“Gənclər sevgidən uzaqlaşır, evliliyə oyun kimi baxır”- Millət Vəkili
“2018-ci ilin 12 ayı ərzində Ədliyyə Nazirliyinin müvafiq şöbəsində 13655 boşanma halı qeydə alınıb. Bu o deməkdir ki, həmin il hər ay 1137 ailə dağılıb”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin Ailə və uşaq problemləri komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı “”Gənclər və ailə: ənənə və müasir baxış” adlı konfransda deyib. Onun sözlərinə görə, əvvəllər ailələrdə boşanmanın səbəbi kimi sonsuzluğu əsas gətirirdilər: “Ancaq indi bu səbəb yoxdur. Uşaqlı ailələr də boşanır. 1 uşağı olan ailələrdə boşanma faizi 71 faizə çatıb. Biz bunla hara gedirik? Əvvəl ailədə körpə dünya gəlirdisə, ailənin məqsədi onu böyütmək idi. Bu gün gənclər hansısa şərtlərlə evlənir. Son vaxtlar ev, maşın, mülk üstünlük təşkil edir. Gənclər sevgidən uzaqlaşır, evliliyə oyun kimi baxırlar. Toya limuzinlə gəlmək, Maldiv adalarında gəzmək yada düşür. Hər ay bizim qəbulumuza ən azı 30 nəfər seçici ailə problemləri ilə bağlı müraciət edir. Müraciətlər də mülk aliment davalarıdır. Qəbula gələnlər də əsasən valideynlərdir. Gənclər ailə quranda bu haqda ciddi düşünmürlər. Tərəflərin bir-birini tanımaması, kənar müdaxilələr, məcburiyyət halları və məişət zorakılığı özünü göstərir”.
***
“Bu gün Azərbaycan gəncliyinə, Azərbaycan ailəsinə qarşı iki istiqamətdə təsir var”.
ARANTV.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
G.İsmayılov bildirb ki, bunlardan biri Qərbdən gələn ultra müasirlik, digər təsir isə Şərqdən gələn ultra dindarlıqdır:
“Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəflərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünün həyat tərzi, mədəniyyəti var, adət ənənələri var. Bu baxımdan bizim Şərqlə şəriətimiz eyni olsa da mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malaziyalı, farslarla, iranlılarka, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ərəb qardaşlarımız gəldi, din ilə bağlı müəyyən işlər apardılar, ancaq din pərdəsi altında öz mədəniyyətini, həyat tərzini də bizə təqdim etdi. Yəni əgər mən onun təbliğatı nəticəsində dindar oldumsa, həyat tərzim də ona bənzədi. İrandan fars qardaşım gəldi mənə dini təbliğ etdi və din altında öz mədəniyyətini də təbliğ etdi. Nəticə də mən dindar oldum, amma İran həyat tərzinin təsiri altına düşdüm .Anadoludan qardaşımız gəldi, dini öyrətdi, nəticədə dindar olduq, amma həyat tərzimiz də dəyişdi. Nəticə dindarlarımızın bir hissəsi ərəbləşmə, bir hissəsi farslaşma, bir hissəsi isə anadolu türkü istiqamətində getdi. Bəzən deyirik ki, dindarlarımızın sayı artıdıqca azərbaycanlıların sayı azalır. Mənim qardaşım dindarlaşdı, ancaq ərəb, iran, anadolu türk mədəniyyətinin təsiri altına düşdü”.
Komitə sədrinin müavini vurğulayıb ki, biz dindarlaşa bilərik, dinimizə sahib çıxa bilərik, amma dindarlaşma heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: “Eyni zamanda Qərbdən gələn təsirdən ingilisləşmə, fransızlaşma amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.qafqazinfo

