Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza beşinci səfəri, Şuşanın baş planının təqdim olunması bu reallığın təsdiqidir
Dövlətimizin başçısı İlham Əliyevin avqustun 29-da mədəniyyət paytaxtımız Şuşaya beşinci dəfə səfəri, bu cənnət məkanda görülən işlərlə tanışlığı, baş planın təqdim edilməsi Qarabağın tacının qısa müddətdə dirçələrək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, cənab İlham Əliyev ilin əvvəlində Şuşaya ilk səfəri zamanı Füzuli rayonunda Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Böyük Qayıdışın başlandığını, bütün işlərə start verildiyini önə çəkən cənab İlham Əliyev bu əminliyini ifadə etmişdir ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri ikinci Novruz bayramına təsadüf etdi. Cıdır düzündə Novruz tonqalının yandırılması Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları özündə ehtiva etdi. Şuşadan ayrılarkən Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı» fikirlərini söyləyərkən bu səfərlərin davamlı olacağını, bundan sonra daim bu torpaqlarda olacağımıza əminliyin ifadəsi idi.
Vətən müharibəsi xaqımızın vaxtilə itirilmiş qürurunu özünə qaytardı. İşğalçı qüvvələr bizim üçün müqəddəs Şuşamızda heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişdilər. Bütün dünya artıq bundan xəbərdar idi. Ermənistanın baş naziri Nikol Paşinyan Cıdır düzündə “Yallı” getmişdi. Bu gün izi-tozu da qalmayıb burada. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində bayraq, ürəklərində Vətən sevgisi ilə. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
44 günlük İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik. Ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaq. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirmişdir ki, biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.
Münaqişənin həlli ilə bağlı təqribən 30 il davam edən danışıqlar prosesində Ermənistanın yalnız bir məqsədi olmuşdur. Bu da danışıqları sonsuz və faydasız etmək idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi.
Qeyd olunan səfərlər çərçivəsində ermənilərin dini abidələrimizi, məscidləri dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirmişdir. Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. Ermənilər həmin yarımçıq dağıdılmış məsiddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar. «Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular» söyləyən ölkə Prezidenti bu statistikanı da diqqətə çatdırmışdır ki, ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.
Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük müharibə dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandıracaq və havadarları onların başına sığal çəkərkən hansı bəhanəni səsləndirəcəklər? Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər müharibə qurtaran kimi dərhal erməni xalqının abidələrinin qorunması ilə bağlı fikirlər səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayırlar. Hansısa dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da bunu bilir. Dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanlamışdı.
Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları dövründə də ölkə Prezidentinin hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri yumruğumuzla göstərdik. Bu yumruq təkcə düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəylimizdir.
Beynəlxalq təşkilatların təmsilçiləri də işğaldan azad edilmiş ərazilərə səfər edərkən hər yerdə eyni faciəni gördüklərini bildirmişdilər. Şəhərlər, qəsəbələr, kəndlər tamamilə dağıdılmış, yerlə-yeksan edilmişdir. Bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Cənab İlham Əliyev hər zaman bu reallığı vurğulayır ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır: «Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam.»
İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
Ölkə Prezidentinin “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik» fikrinə istinadən qürurla deyə bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq o əminlik reallıqda öz əksini tapıb. «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”» söyləyən cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ilə bir daha bu tezisin reallıqda öz əksini tapdığını göstərir. Azərbaycan Ordusu Ermənistan ordusundan fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan, bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur. “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq” söyləyən cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik. Dövlətimizin başçısının hər səfərində havanın da günəşli, səmanın açıq, mavi olması səbəbsiz deyil. Artıq torpaqlarımız sahibinə qovuşmalarının sevincini yaşayırlar.
Qarabağın tacı bu sevinci mayın 12-13-də «Xarıbülbül» musiqi festivalına, iyunun 15-də Milli Quruluş Günündə Azərbaycan ilə Türkiyə arasında imzalanan, Şuşa Bəyannaməsinə şahidlik edəndə yaşadı. «Xarıbülbül» musiqi festivalının Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildi. Bu, bir daha Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, milli ruha bağlılığının təsdiqi oldu.
Cənab İlham Əliyevin Qarabağın tacı Şuşamıza səfərlərinin hər biri mühüm məqamlarla yadda qalır. Avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olundu. Şuşa şəhərinin baş planında tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. Ölkə Prezidenti İlham Əliyev 1-ci məhəllənin təməlini qoydu. Artıq dövlət başçısı İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən böyük qürur və fərəh hissi ilə söylədiyi «Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa biz səni dirçəldəcəyik!» fikirlərin reallığa çevrildiyinin təsdiqidir. 28 il əsarətdə qalsa da əyilməyən, milli qururumuzu, kimliyimizi qoruyan Şuşa, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza hər səfərini böyük sevinclə qarşılayır, bərpa və quruculuq istiqamətində mühüm hadisənin şahidi olur.
Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev «İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq» fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırmışdır ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq: «Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.»

