“Patı” satan səhifələrlə bağlı hansı tədbirlər görülür? – Nəcəf Aydınoğlu ilə MÜSAHİBƏ
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu Sonxeber.az saytının qonağı olub.
Onunla müsahibəni olduğu kimi oxuculara təqdim edirik:
-Nəcəf bəy, ilk olaraq, son 8 ayda Daxili İşlər Nazirliyi tərəfindən narkotiklə mübarizə ilə bağlı aparılan tədbirlər barədə məlumat verərdiniz?
– 2021-ci ilin 8 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin satışı ilə məşğul olan 3101 nəfər saxlanılıb. Saxlanılan 3101 nəfərdən 2 ton 297 kiloqram narkotik, 207 kiloqram psixotrop maddə, yəni insanlar arasında “patı” (“şüşə”) kimi tanınan metamfetamin aşkar olunub. Təkcə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 ton 23 kiloqram narkotik vasitə və 125 kiloqram psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
-Son 1 ildə “patı” kimi tanınan metamfetaminin geniş yayılmasının səbəbi nədir?
– İlk olaraq, metamfetamin maddəsinin yaranması ilə bağlı məlumat vermək istəyərdim. Daha öncə də qeyd etdiyimiz kimi, metamfetamin insanlar arasında “patı” (“şüşə”) kimi tanınır. Bu maddənin yaranması 1893-cü ilə təsadüf edir. İlkin mərhələdə psixotrop tərkibli həmin maddə dərman vasitəsi kimi istifadə olunub. Daha sonra isə bu dərman vasitəsinin tərkibi bəzi psixotrop maddələrlə zənginləşdirilərək narkotik vasitəsi səviyyəsinə çatdırılıb. Narkotacirlər isə süni şəkildə həmin narkotik maddənin artırılmasına maraqlı olublar. Nəticədə, metamfetamin insanlar arasında narkotik maddə kimi geniş yayılıb. Bu maddə narkotik və sintetik tərkiblidir. İnsanlarda hallüsinasiyanı artırmaqla, 6-24 saat ərzində təsir edir. Bu maddədən cəmi bir dəfə istifadə ondan asılı vəziyyətə salır. Metamfetamin insanda həm fiziki, həm də psixoloji pozuntular yaradır. Hətta bu maddədən istifadə bədəndə cürümələrə də gətirib çıxarır. Bu maddədən istifadə, həmçinin, insanda yuxu pozulmalarına da səbəb olur.
Metamfetamin və digər narkotik maddələrin insanlar arasında geniş yayılması üçün narkotacirlər sosial şəbəkələrdə xüsusi səhifələr yaradırlar. Bu səhifələr vasitəsi ilə də onlar insanlar arasında doğru olmayan fikirlər formalaşdırırlar. Metamfetamin maddəsinin qadınlara arıqlamağa kömək etməsi və şagird-tələbələrin yaddaşını gücləndirməsi ilə bağlı saxta məlumatlar yayılır. Bu iddialarla bağlı qeyd etmək istəyirəm ki, metamfetaminin insanlarda yaratdığı arıqlama prosesi düzgün hesab olunmur. Yəni metamfetaminin səbəb olduğu arıqlama psixi və fiziki pozulmalara səbəb olur. “Patı”nın insanlar arasında geniş yayılmasına səbəb narkotacirlərin sosial şəbəkələrdəki səhifələri vasitəsi ilə formalaşdırdıqları yalnış rəydir.
– “Patı”nın son dövrlərdə daha əlçatan olmasının səbəbi qiymətinin ucuz olmasıdır, yoxsa bu narkotik maddənin satışı ilə məşğul olan insanların aktivləşməsi?
– Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı apardığımız mübarizələrdən biri də onların mənfi təsiri ilə bağlı təbliğat tədbirləridir. Bu işlərlə bağlı KİV bizə yaxından kömək göstərir. Bəzi sosial şəbəkə istifadəçiləri metamfetamin və digər narkotik vasitələrin geniş yayılmasını və qiymətinin aşağı düşməsini onların ölkə ərazisində istehsalı ilə əlaqələndirirlər. Amma qeyd etmək istəyirəm ki, tərəfimizdən aparılan əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində istehsalı ilə bağlı səsləndirilən iddialar öz əksini tapmayıb.
