Zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, İsmayıllı ərazisində qeydə alınan zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir. Mütəxəssislər ziyan dəyən binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, İsmayıllı ərazisində qeydə alınan zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir. Vəziyyət tam nəzarətə götürülüb. Aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdiriliblər. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zərərçəkmiş sakinlərlə görüşən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri ərazilərə baxış keçirib. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib. Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək. Eyni zamanda, təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.
Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırma nəticəsində müvafiq qərar qəbul olunacaq.

