Ermənistanın iflasdan çıxış yolu Azərbaycanın təklif etdiyi «3+3» formatına qoşulmaqdan keçir
Zəngəzur dəhlizi region üçün yeni həyat yolu ola bilər
Azərbaycan məğlub Ermənistan istisna olmaqla qonşu ölkələrlə hər zaman əməkdaşlıqda maraqlı olub və indiyə qədər müxtəlif layihələr həyata keçirib. Ölkəmizin Türkiyə, Rusiya, İran və Gürcüstanla birlikdə reallaşdırdığı müxtəlif beynəlxalq layihələr ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Məhz bu layihələr iqtisadiyyatımızın sürətli inkişafında mühüm rol oynayıb.
Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır. Belə olan təqdirdə «3+3» formatı reallaşa bilər. Bu formatın reallaşması ilk növbədə Ermənistanın düşdüyü acınacaqlı durumdan qurtuluşu ola bilər.
Prezident İlham Əliyev də vurğulayır ki, Ermənistan Azərbaycanla hesablaşarsa, yeni formatın yaranması ilə bağlı danışıqlar aparmaq olar. Bu gün artıq nikbinliyə səbəb olan digər amil odur ki, qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşür. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Ölkəmizin başçısı deyir ki, əgər təkcə Zəngəzur dəhlizinə fikir versək, bunun Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın maraqlarına cavab verdiyini aydın şəkildə görə bilərik. Yəni bu dəhlizin yaradılması, işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
Prezident bildirir ki, əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda, əlbəttə, bölgəyə uzunmüddətli sülh gələcək. Buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi iki ölkənin də maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi Ermənistanın da maraqlarına xidmət edəcək. Belə ki, dəhliz fəaliyyətə başlayandan sonra Ermənistan dəmir yolu vasitəsilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada biləcək. Bu günə qədər bu əlaqə yoxdur. Əgər dəhliz açılarsa, Ermənistan üçün yeni fürsətlər ortaya çıxacaq.
Mütəxəssislər hesab edirlər ki, Azərbacanın təklif etdiyi «3+3» əməkdaşlıq formatının ideyası, əsasən, Azərbaycan, Türkiyə və Rusiya əməkdaşlığını nəzərdə tutur. Amma İran, Gürcüstan və Ermənistanın bu əməkdaşlıqda iştirakı bölgənin perspektiv təhlükəsizliyini gücləndirə bilər. Bu, həm də iqtisadi əməkdaşlığın işğaldan, bir-birinə qarşı ərazi iddiasından perspektivli olduğunu ortaya qoya bilər. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan arasında regional əməkdaşlıq öz bəhrəsini verib.
«CNN Türk» kanalına müsahibəsində Prezident İlham Əliyev bu formatın perspektivini dəyərləndirərkən ümid etdiyini bildirib ki, digər ölkələr də buna qoşulacaqlar. Ancaq reallıq budur ki, Gürcüstan tərəfi hələ buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər.
Qonşu İran İslam Respublikasının da bu formatda iştirakı müzakirə mövzusudur. Prezident İlham Əliyev «CNN Türk» kanalına müsahibəsində bu məsələyə də toxunaraq qeyd etmişdi ki, İranda indi yeni rəhbərlik hakimiyyətə gəlib və hazırda onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq yeni rəhbərliyə bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoyması üçün vaxt lazımdır. Yaxın zamanlarda İranın mövqeyi bəlli olduqdan sonra məsələ gündəmə gələcək.
Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, qeyri-müəyyən bir dövr sayılır. Çünki heç kim əvvəlcədən bu dövrdə proseslərin necə inkişaf edəcəyini müəyyənləşdirə bilməzdi. Amma bütün çətin dövrlərdə verdiyi qərarlarla, həyata keçirdiyi islahatlarla Azərbaycanın Zəfərini təmin edən Prezident İlham Əliyev bu dövr üçün də hədəflər müəyyənləşdirmişdir. İndi Azərbaycan öz iqtisadi qüdrətindən yararlanmaqla postmüharibə dövrünün reallıqları əsasında inkişafını davam etdirir. Yəni dövlətimizin başçısının müharibədən sonra gələcək addımlarla bağlı müəyyənləşdirdiyi «yol xəritəsi» ilə Azərbaycan Cənubi Qafqazdakı mövqeyini getdikcə daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması isə ölkəmizin iqtisadi qüdrətini daha da yüksəldəcək.
Azərbaycan dövlətinin təklif etdiyi yeni format iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir. Bu format «Zəngəzur dəhlizi» də daxil olmaqla, nəqliyyat coğrafiyasını dəyişmək gücündədir. Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmir yolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Beləliklə, Azərbaycan Prezidentinin irəli sürdüyü və Rusiya, Türkiyə tərəfindən dəstəklənən yeni əməkdaşlıq platforması Ermənistan qarşısında artıq qurulu olan regional iqtisadi əməkdaşlıq sisteminin qapılarını açır. Əslində, Ermənistanın başqa bir alternativi də yoxdur. Reallıq ondan ibarətdir ki, əgər Ermənistan iqtisadiyyatını dirçəltmək və ölkə əhalisini acınacaqlı durumdan qurtarmaq istəyirsə, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə qurulan platformaya qoşulmalıdır. Əks təqdirdə, yenə də uduzan tərəf Ermənistan olacaqdır.

