Gözəl təbəssümə sahib olmaq istəyirsinizsə…
Əksəriyyətimiz Holivud aktyorlarının fəxrlə nümayiş etdirdiyi parlaq ağ gülüşə sahib olmaq istəyərik. Tədqiqatlar göstərir ki, insanların 15-52 faizi dişlərinin rəngini bəyənmir.
Ağ dişlərin cəlbedici olduğu qədər, sağlam olması da çox önəmlidir. Sən demə, dişlərimizin rəng tonu onların daxili rəngindən asılıdır. Bunun bir hissəsi genlərimiz və yaşımızdan asılı olduğu halda, qalanı siqaret, qida, içki və müəyyən dərmanların yaratdığı ləkələrə görədir. Yaşlandıqca mina qatı yeyilərək altdakı dentini üzə çıxarır və dişlər saralır.
Nyu York Universitetindən Mark Volff tərəfindən aparılan bir tədqiqatda inəyin dişləri 60 dəqiqə qara çayda, qırımızı və ya müxtəlif konfiqurasiyalı ağ şərabda saxlanılıb. Qırmızı şərabın daha çox ləkə saxladığı heç kəsi təəccübləndirməyib.
Qara çay isə çox maraqlıdır ki, ləkə buraxmayıb. Yalnız qara çaydan əvvəl ağ şəraba batırılan dişlərdə qara çay iz qoyub. Görünür ki, şərabın turşu tərkibi minanı daha məsaməli etdiyinə görə çayın izi qalıb. Çay və qəhvə fincanın içində ləkə qoyduğu qədər, dişləri də ləkələyir.
Sədəf kimi ağ dişlərə sahib olub, diş əti infeksiyası və ya kariesdən əziyyət çəkmək də mümkündür. Həmçinin sarımtıl və ya qəhvəyi tonlu, lakin mükəmməl dərəcədə sağlam dişləriniz ola bilər.
Bir ləkə növü də var ki, tədqiqatçılar onun dişləri çürüməkdən qoruduğuna inanırlar. Bu, diş əti ilə dişlərin bitişdiyi sıra boyunca görünən qara xətdir. Qara ləkənin səbəbləri yarım əsrdən çoxdur dəqiqləşməsə də, onun kalsium, fosfat, müxtəlif bakteriyalar və müəyyən növ dəmir yaxud mis tərkibinin birləşərək qara çalar yaratması ilə formalaşdığı düşünülür. Bəzi araşdırmalarda isə qara ləkəli dişi olan uşaqlarda diş çürüməsi şansının aşağı olduğu müəyyənləşib. Ləkədəki mikrobların müdafiə əhəmiyyəti daşıdığı zənn edilir.
Əlbəttə ki, bəzi hallarda rəng dəyişməsi çürümə və ya başqa xəstəliyə işarə olur. Buna görə də diş həkiminizlə məsləhətləşmənizdə fayda var. Amma ən azından indi öyrənmiş olduq ki, bəmbəyaz Holivud təbəssümünə malik olmamaq sağlam olmayan dişlər mənasına gəlmir.

