıları güya kəndlərə “ciddi” nəzarət etməyə başladılar… Lakin 27 dekabrda Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum etdi. Nəticədə Azərbaycan Ordusunun bir nəfər hərbi qulluqçusu şəhid oldu, daha bir əsgər isə yaralandı.
Baş verənlərin qarşılığında rus sülhməramlılarının silahlı ermənilərə qarşı kifayət qədər yumşaq və loyal münasibəti apaydın özünü büruzə verdi. Bütün bunlar Azərbaycan xalqında belə bir fikir formalaşdırır ki, rus sülhməramlıları ermənilərin ərazidən getməsində heç də maraqlı görünmür.
9 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə verdiyi bəyanatında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verildiyi bildirildi. İstintaq zamanı erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndərildiklərini bildirdilər.
Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmaması, onların qondarma “respublikanın” silahlı qüvvələri kimi qələmə verilməsi bölgədə erməni təxribatlarına açıq-aşkar yaşıl işıq yandırmaqdır.
Azərbaycan Müdafiə Nazirliyi avqustun 11-də 10 noyabr Bəyanatından keçən son 9 ayda ilk dəfə olaraq rus sülhməramlılarına xəbərdarlıq etdi. Bildirildi ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Əks halda Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətində qalacaq.
Xalqımızın, dövlətimizin niyyəti budur ki, Qarabağda Ermənistanın hərbi cinayətinə, təcavüzünə son qoyulsun, işğalçı ordunun tör-töküntüləri ərazimizi tərk etsin. Amma həm ermənilər, həm də rus sülhməramlıları hələ ki üzərilərinə götürdükləri öhdəliklərdən boyun qaçırmağa cəhd edirlər. Şübhəsiz ki, Azərbaycan belə cəhdlərin davam etməsini heç vaxt qəbul etməyəcək.
Digər tərəfdən ermənilərin Azərbaycan torpaqlarını atəşə tutması ilk növbədə Rusiyanın sülhməramlı missiyasına zərbə vurur.
Bugünlərdə Xankəndidə yaşayan bir qrup erməni Rusiya sülhməramlı hərbçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildiriblər. Həmçinin Azərbaycan dövlətindən iş istəyiblər. “Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndidə iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin”, – deyə ermənilər Azərbaycan hərbçilərindən xahiş ediblər. Təbii ki, Azərbaycan hərbçiləri həmin ermənilərin xahişlərini lazımi dövlət qurumlarına çatdıracaqlarına söz veriblər. Sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndinə geri qayıdıblar.
Xankəndidə isə özünü qondarma “DQR-in xarici işlər naziri” kimi təqdim edən David Babayan iddia edib ki, guya, atəşkəsi məhz Azərbaycan tərəfi pozur və bu da ermənilərin qorxmasına hesablanıb. “Azərbaycan planlı şəkildə hərəkət edir. Erməni mediasının özü də bilmədən Azərbaycanın maraqlarını qoruduğu da diqqəti çəkir. Çünki havaya bir güllə atılan kimi mətbuat yeni müharibənin başlanmasından, faciənin baş verməsindən və əhalinin qorxu içində olmasından yazır. Nəticədə, Azərbaycan istəyinə çatır. Yəni havaya bir güllə atmaqla Qarabağda yaşayan ermənilərin qorxuya düşməsinə nail ola bilir”.
David Babayan baş verənlərdən yalnız Qarabağ ermənilərinin deyil, həmçinin xaricdə yaşayan ermənilərin də qorxduğunu etiraf edib. “Bundan başqa, bu gün Qarabağda xaricdə yaşayan erməni həmvətənlərimiz bir sıra layihələr həyata keçirmək istəyir, investisiya qoymaq istəyir. Belə hadisələr fonunda onlar da qorxurlar, fikirlərini dəyişirlər”.
Onu da qeyd edək ki, Qarabağ məsələsi erməni xalqını maraqlandırmır. Necə deyərlər, xalq öz gündəlik məişət qayğısının hayındadır. ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun Ermənistanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, erməniləri daha çox maraqlandıran onların sosial-iqtisadi vəziyyətləridir. Qarabağ məsələsi ermənilərin yalnız 9 faizini, sərhəd problemləri 5 faizini, Ermənistanın milli təhlükəsizliyi cəmi 3 faizini maraqlandırır.
Hazırda Ermənistan əhalisinin 36,7 faizi kəndlərdə, 63,3 faizi isə şəhərlərdə yaşayır. Yerlərdə həyat şəraitinin ağırlığı kəndlərin sürətlə boşalmasına gətirib çıxarıb. Rəsmi məlumata görə, təkcə Lori vilayətində 15 il ərzində 38 mindən çox insan vilayəti tərk etməyə məcbur olub.
Bu gün Qarabağda atəşkəsin Ermənistan tərəfindən pozulması və başqa təxribatlar ilk növbədə elə erməni xalqının dinc həyatına təhdiddir. Azərbaycan xalqı isə öz ərazi bütövlüyü və sərhəd təhlükəsizliyi çərçivəsində həmişə sülhün tərəfdarıdır.

