Azərbaycan Berlində açılan “Fruit Logistica” beynəlxalq ərzaq sərgisində təmsil olunur
ARANTV.AZ xəbər verir ki, Azərbaycn, Berlində açılan “Fruit Logistica” beynəlxalq ərzaq sərgisində təmsil olunur. Ölkəmizdə yetişdirilən meyvə-tərəvəz və emal sənayesinin məhsulları “Made in Azerbaijan” brendi ilə sərgilənir.
Almaniyanın paytaxtı Berlində keçirilən “Fruit Logistica 2019” beynəlxalq sərgisində meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın 14 şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Vahid brend altında öz məhsullarını təqdim edən sahibkarlar bu tipli sərgidə iştirakın ixracatçının məhsul üzrə istehsal potensialını ortaya qoyduğu qənaətindədirlər. Çünki, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak qeyri-neft məhsullarının ixrac potensialını artırır. Azərbaycan istehsalçısı üçün yeni bazarlara çıxmaq imkanı yaradır.
Milli stendimizdə sərgilənən yüksək keyfiyyətə malik Azərbaycan məhsullarından ziyarətçilər də razı qalır. İnsanların fikrincə, Azərbaycan məhsulu daha təbii və insan sağlamlığına zərərsizdir.
Ümumilikdə, dünyanın 80-dən çox ölkəsindən olan 3000-dən artıq şirkətin məhsullarının nümayiş olunduğu “Fruit Logistica” sərgisinin virtual kataloqlarında, meqa-bordlarında və bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərgidə “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.