Qiymətlərin aşağı salınmasında əsas məqsəd narkotik vasitələrin satışı deyil. Bilirsiniz ki, Azərbaycan əlverişli təbii çoğrafiyada yerləşir. Narkotacirlər də Asiyadan, Avropaya gedən bu xətdə öz qaçaqmalçı addımlarını həyata keçirməyə və ölkə ərazisində narkotik vasitələrdən istifadə edən şəxslərin sayını artıraraq, özlərinin potensial narkokuryer bazalarını formalaşdırmağa çalışırlar. Narkotik istifadə edən şəxs onlar üçün həm də potensial narkokuryerdir. Onlar bu narkokuryerlərdən istifadə edərək Asiyadan (yəni istehsal edən ölkədən) Avropaya (yəni istehlakçı dövlətlərə) narkotik vasitələrin qaçaqmalçılıqla daşınmasını sürətləndirməyə çalışırlar. Yəni metamfetamin maddəsinin, “kokos” və heroin kimi narkotik maddələrin istehsalı ilə bağlı heç bir fakta rast gəlinməyib. Həmin narkotik vasitələr ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir.
– İddialar var ki, narkotik maddələr sosial şəbəkələrdə yaradılan səhifələr vasitəsi ilə açıq şəkildə satılır. Həmin səhifələri istifadə edən şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən hansı tədbirlər görülür?
– Azərbaycanda yaşayıb, xaricdəki narkotacirlərlə əlbir olan və narkokuryerlik işi ilə məşğul olan şəxslər “Facebook”, “İstagram” və digər sosial şəbəkələrdən istifadə edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və təbliğatı ilə məşğuldurlar. Bu, narkotik vasitələrin təmassız dövriyyəsi hesab olunur. Yəni alanla satan bir-birini görmədən narkotik vasitənin dövriyyəsi ilə məşğuldurlar. Yəni narkotik vasitəni alan şəxs sosial şəbəkədə əsasən narkotacirlə – həmin səhifələri idarə edən şəxslə – tanış olur, onların qeyd etdiyi bank hesablarına narkotik vasitələrin pulunu göndərirlər. Pul onlara çatdıqdan sonra narkotacir ölkə daxilindəki narkokuryerlərə həmin ünvanlara narkotik vasitələrin və psixotrop maddələrin yerləşdirməsi ilə bağlı göstəriş verir. Bu yolla alıcı sifariş etdiyi narkotik vasitəni götürür.
Narkotik vasitələrin onlayn satışı ilə məşğul olan şəxslərin və satışdan əldə edilən “çirkli pullar”ın dövriyyəsi ilə məşğul olan insanların məsuliyyətə cəlb edilməsi istiqamətində işlər həyata keçirilir. Artıq cari il ərzində narkotik vasitələrin satışından və qanunsuz dövriyyəsindən əldə olunan 220 min manatdan çox pul dövlət hesabına köçürülərək istintaq orqanlarına təqdim olunub. Ümumilikdə isə, onlayn yolla satılan 110 kiloqramdan artıq psixotrop maddə və 550 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
-Nəcəf bəy, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə daxilində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilir. Bəs ölkə xaricində olan narkotacirlərin saxlanılamsı istiqamətində hansı tədbirlər görülür?
– Bu məsələ ilə bağlı bildirmək istəyirəm ki, ölkə daxilində narkokuryerlərdən əldə edilən narkotik vasitələr dövriyyədən çıxarıldıqdan sonra bununla bağlı bir sıra sənədləşdirmə işləri aparılır və iş müvafiq istintaq orqanlarına təqdim olunur. Ölkə xaricində olan şəxs kimliyi təyin olunduqdan sonra saxlanılaraq ya ölkəyə gətirilir, ya da həmin dövlətin qanunlarına uyğun cinayət məsuliyyətinə cəlb olunur. Bununla bağlı cari ildə tərəfimizdən müvafiq tədbirlər görülüb.
– Bu gün səsləndirilən fikirlərdən biri də “patı”nın bəzi apteklərdə satışının həyata keçirilməsi barədədir. Bununla bağlı tərəfinizdən hər hansı faktlar aşkarlanıbmı?
– Cari il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş tədbirlər həm də aptekləri əhatə edir. Bir sıra narkotik tərkibli dərmanların resept olmadan, qanunsuz satışı ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb olunub. Bu məsələylə bağlı tədbirlər hazırda da davam etdirilir.
– Narkotik vasitələrdən istifadə edən və satışı ilə məşğul olan şəxslər daha çox hansı yaş kateqoriyasını əhatə edir?
– Narkotik vasitələrdən istifadə edən şəxslər arasında gənclər üstünlük təşkil edir. Sosial şəbəkələr vasitəsi ilə narkotacirlər gənclərlə əlaqəyə girərək narkotik vasitələrin satışını həyata keçirirlər. Daxili İşlər Nazirliyinin əməkdaşları, səhiyyə, təhsil işçiləri və valideynlər tərəfindən narkotik vasitələrdən istifadə edən gənclərin, yeniyetmələrin bu bəladan uzaqlaşdırılması ilə bağlı dəstək verilir. Təəssüf ki, narkotik vasitələrin satışı ilə məşğul olanlar orta yaş təbəqəsi, yəni artıq valideyn olmuş şəxslərdir. Bu məsələdə vətəndaşlarımızın diqqətli olmasını xahiş edirik.
– Bəzi xarici ölkələrdə narkotik istifadəçiləri xəstəxanaya yerləşdirilirlər. Bəs bizdə narkotik vasitələrdən istifadə edənləri hansı cəza gözləyir?
– Hazırda ölkədə narkotik vasitələrdən istifadə edən 33 mindən artıq şəxs var. Həmin şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar fəaliyyət göstərir. Narkotik vasitələrdən istifadə edən şəxslərin yaxınları, ailə üzvləri o xəstəxanalara müraciət edərək həmin şəxslərin müalicəsini həyata keçirə bilərlər. Bəzi hallarda narkotik vasitələrdən istifadə edən şəxslər məhkəmələr tərəfindən məcburi şəkildə müalicəyə cəlb olunurlar. Polis əməkdaşları narkotik vasitələrdən istifadə edən şəxslərlə ailə üzvləri və cəmiyyət arasında baş verə biləcək hadisələrlə bağlı tədbirlər həyata keçirir, onlarla danışıqlar aparıb, müalicə üçün xəstəxanaya yerləşdirirlər.
Xüsusilə Azərbaycan ərazisində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və üzərində daşıyan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq maddələr mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi şəxsi istehlak müddətindən artıq narkotik vasitələrin və psixotrop maddələrin üzərində daşınması ilə bağlıdır. Satış məqsədi ilə külli miqdarda narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxs 234.4.3 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Qeyd etdiyim sonuncu cinayət bir qrup şəxs, yəni mütəşəkil dəstə tərəfindən həyata keçirilərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həm 234.1, həm də 234.4.3 maddəsi ilə məsuliyyətə cəlb olunur. Həmin narkotik maddələri qaçaqmalçı yolu ilə əldə edən şəxs, əlavə olaraq, həm də Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunur. Qeyd edim ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin narkotik vasitələrin qanunsuz daşınması və satışı ilə məşğul olmaı faktı sübuta yetirilməsə, həmin insan şübhəli şəxs qismində həbs edilməkdən azad edilir.
-Qanunsuz dövriyyədən çıxarılan narkotiklər hansı qaydada məhv edilir?
– Yaxalanan şəxslər tərəfindən əldə olunmuş narkotik vasitələr və psixotrop maddələr xüsusi yerlərdə saxlanılır. Ələ keçirilən narkotiklərin məhv edilməsi ilə bağlı qərar məhkəmələr tərəfindən saxlanılan şəxslər barədə qəbul olunan hökmdə də qeyd edilir. İldə iki dəfə, ayrılmış müvafiq yerdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələr məhv edilir.


